Ümummilli Liderin milli vətənpərvərlik konsepsiyası | |
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin nəzəri irsində və əməli dövlətçilik təcrübəsində milli tərbiyə, milli vətənpərvərlik konsepsiyası mühüm yer tutur. Milli tərbiyənin başlıca qayəsi, ilk növbədə, gənclərin dövlətçilik, müstəqillik, azadlıq və onların qorunması uğrunda mübarizlik ruhunda tərbiyə olunmasından ibarətdir. Ulu Öndər Heydər Əliyevin məruzə, nitq və çıxışlarında müstəqil Azərbaycanın milli tərbiyə, milli vətənpərvərlik konsepsiyasının mühüm komponentləri, təməl prinsipləri öz əksini tapmışdır. Heydər Əliyev Azərbaycan gənclərinin Birinci forumunda söylədiyi nitqində (2 fevral 1996-cı il) milli-mənəvi tərbiyənin proqramını, onun reallaşdırılması imkanları və yollarını müəyyən etmişdir. Ulu Öndər gənclərin qarşısında duran əsas vəzifələrdən birinin mənəvi tərbiyə, vətənpərvərlik tərbiyəsi məsələsi olduğunu göstərmişdir. Ümummilli Liderimizin milli tərbiyə ilə bağlı konseptual baxışlarında vətənpərvərlik aparıcı yer tutur. Bu məsələyə böyük əhəmiyyət verən Ulu Öndər vətənpərvərliyin mahiyyətini açıqlayarkən göstərir ki, “Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.
Heydər Əliyev vətənpərvərliyin təkcə Vətən, yurd sevgisi ilə məhdudlaşmadığını qeyd edərək onun məzmununa, ilk dəfə olaraq, milli vətənpərvərlik anlayışını da daxil etmiş, gənclərimizi milli ruhda tərbiyələndirməyi vacib saymışdır: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Heydər Əliyev bu keyfiyyətlərə ana dilimizi - Azərbaycan dilini sevməyi, mükəmməl öyrənməyi də əlavə edərək gənclərimizə tövsiyə edirdi ki, “Öz ana dilimizi - Azərbaycan dilini yaxşı mənimsəmək lazımdır, bu dili sevmək lazımdır. Çünki öz dilini bilməyən adam öz tarixini yaxşı bilməyəcək, bizim ədəbiyyatımızı, mədəniyyətimizi, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır”. Ulu Öndər “Müstəqil Azərbaycanın gələcəyi gənclərdir” mövzusunda söylədiyi nitqində fikrinə yekun vuraraq göstərir ki, ümidvaram, bizim gənclərimiz tariximizi daha da yaxından öyrənəcək, doğma Azərbaycan dilimizi mükəmməl mənimsəyəcək və bunlar hamısı hər bir gənc Azərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaşadacaqdır. Heydər Əliyevin milli vətənpərvərlik ideyası milli-mənəvi tərbiyənin mühüm tərkib hissəsi kimi daha geniş məzmuna malikdir. Ulu öndər gənclərə müraciət edərək deyirdi: “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir”.
Ulu Öndərə görə, bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcək və şübhəsiz ki, ölkənin ictimai-siyasi həyatında, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir. Ümummilli Lider Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyasında insanın Vətənə, xalqa, millətə, dövlətə, insana, milli-mənəvi dəyərlərimizə hörmət və sevgi hissi sədaqətlilik hissi ilə qırılmaz vəhdət təşkil edir və tərbiyə işində vacib bir tələb kimi nəzərə alınmalıdır.
Ulu Öndər Heydər Əliyevin milli tərbiyə ilə bağlı nəzəri-pedaqoji irsində vətənpərvərlik və Azərbaycançılıq ideyaları sıx birləşir; azərbaycançılıq hissi Azərbaycan sevgisində, Ana Vətənə məhəbbətdə təzahür edir. “Azərbaycanı sevmək - azərbaycançılıq hissiyyatını özündə cəm etmək deməkdir” kimi səciyyələndirən Heydər Əliyev bunu onunla əsaslandırırdı ki, dünyanın çox ölkələrində azərbaycanlılar yaşayır. Onlar da azərbaycanlılardır, onlarda da azərbaycançılıq hissləri yaşamalıdır, onlar da Azərbaycanla bağlı olmalıdırlar. Ulu Öndər əlavə edirdi ki, Azərbaycan dövləti yaşadıqca, inkişaf etdikcə, böyüdükcə bütün dünyada yaşayan azərbaycanlılar bizim müstəqil Azərbaycanla əlaqəni daha da artıracaq, inkişaf etdirəcək, hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq özünü azərbaycanlı kimi dərk edəcəkdir.
