UFAZ-da “Açıq qapı” günü

Azərbaycan-Fransız Universitetində (UFAZ) 2023/2024-cü tədris ili üçün UFAZ-ın bakalavr proqramlarına qəbulla bağlı abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günü keçirilib. 

 

Əvvəlcə qonaqlar universitetin elmi laboratoriyaları ilə tanış olublar. Namizədlər UFAZ müəllimləri və laborantların müşayiəti ilə 7 laboratoriyada müxtəlif sınaqlarda iştirak ediblər. İştirakçılar arasında Xırdalan şəhəri Laçın 1 saylı məktəb, Dünya məktəbi, Kaspi liseyi və digər məktəblərin şagirdləri, müəllimləri və valideynləri də olub.

 

UFAZ-ın direktoru Vazeh Əsgərov və baş katibi Yelizaveta Bydanova qonaqlara universitet haqqında qısa məlumat veriblər. 

 

Sonra Təhsil şöbəsinin müdiri Səmra Şiriyeva UFAZ-a qəbul prosesi və təhsil proqramları barədə tədbir iştirakçılarını məlumatlandırıb. UFAZ-ın 4-cü kurs tələbələri Dilbər Əliyeva, Fidan Quliyeva, Ələmdar Daşdəmirov və UFAZ Tələbə Şurasının prezidenti Emin Xəlifəyev də universitetdəki tələbə həyatı ilə bağlı təcrübələrini, təəssüratlarını bölüşüblər.

 

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

 

Qeyd edək ki, UFAZ-ın bakalavriat səviyyəsinə qəbul imtahanına qeydiyyat iyunun əvvəlinə, qəbul imtahanı isə avqustun əvvəlinə nəzərdə tutulub. 2023/2024-cü tədris ili üçün bakalavriat proqramına, ümumilikdə 160 yer ayrılıb və bütün yerlər dövlət bazasındadır (İnformatika - 60 yer, Kimya mühəndisliyi - 35 yer, Neft-qaz mühəndisliyi - 35 yer, Geofizika mühəndisliyi - 30 yer).

 

 



31.05.2023 | 13:09