Heydər Əliyev məktəblilərin gözü ilə | |
Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz.
Heydər ƏLİYEV
Ümummilli Lider Heydər Əliyev uşaq və yeniyetmələri, gəncləri çox sevirdi. Böyüməkdə olan gənc nəslə daim diqqət və qayğı göstərən dahi şəxsiyyət gərgin iş rejiminə baxmayaraq hər zaman uşaqlarla, gənclərlə görüşərdi. Ulu Öndər çıxışlarında Azərbaycan gəncliyinə olan etimadından danışar, istək və arzularını bildirər, öz tövsiyələrini verərdi. Bizim gəncliyimizin sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclik olduğunu söyləyən Heydər Əliyev onların mükəmməl təhsil almasının, həyatı dərindən öyrənməsinin, həmçinin dünyada gedən prosesləri bilməli olmalarının vacibliyini qeyd edirdi. Əbədiyaşar Liderin “Azərbaycanın bügünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” - sözləri hər bir yeniyetmənin, gəncin həyat devizinə çevrilərək dövlətinə, torpağına sadiq vətəndaş kimi yetişməsində önəmli rol oynayır.
Bəli, bu gün Azərbaycanda məhz Ulu Öndərin görmək istədiyi gənclik formalaşıb. Şagirdlərimiz Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə, zəngin irsinə böyük maraq göstərir, dahi şəxsiyyət haqqında fikir və düşüncələrini səmimi, pak ülvi hisslərlə ifadə edirlər.
Yaradıcılıq səhifəmizin budəfəki müəllifləri də məhz məktəblilərdir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri olan yeniyetmələr hazırladıqları yazı işlərində Ulu Öndərə olan hörmət və ehtiramlarını özlərinə məxsus bir tərzdə, ədəbi-bədii dillə ifadə ediblər.
Həmin yaradıcılıq nümunələrini oxucularımıza təqdim edirik.
“Ulu Öndərin əmanətini göz bəbəyi kimi qorumalıyıq”
Zəhra ƏLİYEVA Bakı şəhəri 276 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Rus bölməsində təhsil alır. Dərs əlaçısıdır. Bu günə qədər müxtəlif müsabiqələrdə iştirak edərək bir sıra uğurlara imza atıb. Rəsm çəkməyi və pianoda ifa etməyi sevir. “Ən yaxşı təqdimat” müsabiqəsinin 2023-cü il üzrə I yer qalibidir.
Dünya miqyasında çox az şəxsiyyət tapılar ki, Ulu Öndərimiz kimi uzaqgörənliyə malik olsun, xalqı və milləti tərəfindən belə əbədi etibara və etimada layiq görülsün.
Heydər Əliyevin Azərbaycan tarixinə günəş kimi doğması, işıq saçması Azərbaycanın tarixə ləyaqətli dönüşü, qayıdışı idi. Çünki o, heç kimin izini təkrarlamadı, öz yolunu yaratdı. Bu yol işıqlı sabahların, uğurlu gələcəyin yolu idi. Ulu Öndər bu yolun çətinliyinin, ağırlığının fərqində olsa belə, qərarlı idi: xalqının və onun tarixinin yükünü öz çiyinlərində daşıyacaqdı.
Heydər Əliyev hər zaman xalqının azadlığı, müstəqilliyi, təhlükəsizliyi və onun uğurlu gələcəyi üçün mübarizə aparıb, Vətənimizin hüquqi və demokratik dövlət kimi inkişafı üçün durmadan çalışıb.
