Ağdamlı məzunlar 44 ildən sonra yenidən bir arada | |
Bakının “Vətən” restoranında Ağdam şəhər 6 nömrəli orta məktəbin məzunlarının 44 ildən sonra görüşü keçirildi. Əslində 44 ildən sonra bu, ilk görüş yox, sayca 3-cü görüş idi. Məktəbin məzunu vətənpərvər ziyalı Dəmir Abdullayev sinif yoldaşlarını yenidən bir araya gətirmişdi. Üstəlik, Ağdamdan olan Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit Vaqif İlyasoğlu və Rauf İlyasoğlu da görüşün iştirakçısı idi.
Doğma yurdları erməni işğalından qurtarılmış ağdamlı məzunlar Vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizi də unutmadılar, görüşlərinə onların xatirəsinə olan ehtiramla, birdəqiqəlik sükutla, dualarla başladılar.
Sonra məzunların ürək sözləri, kövrək anlar...Bəli, məktəb həyatı, uşaqlıq yoldaşlığı, parta yoldaşlığı belə bir şeydir: 44 il keçir, o tanış üzlər, tanış səslər doğmalığını itirmir; sevindirir, duyğulandırır...
Onlar dünən qarasaçlı yeniyetmə oğlan və qızlar idi. Bu gün 60-dan yuxarı yaşlardadırlar. Ömürlərinin müdriklik çağında. Amma şux, enerjili, həyatdolu!..
Dəmir Abdullayev dünyasını dəyişmiş məzunları da yada saldı. Rəhmət dilədi...
Əlövsət müəllim də burdadır. Onlara dərs deyib. Sevib, qayğı göstərib. Unutmayıb heç birini... Bir vaxtlar dərs dediyi bu şağirdləri ilə qürur duyduğunu söylədi. Dəmir Abdullayevin artıq ənənəyə çevirdiyi belə görüşləri ürəkdən bəyəndi... Həqiqətən də 44 il əvvəl orta məktəbdə bir sinifdə oxumuş məzunları bir araya gətirmək həm bacarıq istəyir, həm də dostlara sədaqətin gözəl nümunəsidir. Üstəlik, 1993- cü ildə doğma Ağdam şəhərindən məcburi köçkün düşmüş sinif yoldaşlarını bir yerə yığmaq asandırmı? Hərə bir tərəfdə...Amma Dəmir Abdullayev çətin olanı bir daha bacarmış, görüş vaxtını da məxsusi olaraq 28 may seçmiş- ikiqat bayram ovqatı yaşansın deyə!
ABŞ-ın Delaver ştatında yaşayan “The Great House” adlı memarlıq, inşaat və dizayn şirkətinin təsisçisi və rəhbəri Yavər Rzayev, Cabir İbrahimov, Faxrəddin Abdullayev, Nəbi Zalışov, Tərlan, Aybəniz xanım, uşaq həkimi işləyən Kəmalə və digər məzunlar ayrı-ayrılıqda çıxış etdilər, xatirələrini bölüşdülər...
“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Zöhrə xanım sinif yoldaşları adından görüşün təşkilatçısı Dəmir Abdullayevə “Qurani-Kərim” kitabını hədiyyə etdi...
Rauf Allahverdiyev vətənpərvər ruhlu şeirlər söylədi... Saz və skripka ifaçıları, gözəl səslər ruhumuzu oxşadı. Və xatirə şəkli...
Daha bir görüş 6 nömrəli orta məktəbin məzunlarını Ağdamlı günlərə, Ağdamda keçən uşaqlıq və gənclik illərinə qaytardı. Daha bir görüşü dirçələn Ağdamda keçirmək ümidi ilə!
Z.MƏMMƏDOVA
|
|
30.05.2023 | 14:03 | |
|
|
|