Lənkəran Dövlət Universitetinin məzunları üçün Əmək yarmarkası

Lənkəran Dövlət Universitetinin (LDU) və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının  birgə təşkilatçılığı ilə   Əmək yarmarkası keçirilib. Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan Əmək yarmarkasında Lənkəran-Astara  iqtisadi rayonunda fəaliyyət göstərən 31 idarə, müəssisə, təşkilat və fərdi sahibkar iştirak edib.

 

Lənkəran Dövlət Universitetinin yarmarkaya  qatılan məzunları təqdim edilən 900-dən çox vakansiya ilə tanış olublar. Vakansiyalara müraciət edən məzunların anket məlumatları (CV forması) qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət ediliblər.

 

Tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.

 

Əmək yarmarkasında rayon icra hakimiyyətinin rəsmiləri, LDU-nun builki və ötənilki məzunları, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının əməkdaşları, işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak ediblər.

 

Xatırladaq  ki,  bu il LDU-nu bakalavr və magistratura  səviyyələri  üzrə 900-ə  yaxın  tələbə bitirir.

 



26.05.2023 | 19:26