Ulu Öndərin böyük inamla, uzaqgörənliklə ifadə etdiyi bu sözlər artıq özünü doğrultmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin və onun milli dövlətçilik kursunu, azərbaycançılıq ideyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin apardıqları müdrik dövlətçilik, uğurlu xarici siyasət, diplomatiya və diaspora fəaliyyəti sayəsində dünya azərbaycanlıları Azərbaycançılıq ideyası ətrafında sıx birləşərək müstəqil Azərbaycanın inkişafı, möhkəmlənməsi naminə həmrəylik göstərir, birgə mübarizə aparırlar. Ulu Öndərin “azərbaycançılıq” ideyası dünya azərbaycanlılarının fəal mübarizəsində bundan sonra da qiymətli ideoloji proqram rolunu oynayacaqdır.
Milli vətənpərvərlik heç də dünya azərbaycanlılarının doğma Vətən sevgisi, həmrəyliyi ilə məhdudlaşmır. Heydər Əliyevin milli vətənpərvərlik ideyası həm də Azərbaycanda yaşayan bütün millətlərin birliyini, həmrəyliyini, doğma Vətənə - Azərbaycana sevgi və sədaqətini nəzərdə tutur. Ulu Öndər bu münasibətlə deyirdi: “Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərin doğma Vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik. Mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycanda millətlər arasında olan əlaqələr dostluq əlaqələridir, bir-birinə hörmət, ehtiram əlaqələridir və biz bu əlaqələri inkişaf etdirəcəyik, yaşadacağıq, qoruyub saxlayacağıq”. Ulu Öndər bunu Azərbaycanın çoxmillətli, çoxdilli ölkə kimi xüsusiyyətləri ilə izah edir və göstərir ki, Azərbaycanın bu xüsusiyyətlərini qoruyub saxlamaq bizim borcumuzdur, gənclərimizin vəzifəsidir. Azərbaycançılıq ideyası təkcə Azərbaycandakı Azərbaycan etnosunu əhatə etmir, həm də orada yaşayan bütün millətləri, milli azlıqları birləşdirir.
Fəxrlə demək olar ki, Azərbaycanda yaşayan bütün millətlər (ermənilər istisna olmaqla) azərbaycanlılarla həmrəylik şəraitində yaşamış, Vətənin çətin anlarında - I Qarabağ və Vətən müharibəsində döyüşlərdə iştirak etmiş, bir qismi isə böyük şücaət göstərərək orden və medallarla təltif edilmişlər. Bunu Ulu Öndər Heydər Əliyevin və onun layiqli siyasi varisi İlham Əliyevin uğurlu milli dövlətçilik, milli birlik və həmrəylik siyasəti ilə izah etmək olar.
Ümummilli Liderimiz Heydər Əliyevin milli dövlətçilik və vətənpərvərlik ideologiyasının mühüm komponentlərindən biri də dövlət rəmzləri ilə bağlıdır. Azərbaycanın dövlət rəmzlərinə - bayraq, gerb və himninə hörmət və ehtiram hisslərinin aşılanması milli tərbiyə, o cümlədən - vətənpərvərlik tərbiyəsi baxımından böyük əhəmiyyət kəsb edir. Ulu Öndər respublikanın təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşdə söylədiyi nitqində (31 avqust 1999-cu il) bu məsələdən bəhs edərək demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. Ulu Öndər dövlətçilik rəmzlərinin tətbiqi ilə bağlı öz mülahizələrini də bildirmişdir. Dövlət himni ilə bağlı deyirdi ki, himnimizi dinləmək yox, oxumaq lazımdır. Himn çalınan vaxt insanlar bu himnin sözlərini oxumalıdırlar, bunun əhəmiyyəti var; bir var ki, onu dinləyəsən, bir də var ki, o mahnının, musiqinin sədaları altında o sözləri oxuyasan. “Bunlar da insanlarda vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə kömək edir. Eyni zamanda bu, ona görə vacibdir ki, himnimizə xüsusi hörmətin təzahürüdür”. Ulu Öndər bütün məktəblərin - ali və orta məktəblərin şagird, tələbə və müəllimlərinin Azərbaycanın himnini oxumalarını, həm də xorla, ayaq üstdə oxumalarını təşkil etməyi bir vəzifə kimi qoymuşdur.
