Azərbaycan dilindəki mətnlərin mürəkkəblik səviyyəsinin qiymətləndirilməsinə dair ilk elmi iş

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclası keçirilib. İnstitutdan bildiriblər ki, seminarda dissertant İsmayıl Sadıqovun  “Statistik təhlil əsasında mətnlərin qiymətləndirilməsi metodları və alqoritmlərinin işlənməsi” adlı dissertasiyası müzakirə olunub. İ.Sadıqov texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq  üçün yazdığı dissertasiya işi haqqında məlumat verərək bildirib ki,  məqsəd Azərbaycan dilindəki mətnlərin mürəkkəbliyinin qiymətləndirilməsi üçün riyazi modellərin (oxunabilirlik düsturları) qurulması və avtomatlaşdırma vasitələrinin (müvafiq proqram təminatı) hazırlanmasıdır.

 

Dissertasiya işində əldə olunmuş nəticələri təqdim edən İ.Sadıqovun sözlərinə görə, tədqiqat işində ingilis dilindəki mətnlər üçün olan ən məşhur oxunabilirlik düsturlarından ikisi Azərbaycan dili mətnləri üçün modifikasiya edilib, bu düsturlar müxtəlif mətnlər üçün sınaqdan keçirilib və onların düzgünlüyü təcrübədə öz təsdiqini tapıb. Həmçinin Azərbaycan dili mətnlərinin statistik göstəricilərinin hesablaması prosesinin avtomatlaşdırılması üçün müvafiq proqram təminatı hazırlanıb və Azərbaycan dili mətnlərinin statistik göstəricilərinin və oxunabilirliyinin hesablanması üçün hər kəsin istifadəsinə açıq olan veb-sayt (www.oxunabilir.az) yaradılıb.

 

Məruzəçi həmçinin qeyd edib ki, işdə Azərbaycanın ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərin ilk dəfə olaraq statistik təhlili aparılıb. Eyni zamanda Azərbaycan dili mətnləri üçün modifikasiya edilmiş Fleşin oxuma asanlığı və Fleş-Kinkeydin təhsil səviyyəsi düsturları əsasında Azərbaycanın ümumtəhsil məktəblərində hazırda istifadə olunan dərsliklərin oxunabilirlik səviyyələri hesablanıb. Seninarda çıxış edən dissertantın elmi rəhbəri AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev  mövzunun aktual məsələlərə həsr olunduğunu bildirib. Alim dissertasiya işinin Azərbaycan dilindəki mətnlərin mürəkkəblik səviyyəsinin qiymətləndirilməsinə dair ilk elmi iş olduğunu qeyd edib.

 

“Bu tədqiqat yeni bir elmi istiqamətin başlanğıcıdır”, – deyən alim son illər ölkədə linqvistik informatika və kompüter dilçiliyi ilə bağlı çoxsaylı araşdırmaların aparıldığını, dissertasiya işlərinin hazırlandığını diqqətə çatdırıb.

 

R.Əliquliyev dissertasiya işi çərçivəsində hazırlanmış www.oxunabilir.az veb-saytının ölkəmizdə dərslik və dərs vəsaitlərinin hazırlanmasında müəlliflər, nəşriyyat rəhbərləri və redaktorlar, tədris vəsaitlərinin qiymətləndirilməsində iştirak edən ekspert qruplarının üzvləri, veb-sayt yaradıcıları, kütləvi-informasiya vasitələrinin rəhbərləri və ümumiyyətlə, mətnlərlə işləyən hər kəs üçün zəruri bir mənbə olduğunu qeyd edib.

 

Yuslf ƏLİYEV

 



08.10.2018 | 14:29