XX əsrin ortalarında ölkəmizdə ictimai-siyasi və iqtisadi vəziyyət kifayət qədər mürəkkəb idi. İttifaq göstəricilərinə görə Azərbaycan SSR axırıncı yerlərdən birini tuturdu. Ancaq Heydər Əliyev hakimiyyətə gələn kimi ölkədə mənəvi-psixoloji iqlimin sağlamlaşdırılması, əmək nizamının möhkəmləndirilməsi üçün bütün sahələrdə islahatlar keçirdi. Kadr siyasətini yürüdərək dövlətə və xalqa yararsız kadrları vəzifələrdən uzaqlaşdırıb onların yerinə yararlı mütəxəssisləri təyin etdi. İslahatlar nəticəsində Azərbaycan sənaye və kənd təsərrüfatı ölkəsinə çevrildi. 1978-ci ilin aprelində Azərbaycan SSR-in, mayında isə Naxçıvan MSSR-in yeni konstitusiyaları qəbul edildi.
Ümummilli Liderimizin bu dövrdəki fəaliyyətinin nəticəsi olaraq gənclərimiz müəyyən biliklərə, bacarıqlara, müasir ixtisaslara, hərb sənətinə yiyələnərək müstəqillik dövründə artıq savadlı, peşəkar mütəxəssislər kimi Heydər Əliyevin ideyalarının davamçıları oldular.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı. Ordu quruculuğu, müdafiə məsələləri müzakirə olundu, müvafiq qərarlar qəbul edildi.
1993-cü il noyabrın 2-də Heydər Əliyev xalqa müraciət edərək xalqın ilham və mənəvi güc mənbəyinə çevrilir. Nəticədə Beyləqan istiqamətində hücuma keçən Ermənistan ordusu geri çəkilməyə məcbur qaldı. 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi və 22 kəndi, Cəbrayıl və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi.
Ümummilli Liderimizin təşəbbüsü və səyləri nəticəsində mayda atəşkəs əldə olundu. Atəşkəs gələcək işğalların qarşısını almaq və ordu quruculuğunu möhkəmləndirmək məqsədilə vaxt qazanmaq üçün taktiki gediş idi. Sentyabrda “Əsrin Müqaviləsi” imzalandı. Bu neft kontraktından gələn gəlir hesabına ordu quruculuğuna başlanıldı, yeni hərbi hissələr yaradıldı.
Əbədiyaşar Liderimiz bütün beynəlxalq tədbirlərdə bir əlində xəritə, bir əlində göstərici Qarabağ münaqişəsini qabardır və öz mövqeyini qətiyyətlə bildirirdi.
Heydər Əliyev hər zaman qeyd edirdi ki, Azərbaycanın çoxmillətli və tolerant ölkə olması bizim milli sərvətimizdir. Biz bunu qorumalıyıq və ən yüksək səviyyədə dünyaya təqdim və təbliğ etməliyik. Azərbaycan onun ərazisində yaşayan bütün millətlərin ümumi Vətənidir. Bizim hamımızı azərbaycanlı kəlməsi birləşdirir.
Ulu Öndər yurdun hər bir guşəsini, hər bir insanını böyük sevgisində birləşdirməyi bacardı. Ağlının gücü ilə ölkəsinin, qurduğu yeni Azərbaycanın təhlükəsizlik qarantı oldu. Bu yurdun təkcə torpağına Vətən demədi, bu torpağın üzərində yaşayan hər bir insanını Vətən bildi.
Dahi şəxsiyyətin dövlətçilik, idarəçilik siyasətidir Vətən müharibəsi zamanı əldə etdiyimiz qələbənin təməli. Ön və arxa cəbhədəki dünya azərbaycanlılarının birliyidir qələbəmizin səbəbi. Ali Baş Komandanımız, dövlət başçısı İlham Əliyev, eləcə də hər bir azərbaycanlı Heydər Əliyevin əmanət etdiyi ölkəmizin daha da qüdrətlənməsi üçün əzmlə, yorulmadan çalışır.
Hər birimiz Ulu Öndərimizin bizə miras qoyduğu əmanətini göz bəbəyi kimi qorumalı, Vətənimizi layiqincə təmsil etməliyik.
Ümummilli Liderimizin dediyi kimi: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM!”
