Müəllim həm də yaradıcı olmalıdır | |
Bu günün müəllimindən yüksək bilik və bacarıq tələb olunmaqla yanaşı, öz dərslərini müasir təlim metodlarından istifadə edərək nəticələr üzərində qurulmasını, interaktiv formada təşkilini zəruri edib. Bu gün ümumtəhsil məktəblərində təhsilə yanaşma dəyişmişdir. Biz müəllimlərin üzərinə düşən vəzifələrdən biri də məhz tənqidi təfəkkürə malik vətəndaş yetişdirmək, insan kapitalının inkişafına yardımçı olmaqdır. Etiraf edək ki, bugünün şagirdləri həm analitik düşüncə , hadisələrə anındaca reaksiya vermək baxımından, həm də yüksək İKT bacarıqlarına malik olmaları ilə sözün yaxşı mənasında, fərqlənirlər. Və təbiidir ki, belə şagirdlərin müəllimləri də öz üzərində işləyən, dərslərini müasir təlim metodları ilə quran, daim axtarışda olan yaradıcı, peşəkar olmalıdır.
Müəllimin dərsdə fəal təlim metodlarına geniş yer verməsi, qruplarla iş təşkil etməsi, dərsin motivasiya, problemin qoyuluşu və həlli, qiymətləndirmə kimi mərhələlərini kurikulumun tələblərinə uyğun qurması, müxtəlif resurslardan səmərəli istifadə etməsi yeniləşən müasir təhsilimizin başlıca tələblərindəndir.
Bir gənc müəllim olaraq mən də riyaziyyat fənninin tədrisində fəal təlim üsullarından istifadə edirəm. İstifadə etdiyim elektron dərs vəsaitləri, müxtəlif resurslar sinifdə əsl təlim mühiti yaradır. Məhz belə bir qurulan dərs prosesində şagirdlər eşitməklə bərabər, dərsi əyani şəkildə görür və bunun nəticəsində mövzunu daha yaxşı mənimsəyirlər.
Bu sahədə topladığım təcrübəni Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr etdiyim “açıq dərs” nümunəsində paylaşmaq istəyirəm.
Ulu Öndər Heydər Əliyev müəllim peşəsinə yüksək qiymət verərək deyirdi: “Müəllimin vəzifəsi ona görə şərəflidir ki, o cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətəndaşlar hazırlayır. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır”.
Dərsin keçirilməsində əsas məqsəd “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi həyata keçirdiyi işlərdən, o cümlədən ölkəmizdə əsaslı sabitlik və inkişafın əldə olunmasındakı rolunun şagirdlərə çatdırılması, eyni zamanda onlarda XXI əsr bacarıqlarını (öyrənmə-4K, rəqəmsal və həyati bacarıqlar ) inkişaf etdirmək idi.
VII “A” sinfində keçdiyim dərsin mövzusu “Araşdırma məsələləri” adlanırdı.
Standart: 1.3.1: Praktik məsələlərin həllində təqribi hesablamalar aparmaq və nəticənin reallığa uyğunluğunu yoxlamaq. Dərsin məqsədi: Ümummilli Lider Heydər Əliyevin siyasi təcrübəsinin Azərbaycana qazandırdıqları və onların riyazı araşdırmalarını praktik məsələlərə tətbiq etmək. İş forması: qruplarla, fərdi, kollektiv İş üsulu: Beyin həmləsi, problemli vəziyyət, müzakirə, proqnozlaşdırma İnteqrasiya: Fənlərarası-tarix, coğrafiya, informatika və fəndaxili Resurslar: Dərslik, iş vərəqləri, İKT avadanlıqları, 3D VR eynəklər
Dərs Ulu Öndər Heydər Əliyevin “Arzu edirəm ki, birlikdə gedək Şuşaya, gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün bir iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Amma təkcə Şuşa yox, Qarabağın bütün bölgələri hər birimiz üçün əzizdir” -ifadələri ilə başladı. Bu mövzu şagirdlərimizin müzakirəsi ilə davam etdi. Müzakirələrdə şagirdlər gəldikləri nəticələri diqqətə çatdırdılar. Bildirildi ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi yolun tərkib hissəsi idi.Və 2020-ci il sentyabrın 27-si başlayıb 44 gün davam edən Vətən müharibəsində - 10 noyabrda yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və Ali Baş Komandan, Prezident İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi uğurlu siyasətinin nəticəsində xalqımız QƏLƏBƏ qazandı.
Sonra şagirdlər 4 qrupa bölündü və onlara araşdıracaqları mövzular təqdim olundu.Şagirdlər mövzularla bağlı mobil telefonları vasitəsilə internetə daxil olaraq lazımi statistik məlumatları toplamağa başladılar. Hər qrup onlara verilmiş tapşırığa uyğun riyazi hesablamalarını apararaq 10 dəqiqə müddətində diaqramını təqdim etdi. Bu tapşırığın verilməsində əsas məqsəd şagirdlərimizdə real həyati situasiyalar qarşısında qoyulmuş problemin həllinin riyazi yolunu özləri tərəfindən araşdırılması, əldə etdiklərini təcrübədə tətbiqini öyrənmələrini təmin etmək, iş prosesində qrup halında işləmək bacarıqlarına, əməkdaşlığa nail olmaq, müxtəlif problemləri birlikdə həll etmək və onlarda kommunikativ bacarıqları inkişaf etdirməkdir.
