Məktəblilər üçün interaktiv muzey həftəsi yekunlaşıb

“Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “Muzeylər və Heydər Əliyev İli” adlı interaktiv proqrama yekun vurulub.

 

Proqram Elm və Təhsil, Mədəniyyət nazirliklərinin əməkdaşlığı və Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.    

          

Proqramın məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsinin tədqiqi və təbliği, məktəblilərin Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyası, həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə məlumatlandırılması, onların Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylər, qoruqlar və Heydər Əliyev mərkəzlərinin kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanışlığına imkan yaratmaqdır.

 

Muzey həftəsi ərzində Ulu Öndərin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərə, həmçinin Azərbaycanın regionlarında olan Tarixi-Mədəniyyət Qoruqlarından və Heydər Əliyev Mərkəzlərindən ibarət 100 mədəniyyət müəssisəsinə ekskursiyalar təşkil olunub.

 

Ekskursiyalarda ümumtəhsil məktəblərinin şagirdləri və Bakı şəhəri ilə yanaşı, respublikanın digər regionlarında fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri və 13 000 müəllim olmaqla, ümumilikdə 68 000 nəfər iştirak edib.

 

Qeyd edək ki, 2015-ci ildən etibarən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə “Məktəblilər üçün muzey həftəsi” proqramı ənənəvi şəkildə keçirilir və layihə əsasında yeni interaktiv təhsil proqramı yaradılıb.

 



28.05.2023 | 11:21