Heydər Əliyev gənclərin ilham mənbəyidir
Fidan DAŞDƏMİROVA Bakı şəhəri 114 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Suraxanı rayonu üzrə keçirilən bir sıra şeir, inşa müsabiqələrində iştirak edərək qalib olub. Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin keçirdiyi “Gender məsələləri üzrə təlim”in iştirakçısı olaraq öz təlimini təşkil edib və sertifikat alıb. 2020-ci ildə “İlham Əliyev və beynəlxalq media” adlı məqaləsi Bakı şəhəri üzrə qalib seçilib. Bakı şəhəri üzrə keçirilən “Zəfər Tarixi” olimpiadasında, “Yaradıcı müəllim” müsabiqəsində I yerlərə layiq görülüb. Bu il Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat-yazı müsabiqəsində qalib seçilərək konfransda çıxış edib. “Ən yaxşı təqdimat” müsabiqəsinin 2023-cü il üzrə II yer qalibidir.
Bu gün haqqında danışacağım şəxsiyyət uşaqlığımdan bəri evimizdə barəsində yalnız xoş sözlər eşitdiyim, Azərbaycanı yenidən dirçəldən şəxs kimi tanıdığım Heydər Əliyevdir. Yenidən dirçəlmə dedikdə - Azərbaycanın dövlətçilik və idarəçilik ənənələrinin yenidən qurulmasını nəzərdə tuturam. Yaşım az olduğuna görə məlumdur ki, mən bu hadisələrin canlı şahidi olmamışam. Lakin...
Bir dəfə Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq, televiziyada onun haqqında videoçarx nümayiş olunurdu. Nənəm dedi ki: “Allah babaya rəhmət eləsin.Bizim bu ağ günlərə çıxmağımızın səbəbkarı o olub.”
Mən nənəmə sual verdim ki: “Nənə, sən niyə Heydər babaya “baba” deyirsən? Axı sən onun nəvəsi yaşda deyilsən...”
Nənəm mənim bu sözlərimə güldü və mənə dedi: “O, təkcə mənim, yaxud da sənin baban deyil. O bütün millətimizin mənəvi babasıdır”.
Böyüdükcə, məktəbdə Heydər Əliyevin həyatını öyrəndikcə, fəaliyyəti ilə tanış olduqca, zəngin irsi ilə bağlı araşdırmalar apardıqca nənəmin “mənəvi baba” dedikdə nəyi nəzərdə tutduğunu daha yaxşı anladım.
Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra bir sıra sahələrdə əsaslı islahatlar həyata keçirmişdi. O, həmçinin gənclərin inkişafına da diqqət ayırmışdı. Uğurlu gənclər siyasəti aparmaqla yanaşı, Ulu Öndərimizin bir çox mənəvi xüsusiyyətləri gənclərin ilham mənbəyinə çevrilmiş, onların inkişafında mühüm rol oynamışdır. Etdiyim araşdırmalar nəticəsində dahi Liderimizin mənə məlum və ilham mənbəyimə çevrilməsinə səbəb olan bəzi xüsusiyyətləri haqqında danışmaq istərdim. 1) Qorxmazlıq: Dahi şəxsiyyətin SSRİ rəhbərliyinin apardığı siyasətə qarşı çıxaraq tutduğu vəzifədən imtina etməsi, 20 Yanvar hadisələrindən sonra SSRİ məkanında bir sıra təhlükələrlə üz-üzə olmasına baxmayaraq cəsarətli çıxışı - azərbaycanlılara qarşı törədilən bu cinayətin amansızlığını bildirməsi onun qorxmazlığının bariz nümunəsidir.
2) Əzmkarlıq: Ulu Öndərimizin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi vaxtda dövlətimizin heç bir sahədə inkişafı yox idi. Heydər Əliyev gecə-gündüz demədən Azərbaycanın parlaq gələcəyi naminə çox işlər görmüşdü. Dahi şəxsiyyət tez-tez xaricə səfərlər edir, bu səfərlər zamanı Azərbaycan xəritəsini özü ilə apararaq dünyaya Qarabağ həqiqətlərini çatdırmağa çalışır, ölkəmizin dayaqlarının möhkəmlənməsinə diqqət ayırırdı.