4 qrupa aşağıdakı tapşırıqlar verilmişdi:
I Qrup: * 1990-2020-ci illərdə hərbi əməliyyatlar zamanı ümumilikdə nə qədər itki vermişik? * I Qarabağ müharibəsində nə qədər şəhidimiz olub? * I Qarabağ müharibəsində taleyi hələ də məlum olmayan (itkin düşmüş, əsir və girov götürülmüş) mülki əhalinin sayı nə qədərdir? * II Qarabağ müharibəsində nə qədər şəhid vermişik? * II Qarabağ müharibəsində şəhid olan mülki əhalimiz və itkin düşən hərbiçilərimizin sayı nə qədər olmuşdur? * II Qarabağ müharibəsində cəmi itkilərimizin sayı * Ümumilikdə I və II Qarabağ müharibəsində itkilərimizin sayı nə qədər olmuşdur?
II Qrup: * I Qrupun təqdim etdiyi statistik məlumata əsasən I Qarabağ müharibəsində şəhid olanların, itkin və girov düşənlərin Azərbaycan əhalisinin nə qədər hissəsini və neçə faizini təşkil etdiyini tapın. * I Qrupun təqdim etdiyi statistik məlumata əsasən II Qarabağ müharibəsində şəhid olanların, itkin və girov düşənlərin Azərbaycan əhalisinin nə qədər hissəsini və neçə faizini təşkil etdiyini tapın. I və II Qarabağ müharibəsində ümumilikdə verdiyimiz itkiləri eyni diaqramda müqayisəli şəkildə qurun.
III Qrup: * I Qarabağ müharibəsi başlayandan nə qədər kənd təsərrüfatına yararlı torpaq sahəsi itirmişik və həmin torpaqlardan 30 il müddətində nə qədər taxıl götürə bilərdik? * I Qarabağ müharibəsi ilə əlaqədar Azərbaycanın ümumi və yerli su ehtiyatının neçə faizini itirmiş olduq?
IV Qrup: * I Qarabağ müharibəsində torpaqlarımızın 20%-ni itirməklə 30 il müddətində kənd təsərrüfatımıza dəyən ziyanı hesablayın. * II Qarabağ müharibəsinə qədər 30 il müddətində Azərbaycanın dağ-mədən sənayesinə vurulan zərər nə qədər olub? (xüsusilə qızıl yataqlarını nəzərə alın).
Qeyd olunan tapşırığı həll etməklə şagirdlərimiz xalq olaraq bu illər ərzində nə qədər şəhid verdiyimizi, 20% torpağımızı itirməklə kənd təsərrüfatımıza, dağ-mədən sənayemizə, mədəni irsimizə, dövlət büdcəmizə, ümumilikdə iqtisadiyyatımıza nə qədər ziyan dəydiynin şahidi oldular. Bununla da, tədris etdiyim riyaziyyat fənnini tarix, coğrafiya və informatika fənlərinə inteqrasiya edərək əldə etdiyim tarixi faktları, informatik məlumatları, statistik rəqəmləri və coğrafi məlumatları şagirdlərin diqqətinə çatdırdım. Uşaqlar interaktiv tədris prosesinin fəal iştirakçısına çevrildilər.
Şagirdlərə verilən 2-ci tapşırıqlar fərdi idi. Belə ki, uşaqlar onlara təqdim edilmiş QR - kodlara daxil olaraq məsələləri müstəqil həll edərək cavab kartlarına qeyd edirdilər. Tapşırığı bitirən şagirdlərin nəticələri zipGrade proqramı vasitəsilə yerindəcə scan edilərək müəyyən olunurdu.
Bu tapşırığı verməkdə məqsəd isə şagirdlərin fərdi potensial imkanlarını müəyyənləşdirmək, hər bir şagirdin fərdi qiymətləndirilməsi nəticəsində onun mövzu ilə bağlı hər hansı bir çətinliyini aşkarlamaq və bununla bağlı inkişafetdirici sualların köməyi ilə bu problemlərin aradan qaldırılması idi.
Şagirdlərin mövzu ilə bağlı biliklərini müəyyənləşdirmək məqsədi ilə praktik məsələlərin verilməsi də onların riyazi bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Bunu diqqətdə saxlayan bir müəllim olaraq şagirdlərə müxtəlif məsələlər verdim. Məsələn: Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə Fransaya rəsmi səfəri zamanı yanvarın 26-da Dağlıq Qarabağ probleminin nizamlanması ilə əlaqədar olaraq Ermənistan prezidenti ilə sutkanın 1/12 hissəsini təkbətək danışıqlara, bir o qədər hissəsini isə Fransa və Ermənistan prezidentləri ilə birgə görüşünə sərf etmişdir. Sonra isə dövlət başçılarının şərəfinə ziyafət verilmiş və bu 2 saat davam etmişdir. Heydər Əliyev həmin gün neçə saat bu görüşlərə vaxt sərf etmişdir? A) 6 B) 12 C) 4 D) 8
Şagirdlərin cavabları müxtəlif oldu. Düzgün cavab, təbii ki, A variantı idi.
