BMU ilə “AVT Logistics” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "AVT Logistics" MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Sənədi universitetin rektoru professor Havar Məmmədov və “AVT Logistics” MMC-nin İdarə Heyətinin sədri Anar Adilzadə imzalayıblar.

 

Müqavilədə ali təhsil müəssisəsi tələbələrinin ixtisas üzrə təcrübəsinin təşkili, logistika və nəqliyyat sahəsində elmi-texniki nailiyyətlərin müəssisədə tətbiqinin təmin olunması, elmi-tədqiqat layihələrində birgə fəaliyyət, tədris proqramları üzrə seçmə fənlərə müəssisə tərəfindən təklif olunan istiqamətlərin daxil edilməsi, müasir bilik və təcrübənin universitetdə istifadəsi və s. kimi əməkdaşlıq istiqamətləri yer alıb.

 

İmzalanma tədbirində rektor H.Məmmədov universitetin təhsil mühiti, tədrisin bütün səviyyələrində sənayenin müxtəlif sahələrində çalışacaq yüksəkixtisaslı və işgüzar kadr potensialının yetişdirilməsi, xüsusən mühəndislik fakültəsində nəqliyyat və logistika ixtisasları üzrə kadrların hazırlığı haqda məlumat verib.

 

H.Məmmədov universitet ilə istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsi, ali təhsil proqramlarının tərkib hissəsi kimi tələbələrin təcrübəsinin təşkili, nəzəri biliklərinin möhkəmləndirilməsi və sonrakı əmək fəaliyyətində istifadəsi, eləcə də tələbələrin işlə təminatı kimi məsələlərin əhəmiyyətini diqqətə çatdırıb. Bu baxımdan BMU-nun özəl və dövlət qurumları ilə qurduğu əlaqələri önə çəkən rektor “AVT Logistics” MMC ilə də müvafiq istiqamətlər üzrə əməkdaşlığın yaradılmasını yüksək dəyərləndirib.

 

BMU ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük maraq göstərdiklərini vurğulayan “AVT Logistics” MMC-nin İdarə Heyətinin sədri Anar Adilzadə təmsil etdiyi qurumun fəaliyyəti, tələbələr üçün təcrübə və karyera imkanları, işə qəbul strategiyası, həmçinin kadrların peşəkarlığının daha da artırılması üçün şirkət tərəfindən yaradılan mühit və s. məsələlər barədə ətraflı bəhs edib.

 

Sonra tədbirdə gələcək əməkdaşlığın əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

 

 



06.06.2023 | 11:24