Şagirdlər SDU-da ekskursiyada oldular | |
Sumqayıt Dövlət Universitetinin (SDU) və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşəbbüsü ilə orta məktəblərin yuxarı sinif şagirdlərinin universitetlə tanışlığı üçün ənənəvi olaraq “Açıq qapı” günü keçirilib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov bildirib ki, şagirdlər arasında tanıtım məqsədi ilə təşkil olunmuş ekskursiya artıq ənənə halını alıb. Prorektor şagirdlərə universitet, onun perspektivləri və üstünlükləri haqqında ətraflı məlumat verib. O, universitetdə tələbələr qarşısında qoyulan tələblərlə yanaşı, onlara yaradılan geniş imkanlardan söz açıb. Bildirib ki, hazırda universitetdə 3 Dissertasiya Şurası fəaliyyət göstərir, onların hər birində 2 ixtisas, ümumilikdə isə 6 ixtisas üzrə dissertasiya işlərinin müdafiəsi həyata keçirilir. İdarəetmə sistemində yeni yanaşmalar təhsilin, elmin inkişafına, müasir texnologiyaların tətbiqinə zəmin yaradır. Əldə etdiyi uğurlarla SDU nəinki dünyanın bir çox qabaqcıl ali təhsil müəssisələri ilə, həmçinin Rusiya, Türkiyə, Macarıstan, Avstriya, Finlandiya, İspaniya, İsveç, Litva, Almaniya, Polşa, Qazaxıstan, Gürcüstan və digər ölkələrin aparıcı universitetləri ilə təhsil sahəsində sıx əməkdaşlıq edir:” Hazırda tələbələrimiz intellektual yarışlarda, respublika və beynəlxalq fənn olimpiadalarında, beynəlxalq forumlarda və elmi konfranslarda fəal iştirak edirlər. Heç təsadüfi deyil ki, SDU-nun məzunları respublikamızın müxtəlif müəssisələrində uğurla çalışırlar və onların fəaliyyəti haqqında universitetə çoxlu sayda təşəkkür məktubları daxil olur. SDU-nu yüksək akademik göstəricilərlə bitirən tələbələr universitetdə işlə təmin olunur. Universitetimizi bitirmiş minlərlə məzunlarımız müxtəlif idarə, müəssisə, təşkilatlarda yüksək vəzifələrdə çalışır. O cümlədən, universitet məktəblərlə də əlaqələrini genişləndirir. Bu istiqamətdə tələbələrimiz orta ümumtəhsil məktəblərində pedaqoji təcrübədə olur, qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayırlar. Bu gün universitetin 3 tədris binası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin elmi kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, nəşriyyat-poliqrafiya şöbəsi, Tələbə Klubu nəzdində rəqs, qiraət kimi özfəaliyyət dərnəkləri, Debat-natiqlik klubu, şahmat, futbol, badminton, stolüstü tennis, atcılıq, qılıncoynatma idman zalı da daxil olmaqla, geniş idman kompleksi var. SDU-nun tələbə evi yüksək səviyyədə, yüksək zövqlə, beynəlxalq standartlara uyğun, bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla yenidən qurulub və istifadəyə verilib”.
Sonra şagirdlər universitetin tədris binalarını gəzib, Heydər Əliyev Mərkəzində, ayrı-ayrı fakültələrdə, auditoriyalar, laboratoriyalar, Elmi kitabxana, tədris otaqları və idman zalında olublar. Həmçinin universitetin həyətində inşa edilən şahmat lövhəsi, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulan köşklər və burada yaradılan şəraitlə yaxından tanış olublar.
|
|
31.05.2023 | 17:17 | |
|
|
|