Azərbaycan DİLİNİN qayğıkeşi və himayədarı | |
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ilin iyulun 14-də Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən Azərbaycan dilinə diqqəti və qayğısı özünü göstərmişdir. Bununla da Azərbaycanda milli dilimizin inkişafı ilə bağlı yeni dövr başlamışdır. Xalqına, dövlətinə böyük məhəbbət bəsləyən, xalqımızın işıqlı gələcəyi üçün çalışan Ümummilli Lider həm də milli dilimizin böyük təəssübkeşi idi. O, şəxsi nümunəsi ilə Azərbaycan xalqının qəlbinə əbədi həkk olunub. 1969-cu ilin noyabrında Bakı Dövlət Universitetinin (o vaxtkı Azərbaycan Dövlət Universiteti) 50 illik yubileyində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilində çıxışı SSRİ-də böyük əks-səda yaratmışdır. Bu, Ulu Öndərin xalqına, vətəninə olduğu kimi, dilinə-doğma Azərbaycan dilinə olan milli təəssübkeşliyinin ən bariz nümunəsi idi. Bununla Azərbaycan KP MK-nın I katibi kimi Heydər Əliyev milli varlığın, milli kimliyin partiyalılıq prinsipindən üstün olduğunu əyani şəkildə göstərmiş və Azərbaycan dili ilə bağlı gələcək tədqiqatların genişləndirilməsinin istiqamətlərini müəyyənləşdirmişdir. Eyni zamanda Ulu Öndərin tarixi çıxışı xalqımızda milli özünüdərk ruhunu yüksəltməklə yanaşı, milli azadlıq hərəkatında dil siyasətinin mühüm əhəmiyyət kəsb etdiyini göstərmiş oldu. Ümummilli Liderin BDU-nun 50 illiyində Azərbaycan dilində çıxışının böyük məntiqi mənası var idi. Bu da BDU-nun Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olması idi.
Heç təsadüfi deyil ki, Ulu Öndər demişdir: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır”. Azərbaycan dili ilə bağlı yazılmış dərsliklər dilimizin tədrisində mühüm əhəmiyyət kəsb etsə də, bu tipli dərsliklərin sovet hakimiyyəti dönəmində xüsusi dövlət mükafatı alması məqbul hal sayılmırdı. Ulu Öndər bu stereotipi də qırmış, bu qadağanın da obrazlı ifadə ilə desək, üstündən xətt çəkmişdir. Ulu Öndərin diqqəti və qayğısı nəticəsində ali məktəblərin Filologiya fakültəsində tədris olunan “Müasir Azərbaycan dili” fənni ilə bağlı Ə.Dəmirçizadənin “Müasir Azərbaycan dili. I hissə: Fonetika, orfoepiya, orfoqrafiya”, S.Cəfərovun “Müasir Azərbaycan dili. II hissə: Leksika”, M.Hüseynzadənin “Müasir Azərbaycan dili. III hissə: Morfologiya” və Ə.Abdullayev, Y.Seyidov və A.Həsənovun “Müasir Azərbaycan dili. IV hissə: Sintaksis”dərslikləri 1974-cü ildə Dövlət mükafatına layiq görülmüşdür. SSRİ zamanında Ulu Öndərin dilimizlə bağlı ən cəsarətli addımı isə Azərbaycan dilinin rəsmən dövlət dili statusu alması ilə bağlı olmuşdur. 1978-ci il aprelin 21-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin (73-cü maddə) daxil edilməsi məhz Ümummilli Lider Heydər Əliyevin şəxsi iradəsi əsasında həyata keçirilmişdir. Onu da əlavə etmək lazımdır ki, müttəfiq respublikaların konstitusiyasına belə bir maddənin daxil edilməsi SSRİ-də böyük şücaət tələb edirdi.
Bunu yalnız dahi şəxsiyyət Heydər Əliyev edə bilirdi.1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında ana dilimizin adlandırılması ilə bağlı keçirilən ümumrespublika müzakirəsində Ümummilli Lider həmin dövrü xatırlayaraq demişdir: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım oldu. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Siz nə üçün bizə mane olursunuz. Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu”.