3) Səmimilik: Əbədiyaşar Liderin görüləsi çox işləri olsa belə, o, xalqına hər zaman vaxt ayırırdı. Bölgələrimizə səfərlər edir, xalqın problemləri ilə maraqlanırdı. Hətta araşdırmalarım zamanı qarşıma çıxan bir video məndə çox böyük təəccüb və maraq yaratdı. Belə ki, Heydər Əliyev Beyləqana səfəri zamanı iki gənclə tanış olmuş və onlar üçün toy etmişdi. Məndə maraq doğuran ən mühüm an isə Ulu Öndərimizin o toyda “Süleymani” musiqisinə rəqs etməsi olmuşdu.
4) Liderlik bacarığı: Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı daxildən parçalamaq istəyən separatçı qüvvələr qondarma dövlətlər yaratmaq niyyətində idilər. Ümummilli Lider həmin qondarma dövlətlərin yaradılacağı ərazilərə səfərlər etmiş, insanları bir bayraq altında birləşməyə səsləmişdi. Təbii ki, insanlar da dahi Liderin sözlərini böyük rəğbətlə qarşılamış və bir məfkurə ətrafında birləşmişlər.
5) Qayğıkeşlik: Ulu Öndərimiz 2001-2002-ci illərdə ali məktəblərə yüksək balla qəbul olan abituriyentlərlə görüşmüş və ilk dəfə 25 abituriyentə Prezident təqaüdünün verilməsi ilə bağlı qərar qəbul etmişdi.
6) Mübarizlik: Heydər Əliyevin bizə örnək ola biləcək ən önəmli xüsusiyyətlərindən biri də onun mübarizliyi , məqsədinə doğru daim addımlamasıdır. Ümummilli Liderimiz gənclərlə görüşü zamanı səhhətində yaranmış problemlə bağlı olaraq səhnəni tərk etməli olmuşdu. Lakin ona səhnəyə yenidən çıxmasının təhlükəli ola biləcəyi deyilsə də, Heydər Əliyev səhnəyə yenidən çıxmış və nitqini tamamlamışdı. O demişdi ki, “Azərbaycan gənci daim mübariz olmalı, tutduğu yoldan geri dönməməlidir. Mən yenidən səhnəyə çıxaraq onlara örnək olmalıyam”.
Heydər Əliyevin o qədər müsbət xüsusiyyətləri, bizə örnək ola biləcək fəaliyyət istiqamətləri var ki, onlar haqqında saatlarla , hətta günlərlə danışa bilərəm.
Ümumiyyətlə, mən Ulu Öndərin apardığı islahatları toxuma bənzədirəm. Onun layiqli davamçısı, dahi Liderin xüsusiyyətlərini özündə əks etdirən Prezident İlham Əliyev məhz həmin toxumun cücərməsində və böyüməsində əvəzsiz rol oynamışdır.
Gözünüz arxada qalmasın, DAHİ LİDER!
Çünki bu gün Azərbaycan, vaxtı ilə SİZİN görmək istədiyiniz Azərbaycandır! Bu gün Azərbaycanın dünyaya günəş kimi doğduğu zamandır, dünyanı öz nuru ilə işıqlandırdığı dövrdür.
Adını xalqın verdi - DAHİ!
Cahandar QULİYEV Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin XI sinif şagirdidir. Dərs əlaçısıdır. Gələcəkdə informasiya təhlükəsizliyi ixtisası üzrə mütəxəssis olmaq arzusundadır. “Ən yaxşı təqdimat” müsabiqəsinin 2023-cü il üzrə III yer qalibidir.
- Tarixlərə yazılan Şəxsiyyət var, İlahi! Adını xalqın verdi - Dahi! - Özü tarix yaradan Şəxsiyyət var, İlahi! Adını xalqın verdi-Dahi! - Bəli! Dahi!
