Aşqarlar Kimyası İnstitutunun innovativ elmi işlərinin icra vəziyyəti müzakirə edilib | |
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda (AKİ) fundamental tədqiqatlarla yanaşı, tətbiqi işlərə də geniş yer verilir. Ölkə üzrə tətbiq olunan və tövsiyə edilən elmi tədqiqatın nəticələri ilə bağlı ən çox patent alan elmi tədqiqat müəssisəsi AKİ-dir. Təkcə 2022-ci ildə 37 patent alınıb, 20 patent haqqında ilkin müsbət qərar çıxarılıb. Bu ilin geridə qalan 6 ayında alınmış patentlərin sayı isə 7-yə bərabərdir.
İnstitut əməkdaşlarının müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin Yüksək Texnologiyalar Parkında (YT Park) reallaşdırılması davam etməkdədir. Texnoparkda institutda aparılan tədqiqatların nəticəsi olan müxtəlif motor və sürtkü yağları, soyuducu mayelər və digər məhsulların alınması üsulları ilə bağlı patent layihələri həyata vəsiqə qazanır. Ölkəmizin real iqtisadi inkişafına xidmət edən bu işlərin icra vəziyyəti və gələcək perspektiv planlarını müzakirə etmək üçün AKİ rəhbərliyi YT Park-da ikitərəfli görüş keçirib.
İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, AKİ-nin əsas elmi fəaliyyət istiqaməti ölkə üçün strateji məhsul sayılan sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların, korroziya inhibitorları və səthi-aktiv maddələrin sintezi və alınma texnologiyasının elmi əsaslarının işlənilməsi, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, eləcə də fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi sahəsində fundamental tədqiqatlar aparmaqdan ibarətdir: “Başqa sözlə, institut ölkəmizdə elmtutumlu, rəqabətqabliyyətli və innovativ məhsulların istehsalının birbaşa elmi-texniki əsaslandırmasını həyata keçirir, yenilikçi bizneslərin yaradılmasına dəstək verir”.
Onun sözlərinə görə, YT Park və Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan sürtkü yagları və digər sürtkü materiallarının istehsal texnologiyaları, istehsal və istehlakını təmin edən normativ-texniki sənədlər institut tərəfindən işlənilib. İnstitut bu məhsulların istehsalının təşkili və sınaqlarının aparılmasında qeyd olunan müəssisələrə elmi-texniki dəstək verir: “Son 5-6 ildə Parkın əsas rezidentlərindən biri olan Təcrübə-Sənaye Zavodu üçün yaradılmış, texniki şərtləri işlənilmiş və istehsalı təşkil olunmuş müxtəlif təyinatlı sürtkü yağlarının çeşidlərinin sayı 19 adda olub. Eyni zamanda, 6 adda sürtkülər istehsal olunmaqdadır”.
Sonra YT Parkın baş direktoru Vasif Abbasov çıxış edərək rəhbərlik etdiyi qurumun rezidenti Təcrübə-Sənaye Zavodunun müasir standartlara uyğun texnoloji qurğulara malik olduğunu və istehsal edilən sürtkü materiallarının respublikanın bir sıra təşkilatları tərəfindən istifadə edildiyini diqqətə çatdırıb.
V.Abbasov hazırda AKİ ilə birlikdə xüsusi texnika üçün xüsusi təyinatlı yağ və eləcə də plastik sürtkülərin yaradılması və istehsalının təşkili ilə əlaqədar 2 xüsusi proqram icra olunduğunu, əldə olunan elmi nəticələrin patentləşdirildiyini, yaradılan yağın xüsusi təyinatlı müəssisədə uğurla sınaqdan keçirildiyini və istehsalı həyata keçirəcək texnoloji qurğularda tamamlanma işlərinin aparıldığını qeyd edib.
Sonra nümayəndələr YT Parkda alınan sürtkü materiallarının istehsal prosesi ilə tanış olub və istifadəyə veriləcək texnoloji qurğulara baxış keçiriblər.
|
|
02.06.2023 | 19:15 | |
|
|
|