Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində | |
“1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi... Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü...”
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Çağdaş Azərbaycan dövlətçiliyi tarixinə “I Respublika” adı ilə daxil olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün qısamüddətli fəaliyyəti dövründə İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini elan etmiş və onun dünyanın aparıcı dövlətləri tərəfindən de-fakto tanınmasına nail olmuş, xalqın milli mənlik şüurunu özünə qaytarmış, öz milli müqəddəratını təyin etməyə qadir və onu qorumağa, yaşatmağa layiq olduğunu sübuta yetirmiş, eləcə də Şərqdə, türk dünyası və islam aləmində ilk demokratik, dünyəvi, parlamentli dövlət qurmaqla, zəngin mədəniyyətə və ulu tarixi keçmişə sahib olan sivil millət olduğunu bütün dünyaya nümayiş etdirmişdir.
AXC Hökuməti və Parlamenti o dövrün son dərəcə mürəkkəb ictimai-siyasi durumuna və iqtisadi çətinliklərinə baxmayaraq, ölkədə maarifin, təhsilin, bütövlükdə milli mədəniyyətin inkişafını təmin etmək üçün sözün həqiqi və geniş mənasında təkcə mümkün olanları deyil, hətta o zaman üçün mümkünsüz sayılan bir çox ümummilli problemlərin həlli üçün real addımlar atmış, yaxud da tariximizin ondan sonrakı dövrlərində həll olunmuş çoxsaylı maarif, təhsil, mədəniyyət məsələlərinin təməlini, əsasını qoymuş, görüləcək bir çox işlərin ilkin layihələrini hazırlamış, ideya əsaslarını vermişdi...
Milli Hökumət yarandığı ilk gündən başlayaraq xalqın maariflənməsi, təhsillənməsi, savadlanması yolunda, milli kadrların yetişdirilməsi, millətin mədəni və intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində görülməli işləri özünün ali məqsədlərindən biri elan etdi, maarif və mədəniyyətin inkişafını milli azadlığın, milli istiqlalın, müstəqil dövlətçiliyin təməl prinsiplərindən başlıcası kimi irəli sürdü, milli dövlət quruculuğunda, iqtisadi və mədəni quruculuqda maarifin, təhsilin müstəsna rolunu ön plana çəkdi.
Təhsilə, maarifə belə münasibətin nəticəsi idi ki, hələ Tiflisdə yaranan ilk müvəqqəti Milli Hökumət Kabinetinin tərkibindəki 9 nazirlikdən biri Xalq Maarifi Nazirliyi idi. Birinci Azərbaycan Hökuməti Kabinetində “Maliyyə və Xalq Maarifi Nazirliyi” kimi fəaliyyətə başlayan bu nazirlik sonrakı 4 Hökumət Kabinetində “Xalq Maarifi və Dini Etiqad Nazirliyi” kimi adlandırılmışdır. AXC-nin I, II və III Hökumət kabinetlərində Nəsib bəy Yusifbəyli, IV Hökumət Kabinetində Rəşid xan Kaplanov, V Hökumət Kabinetində isə Həmid bəy Şahtaxtinski xalq maarifi nazirləri olmuş, sonuncunun istefasından sonra qısa müddətdə Nurməhəmməd bəy Şahsuvarov xalq maarifi naziri vəzifəsini müvəqqəti icra etmişdir.
AXC Hökuməti 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdükdən sonra Fətəli Xan Xoyskinin rəhbərliyi ilə yaranan ikinci müvəqqəti hökumət kabinetinin Azərbaycan vətəndaşlarına 17 iyun 1918-ci il tarixli müraciətində yeni hökumətin qarşıdakı dövrdə həyata keçirəcəyi tədbirlər içərisində digər sahələrlə yanaşı, təhsil, maarif, məktəb sahəsində aparılacaq islahatların, ilk növbədə təhsil müəssisələrinin milliləşdirilməsi, ölkədə təhsilin, maarifin tezliklə ana dilində aparılmasına keçiləcəyi, eyni zamanda bu proseslərin tədrici yolla, mərhələlərlə reallaşdırılacağı xüsusi olaraq vurğulanırdı. Əslində bu tarixi müraciət müstəqil Azərbaycan dövlətinin təhsil sahəsində ilkin platforması, təxirəsalınmaz tədbirlər proqramı idi.