Dahilər də elə-belə yetişmir axı!
Allahın ona bəxş etdiyi qeyri-adi istedad sayəsində öz yaşıdlarından fərqlənən, ailəsinin, müəllimlərinin əməyini itirməyən böyük, dahi şəxsiyyət olan Heydər Əliyev! Bilmirəm necə vəsf edim, onun öz işinə, xalqına olan sədaqətini?!
Tarixdə adı dövlətçilik rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər məhz belə liderdir.
Özü haqqında belə söyləyirdi: “Mən balaca bir evdə zəhmətkeş ailədə bir bahar günündə dünyaya göz açmışam. Anadan olanda yəqin ki beş-on adam sevinib. İndi bəlkə bir qədər qeyri-təvazökar səslənir. Amma deməliyəm ki, anam məni bəlkə də Azərbaycanımız üçün dünyaya gətirib. Azərbaycan mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun rifahına həst etmişəm!” Bu kəlmələr dahi şəxsiyyətin öz ömrünü doğrudan da Azərbaycanın işıqlı sabahına həsr etdiyini göstərir.
Onun dünyasından keçməyə can atan, rişələnən neçə-neçə siyasətçilər yetişdi.
“Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxartmışdır”. Haqqında söylənilən bu fikirlər dahi liderin xalqın adamı olmasının bir daha bariz nümunəsidir.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə ən ümdə vəzifələrindən biri təhsilə qayğı göstərmək idi. Onun müəllim əməyinə verdiyi dəyər bircə cümlə ilə yaddaşlarımıza əbədi həkk olunub: “Mən müəllim adından yüksək ad tanımıram”.
Bəli, bu fikir Azərbaycanın müəllim ordusunun əsas prioritetinə çevrilib. Tarixə nəzər salanda görərik ki, neçə-neçə böyük şəxsiyyət öz müəllimi haqqında müxtəlif fikirlər söyləmişdir. Dünya hərb sənətinin ən böyük sərkərdəsi Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında bir ifadə işlədib. “Valideynlərimdən ona görə razıyam ki, məni göylərdən yerə endirdi, müəllimim isə məni yerdən göylərə qaldırdı.”
Bütün zamanlarda müəllim əməyi, təhsil ən başlıca mövzu olmuşdur. Ulu Öndərin “Təhsil millətin gələcəyidir” tezisi həm müəllimlərin, həm də təhsilalanların necə böyük məsuliyyət daşıdıqlarını hər zaman onlara xatırladacaq. Həm də elmin, texnologiyanın çox sürətlə inkişaf etdiyi bu zamanda.
Dahi şəxsiyyət belə söyləyirdi: “ Təhsilimizin əsas məqsədi gənc nəslə təhsil verib, onları gələcəyə hazırlamaqdır... Hər bir insan vətəndaş, mütləq vətəndaş olmalı, həm də elə-belə vətəndaş yox, xalqa, millətə, ənənəyə sadiq Vətəndaş!” Bu kəlamlar bir örnək, amal, müqəddəs vəzifə olmalıdır.
Axı o, özü də adi bir ailənin sadə övladı idi. Əzmkarlığı, dərk etdiyi məsuliyyəti ilə əsl vətəndaş, həm də Azərbaycan sərhədlərinə sığmayan böyük siyasətçi oldu.
Heydər Əliyev həm sovet dövründə, həm də demokratik Azərbaycana rəhbərliyi dövründə təhsilin inkişafı üçün böyük imkanlar yaratdı. Məhz 1978-ci ildən etibarən məktəblərdə dərsliklərin pulsuz təminatı başladı. “İnsan təhsilini əsasən orta məktəbdə alır” - deyən uzaqgörən Liderin konseptual göstərişi əsas tutularaq yeni-yeni məktəb binaları tikilib istifadəyə verilmiş, infrastruktur yenilənmişdir. Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış gənclərlə görüşməsi, məhz Ulu Öndərin Sərəncamına əsasən onlara Prezident təqaüdünün verilməsi təhsilə diqqətinin daha bir nümunəsidir.
