ECAR layihəsi çərçivəsində xarici tərəfdaşların iştirakı ilə növbəti görüş keçirilib

Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində xarici tərəfdaşların iştirakı ilə 6-cı idarəetmə görüşü keçirilib.

 

Tədbirdə layihə konsorsiumunun üzvü olan 15 Azərbaycan universitetinin məsul şəxsləri və Avropa tərəfdaşları iştirak edib. Azərbaycan Texnologiya Universitetini isə tədbirdə layihə meneceri İlahə Qurbanova təmsil edib. 

 

Əvvəlcə layihə koordinatoru Gülşən Bayramova mövcud layihə fəaliyyətləri ilə bağlı qısa təqdimatla çıxış edib.

 

Daha sonra elmi işlər, tələbə və məzunlarla iş üzrə komitə sədrlərinin hesabatı dinlənilib, eyni zamanda layihənin keyfiyyət təminatı və monitorinqi ilə bağlı xarici ekspert George Dafoulasın sualları iştirakçılar tərəfindən cavablandırılıb.

 

Tədbirin sonunda layihənin WP4 və WP5 iş paketlərinə uyğun olaraq nəzərdə tutulan fəaliyyətlər, layihənin icrası ilə bağlı təşkilati və maliyyə məsələləri, layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında da geniş müzakirələr aparılıb. Yekunda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra tapşırıqlar qarşıya qoyulub.

 

Qeyd edək ki, bu layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Konfrans yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq.

 

 



30.05.2023 | 10:28