Çox keçmir ki, iyunun 30-da AXC Nazirlər Şurasının qərarı ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyinin strukturu və ştat cədvəli təsdiq edilir. Həmin struktura nazir, onun yoldaşı (müavini), nazirliyin idarə, şöbə rəisləri və dəftərxana aparatının işçiləri daxil idi. Hökumətin həmin qərarı ilə Xalq Maarifi Nazirliyinin məktəblər idarəsi nəzdində ali və orta ixtisas təhsili, xalq təhsili (ümumtəhsil) və peşə təhsili sahələri üzrə üç müstəqil şöbə də yaradılmışdı.
Milli Hökumətin təhsil, maarif, elm və mədəniyyətin inkişafı sahəsində ayrıca Dövlət Proqramı olmasa da, Parlament tərəfindən maarif, təhsil üzrə xüsusi çərçivə qanun qəbul edilməsə də, Hökumətin III, IV, və V kabinetlərində Hökumət başçılarının Parlamentə təqdim etdikləri platforma (deklarasiya) və Hökumət proqramlarında təhsil, maarif, mədəniyyət sahəsində aparılacaq islahatlara da ayrıca yer verilmişdi. Əslində Parlamentə təqdim olunmuş həmin Hökumət Proqramlarında (deklarasiyalarında) təhsil sahəsində dövlətin yürüdəcəyi siyasətin əsas müddəalarını, prinsiplərini və istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
- Azərbaycanda fəaliyyət göstərən maarif müəssisələrinin, təhsil ocaqlarının qısa müddətdə, istinasız olaraq milliləşdirilməsi; - ölkədə tədrisin, əsasən, dövlət dilində - Azərbaycan türkcəsində aparılmasına nail olunması; təlimi müvəqqəti olaraq başqa dillərdə olan məktəblərdə dövlət dilinin məcburi və intensiv şəkildə tədrisinin təmin edilməsi; - tezliklə hamılıqla ümumi icbari ibtidai təhsilə keçirilməsi; - milli maarif və təhsilin ahəngdar inkişafının milli azadlığın, milli istiqlalın gələcəyinin təməl prinsipi olması ideyasının təhsil quruculuğu prosesində dönmədən həyata keçirilməsi: “İstiqlalımız, istiqbalımız həp maarifə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim üçün fəlah və nicat ümidi qalmaz. Hökumət bunu bilir...” (N.Yusifbəyli: IV Hökumət Kabinetinin Proqramından); - təhsil sahəsində islahatlar aparmaq üçün xüsusi Hökumət Komissiyasının, o cümlədən, təhsilin məzmunu, proqram və dərsliklərin hazırlanması üzrə fənn komissiyalarının təsis edilməsi; - milli məktəbin tərəqqisini təmin etmək məqsədilə milli müəllim kadrların yetişdirilməsi üçün yeni darülmüəllimlərin (kişi müəllim seminariyası) və darülmüəllimatların (qadın müəllimlər seminariyası) yaradılması; bununla yanaşı, ilkin olaraq müəllim hazırlayan qısamüddətli pedaqoji kursların açılması; ilkin zəruri ehtiyacı ödəmək üçün Türkiyədən müəllimlərin dəvət olunması və dərsliklərin gətirilməsi; - təhsilin məzmunu sahəsində islahatların aparılması, yeni proqram və dərsliklərin hazırlanması və nəşri, təhsilin məzmununda milli-mənəvi dəyərlərə-türkçülük, azərbaycançılıq, islamçılıq və avropaçılıq dəyərlərinə üstünlük verilməsi; - ölkənin idarə olunması və iqtisadi müstəqilliyin təmin olunması üçün milli mütəxəssislərin hazırlanması; bu məqsədlə: ölkədə ali və orta ixtisas təhsili məktəbləri şəbəkəsinin qurulması və xarici ölkələrin tanınmış ali məktəblərində azərbaycanlı gənclərin təhsil almalarına şərait yaradılması; - ölkənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ədəbiyyatını öyrənmək üçün elmi müəssisələrin, elmi cəmiyyətlərin, universitetlərin təsis olunması; - sənət, texniki-peşə məktəbləri, ümumi təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi; internat tipli məktəblərin, məktəbəqədər tərbiyə müəssisələrinin dövlət himayəsinə keçirilməsi; - ölkənin hərbi potensialını formalaşdırmaq, müdafiə qüdrətini möhkəmləndirmək məqsədilə milli hərbi mütəxəssislər hazırlayan hərbi təhsil ocaqlarının geniş şəbəkəsinin yaradılması; - ölkə büdcəsindən təhsilə ayrılan xərclərin mərhələlərlə intensiv olaraq artırılması; - ana dilində təhsilin, maarifin inkişafı, əhali arasında savadsızlığın aradan qaldırılması və Azərbaycanın Avropaya mədəni inteqrasiyası məqsədilə əlifba islahatının aparılması, latın əlifbasına keçidlə bağlı Hökumət Komissiyasının yaradılması, ilkin layihənin Parlamentdə müzakirəsi və digər müvafiq təşkilati məsələlərin həlli və s.
