Ortaq Türk Dünyası Olimpiadasının final mərhələsi

Mayın 29-da “Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası Olimpiadasının final mərhələsi keçirilib. Bakı şəhəri 20 nömrəli məktəb-liseydə keçirilən final mərhələsində türk ölkələrini təmsil edən şagirdlər iştirak ediblər.

 

Final mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və Ortaq Türk Dünyası Olimpiadasının Təşkilat komitəsinin üzvləri iştirak ediblər.

 

BŞTİ müdiri Mehriban Vəliyeva olimpiadaya qatılan bütün iştirakçılara uğurlar arzulayıb. Ortaq Türk Dünyası Olimpiadasının əhəmiyyəti barədə danışan İdarə müdiri olimpiadanın gələcəyimiz olan gənclərin öz soy-kökünə bağı və milli ruhda yetişməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.

 

Olimpiadada şagirdlər ümumilikdə ortaq türk dünyası tarixi və mədəniyyətini əhatə edən 30 sualı cavablandırıblar.

 

Sualların cavablandırılması üçün şagirdlərə 1 saat (60 dəqiqə) vaxt verilib.

 

Final mərhələsinin nəticələrinə əsasən, hər ölkədən 1 nəfər I yerə (onlardan ən yüksək nəticə əldə edən 1 nəfər “Birincilərin birincisi” adını qazanacaq), 1 nəfər II yerə, 1 nəfər III yerə layiq görüləcək. Digər şagirdlərə sertifikat təqdim olunacaq.

 

Qeyd edək ki, türk ölkələrini təmsil edən şagirdlər iyunun 1-də Şuşada keçirilməsi nəzərdə tutulan “Heydər Əliyev-türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalında iştirak edəcək.

 

 



30.05.2023 | 10:16