Alimlər canlıların davranışına əsaslanan süni intellekt alqoritmləri təklif edirlər

İnsan tarixən təbiətdən qidalanmaq üçün istifadə edib. Son zamanlar artıq insan təbiətdən öyrənməyə başlayır, hər bir canlını tədqiq edərək, onun intellektini mənimsəməyə cəhd edir. Alimlər canlıların davranışına əsaslanan çoxlu sayda süni intellekt alqoritmləri təklif edirlər.

 

Bu barədə AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika elmləri doktoru Ramiz Alıquliyev məlumat verib.

 

Alim diqqətə çatdırıb ki, süni intellekt insanın və digər canlıların intellektini və davranışını təqlid etməkdir. Süni intellektin tərifləri əsas etibarilə 4 qrupa bölünür: insan kimi düşünən, insan kimi fəaliyyət göstərən, rasional düşünən və rasional fəaliyyət göstərən sistemlər.

 

R.Alıquliyev süni intellekt və onun inkişaf mərhələləri haqqında məlumat verərək bildirib ki, süni intellekt üçün ilkin şərtlər 1943-1955-ci illərdə yaranıb. 1956-cı ildə tanınmış amerikalı alim Con Makkarti tərəfindən “süni intellekt” termini daxil edilib. 1952-1969-cu illər erkən həvəs və yüksək gözləntilər, 1966-1973-cü illər reallıqla qarşılaşma, 1969-1979-cu illər biliklərə əsaslanan sistemlər, 1980-ci il süni intellektin sənayeyə çevrilməsi, 1986-cı il süni neyron şəbəkəsinə qayıdış, 1987-ci il süni intellektin elmə çevrilməsi, 1995-ci il intellektual agentlərə əsaslanan yanaşmanın meydana gəlməsi (botlar və s.) dövrüdür. Süni intellekt təbiətlə İKT arasında analoqların müəyyən edilməsi, davranışın modelləşdirilməsi, İKT tətbiqləri üçün modelin sadələşdirilməsi və sazlanması kimi mərhələlərdən keçib.

 

AMEA-nın müxbir üzvü R.Alıquliyev söyləyib ki, təbiətdən, biologiyadan qaynaqlanan süni intellekt alqoritmləri 1966-cı ildə Fogel tərəfindən irəli sürülmüş təkamül proqramlaşdırma ilə başlasa da, süni intellektin inkişafında genetik alqoritmlər xüsusi əhəmiyyətə malikdir. Alim təbiətdən qaynaqlanan alqoritmlərin təsnifatını təqdim edib. O qeyd edib ki, 200-dən çox təbiətdən qaynaqlanan alqoritm mövcuddur ki, onların arasında biologiyadan, bioaləmdən qaynaqlanan süni intellekt alqoritmləri üstünlük təşkil edir.

 

Azərtac

 

 



05.06.2023 | 11:15