Göründüyü kimi, Milli Hökumətin maarif, təhsil sahəsində apardığı siyasətin və ya həyata keçirəcəyi islahatların əsasında ölkənin intellektual potensialının qüvvətləndirilməsi, əhali arasında savadsızlığın ləğv edilməsi, təhsil müəssisələrinin, bütövlükdə təhsil sisteminin milliləşdirilməsi - tədrisin ana dilində - dövlət dilində aparılması yolu ilə xalqın milli dirçəlişinin təmin edilməsi kimi pak amallar, ümummilli məqsədlər dururdu ki, bütün bunlar mahiyyətcə ölkənin dövlət müstəqilliyinin möhkəmlənməsinə, nəhayət, Azərbaycanının müstəqil bir dövlət kimi dünyada tanınmasına birbaşa xidmət edirdi...
Təhsil, maarif, mədəniyyət sahəsində məhz bu müqəddəs amalları həyata keçirən AXC Hökuməti tezliklə milli tariximizə Bakı Dövlət Universiteti kimi ilk çağdaş ali təhsil və elm ocağı təsis edən, ilk milli hərbi məktəblər şəbəkəsi yaradan, ümumi icbari ibtidai təhsilə keçid prosesinə başlayan, çoxsaylı müəllim seminariyaları (o cümlədən Qazax müəllimlər seminariyasını) və pedaqoji kurslar açan, Azərbaycan türkcəsini ilk dəfə dövlət dili elan edən və dövlət dilini təhsil müəssisələrinin əsas tədris dilinə çevirən, dövlət himayəsində ilk məktəbəqədər tərbiyə müəssisələrinin əsasını qoyan, dövlət səviyyəsində 100 nəfərdən ibarət azərbaycanlı gəncin xaricdə təhsilinin təməlini qoyan, əlifba islahatı ilə Avropa mədəniyyətinə yaxınlaşmaq yolunda ilk addım atan demokratik, hüquqi, dünyəvi, sivil dövlət kimi daxil oldu...
Görünür, maarifə, təhsilə, mədəniyyətə xüsusi əhəmiyyət verməyin nəticəsidir ki, AXC Hökumətinin tarixini araşdıran bir çox Qərb alimləri haqlı olaraq o dövrün Milli Hökumətini “maarifçi hökumət”, “ziyalıların hökuməti” kimi dəyərləndirirlər.
Mətləb aydınlığı üçün bununla bağlı bir sıra tarixi məqamlara toxunmaq yerinə düşərdi. Azərbaycanın çağdaş tarixi üzrə Qərbdə tanınmış Amerika tarixçisi professor Tadeuş Svyatoçovski özünün 1985-ci ildə Kembric Universiteti tərəfindən nəşr edilmiş “Rusiya Azərbaycanı: 1905-1920” adlı əsərində “Cümhuriyyət”in təhsil, maarif, mədəniyyət sahəsində gördüyü işlərdən danışarkən yazırdı: “İndi ölkəni artıq ziyalılar idarə etdiyi üçün ana dilində təhsil almaq kimi köhnə arzu artıq reallaşmağa başlamışdı. Yeni rejim bütün səylərini xüsusi olaraq bu sahəyə yönəltmişdi və bu da ruslaşdırma siyasətinin təzahürlərini aradan qaldırmağa kömək etməli idi. Təhsil səviyyəsindən və istiqamətindən asılı olmayaraq, bütün məktəblərdə Azərbaycan dilinin öyrənilməsi məcburi idi. Rusiya tarixi əvəzinə, türk xalqlarının tarixi tədris olunmağa başlanmışdı. Bir çox ibtidai məktəblərdə bütün dərslər Azərbaycan dilində keçirilirdi, lakin müəllim kadrlarının azlığı orta təhsil sisteminin türkcələşdirilməsini (burada söhbət Azərbaycan türkcəsindən gedir - Ə.Q.) ləngidirdi”.