Dilimizin lüğət tərkibinin zənginləşdirilməsində şair və yazıçıların xüsusi rolu var. Məhz bədii əsərlərin dilində dilimizin inkişaf səviyyəsini aydın şəkildə görmək olur. Şair və yazıçılarımız dilimizin saflığı uğrunda daim mübarizə aparmış, onun inkişafına öz töhfələrini vermişlər. Bunu xalqımızın Ümummilli Lideri Heydər Əliyev xüsusi ilə qiymətləndirmişdir: “Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər”.
Ulu Öndər Azərbaycan yazıçılarının VII qurultayında yazıçılara bədii əsərlərin dilinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti ilə bağlı demişdir: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Sovet hakimiyyəti illərində Azərbaycan dili zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir. Biz tam inamla deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır. Bu da Respublikanın bütün ədəbiyyatçılarının, Yazıçılar İttifaqının ən mühüm vəzifələrindən biridir. Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir. Dilimizin jarqon, dialekt ifadələri ilə zibillənməsinə yol vermək olmaz”.
Azərbaycan Milli Elmlər Akademiyasında ana dilimizin adının adlandırılması ilə bağlı keçirilən ümumrespublika müzakirəsində Ümummilli Lider dilimizin adının Azərbaycan dili adlandırılmasını tarixi, elmi və ictimai baxımdan əsaslandırmışdır. Dilimizin adının “türk dili”, “azəri-türk dili”, “azəri türkcəsi”, “Azərbaycan-türk dili” adlandırılmasını təklif edənlərin fikirlərinə hörmətlə yanaşaraq, öz şəxsi fikrini belə ifadə etmişdir: “Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda, bu gün deməliyik ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən, həm fəlsəfi, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düz deyil”. Beləliklə, Ulu Öndərin tarixi həqiqətə işıq tutan bu fikri dilimizin adının Azərbaycan dili adlandırılmasında bir əsas oldu və Ümummilli Liderin uğurlu dil siyasətinin nəticəsində 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına dövlət dili ilə bağlı ayrıca bir maddə (21-ci maddə) daxil edilmişdir. Həmin maddədə birmənalı şəkildə göstərilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafına və qorunmasına xüsusi diqqət və qayğı göstərmişdir. Bununla bağlı Ümummilli Lider “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Fərman, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu və ““Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli Fərman imzalamışdır. Bu fərmanlar ölkəmizdə Heydər Əliyevin dil siyasətinin həyata keçirilməsində, Azərbaycan dili ilə bağlı tədqiqatların yeni istiqamətdə aparılmasında xüsusi əhəmiyyət kəsb etmişdir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə qayğısı, diqqəti, həm də himayədarlığı Azərbaycan dili ilə bağlı proqram xarakterli dediyi sözlərdə öz əksini tapmışdır: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir”.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan dilinin qorunması və inkişafına daim diqqət göstərir. Cənab Prezidentin Azərbaycan dili ilə bağlı dediyi aşağıdakı sözlər dilimizə göstərdiyi qayğının təcəssümüdür: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”.
Prezident İlham Əliyev Azərbaycan dilinin inkişafı və qorunması ilə bağlı 12 yanvar 2004-cü ildə”Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam, 24 avqust 2007-ci ildə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” Sərəncam, 9 aprel 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı barədə” Sərəncam, 1 noyabr 2018-ci ildə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman, 17 iyul 2018-ci ildə “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu fərman və sərəncamlar Azərbaycan dilinin XXI əsrdə yeni inkişaf mərhələsinə qədəm qoymasında və dillə bağlı yeni istiqamətdə tədqiqatların aparılması üçün geniş imkanlar yaradır.
Ulu Öndər Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafında göstərdiyi tarixi xidmətləri bütün dövrlərdə Azərbaycan dilçiliyində yeni-yeni tədqiqatların aparılmasına öz töhfəsini verəcəkdir.
İbrahim BAYRAMOV, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim
|
|
03.06.2023 | 11:52 | |
|
|
|