Digər bir məsələ isə belə idi: Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC) “Əsrin Müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1767 km-dir. Onun 248 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Kəmərin Azərbaycandan keçən hissəsinin uzunluğu ümumi kəmərin uzunluğunun hansı hissəsini təşkil edir? (Nəticəni onda birlərə qədər yuvarlaqlaşdırın). A) 0,2 B) 0,3 C) 0,4 D) 0,25
Hər qrup bu məsələnin düzgün həlli üçün müəyyən qədər fikirləşməli oldu. Demək olar ki, şagirdlərin hamısı məsələni düzgün həll etdi. Cavab B variantı - 0,3 idi.
Şagirdlər təqdim olunan digər məsələlərin də cavablarını qeyd edərək, həll yollarını göstərdilər.
Bu tapşırıqlarda şagirdlərimiz riyazi məsələləri həll etməklə yanaşı, həm də, Ümummilli Lider Heydər Əliyevin siyasi təcrübəsinin Azərbaycana qazandırdığı mühüm müqavilələr, beynəlxalq layihələr onların əhəmiyyətini və bugünkü Azərbaycan Respublikasının inkişafındakı rolunu müəyyən etmiş oldular.
Bu gün müəllim olaraq üzərimizə düşən ən mühüm vəzifələrdən biri də şagirdlərimizi gələcək dünyaya necə hazırlamaqdır. Biz müəllimlər düşündüklərini reallaşdıra bilən, XXI əsr bacarıqlarına sahib gənclər yetişdirməliyik. Təhsilimizdə artıq yeni yanaşmalardan isitfadə olunur. Rəqəmsal tədris proqramına keçidi araşdıran bir çox məktəblər müxtəlif həll yolları müəyyənləşdirirlər. Bu həll yollarından biri oyuna əsaslanan təlimdir. Hazırda oyuna əsaslanan təlim şagirdlərin xüsusilə diqqətini cəlb edir. Elə kurikulum və tədrisə bu cür yanaşma rəqəmsal tədris proqramının üstünlüklərindən tam yararlanmaq üçün xüsusilə məqsədəuyğundur. Məhz bunu nəzərə alaraq 3-cü tapşırığımız oyun əsaslı öyrənməyə əsaslanırdı.
Tapşırığa 1-ci düzgün cavab verən şagird mükafat olaraq Şuşaya virtual səyahət qazandı. Şuşaya virtual səyahət 3D VR eynəkləri ilə həyata keçirildi. Amma əvvəlcə şagird verilmiş məsələni həll etmək üçün tapşırıqda hansı şərtin çatışmadığını müəyyən edib, araşdırmalı idi. Verilən tapşırıq belə idi: Miqyas 1:100 olarsa, Şuşa Cümə məscidinin plandakı kiçildilmiş ölçüsünü tapın.
Sonra ekranda cədvəl və məlumatlar təqdim edilərək şagirdlərlə müzakirə əsasında 2030-cu ilədək Azərbaycanın inkişafı və Ermənistanın tənəzzülü ilə bağlı proqnozlar verildi.
Refleksiya: Bu məqsədlə dərsdə keçirilənlər təkrarlandı, bacarıqlar yoxlanıldı və dərs prosesində şagirdlərin fəaliyyəti səviyyələr üzrə qiymətləndirildi. Onlar bugünkü dərsimizdə nəyi öyrəndiklərini və məqsədimizi bir daha ifadə etdilər.
Yaradıcı tətbiqetmə:
Onu da qeyd edim ki, tədris prosesi boyu mən yaradıcı tətbiqetmə mərhələsinə xüsusi önəm verirəm. Məhz bu mərhələdə şagirdlərin mövzunu necə mənimsədikləri aydın olur. Ali Baş Komandan, Prezident İlham Əliyevin “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bundan sonra azad edilmiş torpaqlarımıza həyat qayıdacaq və bu işdə hər birimiz fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var” - fikirlərinə istinad edərək şagirdlərə ev tapşırığı verdim. Mövzu belə idi: “İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar biznes qurmaq istəsəydiniz hansı sahəni seçərdiniz? Bunun üçün əlinizdə nə qədər büdcə olmalıdır, xərcləriniz nə qədər olacaq, biznesi qurduqdan sonra aylıq və illik gəliriniz nə qədər olacaqdır. 2030-cu ilə qədər xərclərinizi çıxdıqdan sonra bu biznesdən nə qədər gəlir əldə etmiş olacaqsınız?”
Keçdiyim bu dərsdə şagirdlər mövzunu dərindən mənimsəməklə yanaşı, bilik və bacarıqlarını yaradıcı şəkildə yüksək səviyyədə nümayiş etdirməyi bacardılar.
Şəhla YOLÇUYEVA, Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi
|
|
02.06.2023 | 12:11 | |
|
|
|