Müəllifin “ölkəni artıq ziyalılar idarə edirdi” fikrinin həqiqət olduğunu ondan görmək mümkündür ki, “Cümhuriyyət” Hökumətində təkcə xalq maarifi nazirləri olmuş Nəsib bəy Yusifbəyli (sonralar IV. V Hökumət Kabinetlərində baş nazir olub) Novorossiysk Universitetinin hüquq fakültəsini, Rəşid xan Kaplanov Sorbonna Universitetinin hüquq fakültəsini, Həmid bəy Şahtaxtinski Novorossiysk Universitetinin hüquq fakültəsini, Nurməhəmməd Şahsuvarov isə Qori Müəllimlər Seminariyasını, Tiflis Müəllimlər İnstitutunu və Kiyev Universitetinin hüquq fakültəsini bitirmiş, Avropa mədəniyyətini, Şərq sivilizasiyasını dərindən mənimsəmiş, vətənpərvər, həqiqi Azərbaycan ziyalıları idilər. Digər tərəfdən, XIX əsrin son rübündən Azərbaycanda başlanan maarifçilik, ana dilində təhsil uğrunda mübarizə hərəkatının, XX əsrin əvvəllərində həmin müstəvidən milli azadlıq hərəkatına keçid etmiş və “Azərbaycan” milli ideyasını, “Azərbaycançılıq” məfkurəsini özündə ehtiva edən, sonralar üçrəngli milli bayrağımızda əbədi simvollaşan “Türkləşmək - islamlaşmaq- avropalaşmaq” milli istiqlal triadasının mahiyyətini dərindən bilən və mənimsəyən, sonralar Milli Hökumətin qurucuları və rəhbərləri olan həmin ziyalıların hökumətin siyasətində təhsilə, maarifə, elmə, mədəniyyətə prioritet kimi yanaşmaları heç də təsadüfi deyildi. Onlar əslində XIX əsrin ikinci yarısından başlanan və yarım əsrdən artıq müddətdə böyük Azərbaycan maarifçilərinin - Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin əsasını qoyduğu, Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə. Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, M.Ə.Sabir, Həbib bəy Mahmudbəyov, Soltan Məcid Qənizadə, Fərhad Ağazadə və başqalarının davam və inkişaf etdirdikləri, böyük Azərbaycan maarifçi-xeyriyyəçiləri H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Muxtarov, M.Nağıyev, İ.Hacinski va başqalarının himayə etdikləri milli maarifçilik ideyalarını həyata keçirmək üçün tarixi şans əldə etmişdilər...
Etiraf etməliyik ki, Azərbaycanın maarifçi-xeyriyyəçi mesenatlarının xalq maarifi, milli ziyalıların yetişdirilməsi, milli mətbuat və mədəniyyətin inkişafı sahəsində xidmətləri Xalq Cümhuriyyəti dövründə öz tarixi işini gördü, milli və ümumbəşəri (Avropa) dəyərlərə söykənən çağdaş təhsil sisteminin qurulmasında təməl, əsas, baza rolunu oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyindəki çıxışında Ulu Öndər Heydər Əliyev onun yaranmasını doğuran tarixi, siyasi və mədəni amillərə toxunaraq deyirdi: “Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəllindəki dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi, fəlsəfi mühiti ilə bağlıdır. Demək olar ki, o zaman Azərbaycanda və onun ətrafında gedən proseslər həmin o mühitin məntiqi nəticəsi olmuşdur... Amma, eyni zamanda belə bir cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər. Onlar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəllində gedən proseslərdə iştirak etmiş va birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdılar...”