Uzaqgörən lider orta və ali təhsillə yanaşı, peşə təhsilinə də çox böyük önəm verirdi. Çünki peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına, gənclər arasında məşğulluğun təmin edilməsinə xidmət edir. Bu gün də bu məsələ öz aktuallığını qoruyub saxlayır. Ali təhsilin böyük əhəmiyyətini çox gözəl dəyərləndirən böyük insan sovet dönəmində ölkədə 5 yeni ali məktəbin yaradılmasına nail olmuşdur. Milli kadr hazırlığına önəm verən əsl vətəndaş Heydər Əliyev hərbi kadrlar hazırlamaq üçün Naxçıvanski adına hərbi məktəbi yaratdı. Bu gün müstəqil Azərbaycan ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti Heydər Əliyevin xeyir-duasını alan məhz həmin o gənclərdir.
Ümummilli Lider tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi bu gün də uğurla davam edir. Bu gün təhsilimizin ən yüksək vəzifələrindən tanıdığımız milli kadrların əksəriyyəti məhz xaricdə təhsil alanlardır.
“Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqət, eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”- deyən Heydər Əliyev müəllim peşəsinin nə qədər çətin, amma şərəfli olduğunu bir daha diqqətə çatdırır. Bu çətin peşəni seçən insan həm də əsl vətənpərvər olur. Vətən üçün öz canlarından keçən şəhid müəllimlərimiz bunun bariz nümunəsidir. 44 günlük Vətən müharibəsində neçə-neçə gənc müəllim şəhidlik zirvəsinə, əbədiyyətə ucaldı.
Ulu Öndər hər zaman çıxışlarında belə deyirdi: “Məktəbin , müəllimin ən əsas vəzifəsi dəyərli vətəndaş hazırlamaqdır”. Bu sözlər yetişməkdə olan gənc nəslin şüuruna həkk oldu. Buna görə Vətən sevgisi hər şeydən öncə gəlir Azərbaycan gənci üçün.
Bu gün XXI əsrin ən böyük siyasətçilərindən sayılan, Ulu Öndərin layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibə zamanı dünyanın müxtəlif televiziya kanallarına, jurnalistlərə verdiyi müsahibələrində onun necə peşəkar siyasətçi, yüksək intellektə malik dövlət xadimi olması hamını heyran etdi. Axı, qələbə təkcə hərbdə qazanılmır. Diplomatiyada da öndə olmaq mütləq şərtdir. Azərbaycan Prezidenti bir neçə dildə mükəmməl danışması, natiqlik bacarığı ilə bütün beynəlxalq müstəvilərdə hər zaman diqqətləri cəlb etməyi bacarmışdır. Hələ Əlcəzair Xalq Demokratik Respublikasına səfəri zamanı milli mücahidlər muzeyinin xatirələr kitabına öz fikirlərini ifadə etdiyi o xətti demirəm.
Dahi mütəffəkkir Viland “Dahilər heç bir işi yarımçıq qoymurlar”-deyib.
Bəli, Heydər Əliyev əbədiyyətə qovuşsa da onun siyasəti bu gün uğurla davam edir.
Ulu Öndər, sənin uca adın bu xalqın dilində, qəlbində əbədi yaşayacaq. Sənin ömrünün ziyası, şəfəqləri, nuru bu xalqın yolunu aydınlatdı. Sənin uzaqgörən siyasətin nəticəsində ölkəmizin imzası imzalar içində tanınan müstəqil Azərbaycana çevrildi!
Nə qədər danışsam da, vəsf etsəm də yenə kəlmələr yetməz. Bircə kəlmə ilə adını xalqın verdi - Dahi!
Samirə KƏRİMOVA
|
|
02.06.2023 | 10:30 | |
|
|
|