Deyilənlər sübut edir ki, Xalq Cümhuriyyətini yaradanların, onu idarə edənlərin əsil ziyalı olmaları xalqın maariflənməsi yoluna da həqiqi mənada işıq tutmuş, maarifə, təhsilə üstünlük vermələrini təmin etmişdir. Bu tarixi şansdan millətin, xalqın, dövlətin mənafeyi üçün gen-bol istifadə edən Milli Hökumət sonrakı nəsillər üçün elə bir təməl, elə bir əsas qoydu ki, bütövlükdə XX əsr Azarbaycan təhsili, maarifi, elmi, mədəniyyəti bu zəmin, bu fundament üzərində formalaşıb inkişaf etdi. Bu tarixi həqiqətdir! Bu reallıqla sadəcə iftixar etmək olar!..
AXC Hökumətinin qısa müddətdə maarif, təhsil, mədəniyyət sahəsində həyata keçirdiyi tarixi işlər haqda “Cümhuriyyət”in qurucularından olan M.Ə.Rəsulzadə Lahıcda gizli şəkildə qələmə aldığı “Əsrimizin Səyavuşu” (1920, iyul) əsərində təhsil sahəsində başlanmış irimiqyaslı maarifçilik hərəkatından danışarkən yazırdı: “Təhsil-tərbiyə təşkilatına ayrı bir təzəlik verilmişdi. Məmləkəti irfanın (maarifin, elmin) nuruyla işıqlandırmaq üçün ciddiyyətlə işə başlanmışdı. Ümumi öğrənimin (ümumi təhsilin) həyata keçirilməsi əsas tutularaq, bunu təmin etmək üçün bir tərəfdən məktəblər açılır, digər tərəfdən yeni qurulmuş erkək (kişi) va qızlar darülmüəlliminləri vasitəsi ilə öyrətmənlər (müəllimlər) hazırlanırdı. İbtidai məktəblərin çoxalmasına xidmət etmək üçün xüsusi şəkildə İstanbuldan öyrətmənlər gətirilmişdi. Bundan başqa, xüsusi olaraq hər bir qəza mərkəzində öyrətmənlər kursu açılmışdı. Maarif işində qadınların tərbiyəsi (təhsili) də kişilərlə bərabər tutulurdu. Mövcud rus gimnaziya və liseylərindən biri tamamilə milliləşdirilmiş, bir çox qız ibtidai məktəbləri açılmış, hamısı da qızlarla dolmuşdu.
Azərbaycan gəncliyini elm va texnika əsrinə hazırlamaq üçün Bakı Universiteti açılmışdı. Bundan başqa, yüzə yaxın tələbə müxtəlif texniki sahələrdə təhsil almaq üçün dövlət məsrəfi ilə Avropanın universitetlərinə və digər yüksək məktəblərinə göndərilmiş, bir o qədər də tələbənin İstanbula yollanması qərara alınmışdı...”
AXC Hökumətinin təhsilin, maarifin və mədəniyyətin inkişafına xüsusi önəm verməsinin əsas göstəricilərindən biri bu sayıla bilər ki, həmin dövrdə dövlət büdcəsindən təhsilə ayrılan vəsait başqa sahələrlə müqayisədə üstünlük təşkil edirdi. Müqayisə üçün deyək ki, Milli Hökumətin 1919-cu il dövlət büdcəsində (cəmi: 665 milyon manat) təhsilə ayrılan vəsait (75 milyon manat) az qala milli orduya ayrılan vəsaitə (80 milyon manat) bərabər olmuşdu...
Bütövlükdə milli təhsil tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, maarif və mədəniyyət sahəsində apardığı islahatlar, yürütdüyü milli siyasət, həyata keçirdiyi və nəzərdə tutduğu ideyalar, təhsilin milliləşdirilməsi yolunda atdığı tarixi addımlar sonrakı təhsil tariximizdə təməl prinsiplər kimi, əsasən, qorunub saxlanılmış, Milli Hökumətin nəzərdə tutduğu, lakin tarixin gedişi səbəbindən həyata keçirilməsi mümkün olmayan milli təhsil quruculuğu sahəsində müqəddəs amalları müstəqil Azərbaycanda gerçəkliyə çevrilmişdir.
Əsgər QULİYEV, ARTİ yanında Tədris Resursları Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim
|
|
28.05.2023 | 10:22 | |
|
|
|