Bayrağımıza münasibətdə Heydər Əliyev deyirdi ki, “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun”. Ulu öndər tövsiyə edirdi ki, gərək Azərbaycan dövlətinin bayrağı tək rəsmi yerlərdə, məktəblərdə yox, hər bir evdə olsun, hər bir ailənin əziz bir hissəsi olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin.
Dövlət rəmzləri ilə bağlı Ulu Öndər Heydər Əliyevin proqram xarakterli görüşləri vətəndaşlarımızda, xüsusən gənclərdə milli vətənpərvərlik və azərbaycançılıq hisslərinin, Vətənə, millətə, xalqa, dövlətimizə sevgi və sədaqət ruhunun tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir, təhsil-tərbiyə işinin müstəqil dövlətçilik prinsiplərinə uyğun qurulmasına xidmət göstərir. Bu baxımdan, Ümummilli Liderin milli dövlətçilik rəmzlərinin mahiyyəti və tətbiqi ilə bağlı irəli sürüb əsaslandırdığı konseptual fikir və tövsiyələrin təhsil müəssisələrində sistemli öyrənilməsi gənclərin dövlətçilik, milli vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rol oynayır.
Azərbaycanda dövlət atributlarının təbliği və tədrisi işini gücləndirmək, sistemli şəkildə qurmaq məqsədilə Heydər Əliyev 1998-ci il martın 13-də “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu sərəncam Ulu Öndərimizin milli müstəqillik və dövlətçiliyimizin rəmzlərinin ölkə vətəndaşları, xüsusən Azərbaycan gəncliyi tərəfindən dərindən öyrənilməsinə nə dərəcədə yüksək qiymət və əhəmiyyət verdiyinin əyani sübutudur.
Gənc nəslin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində Ümummilli Liderin konseptual görüşlərinin, qiymətli fikirlərinin həyata keçirilməsində məktəbin, müəllimin böyük rolu vardır. Onların üzərinə mühüm vəzifələr düşür. Tərbiyə işinə, o cümlədən, vətənpərvərlik tərbiyəsinə kiçik yaşlardan başlamağın vacibliyini qeyd edən Ulu Öndər deyirdi ki, “Vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır. Xalqımızın təbii xüsusiyyəti ondan ibarətdir ki, xalqımız vətənpərvərdir. O, ana bətnində vətənpərvərlik hisslərini özündə toplayır”.
Heydər Əliyev gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanmasında tədrisin, tərbiyənin rolunu yüksək qiymətləndirir və deyirdi ki, tədrisin, tərbiyənin bu sahədə çox böyük əhəmiyyəti vardır, xalqımızı, millətimizi, gənclərimizi vətənpərvərlik hissi ilə tərbiyə etmək təhsilin əsas istiqaməti, hissəsi, məktəblərimizin, müəllimlərimizin borcudur. Ulu Öndər uşaqlara hərtərəfli təhsil verməyi, orta məktəblərdə keçilən bütün fənləri mənimsətməyi vacib sayırdı. Bunların hamısı ilə bərabər o, qeyd edirdi ki, bizim xalqımızın zəngin tarixini, mədəniyyətini, mənəviyyatını, mənəvi dəyərlərini uşaqlara öyrətmək, çatdırmaq, uşaqları məhz həmin ənənələr ruhunda tərbiyə etmək müəllimlərin müqəddəs borcudur.
Ümummilli Lider təhsillə yanaşı gəncləri vətəndaş kimi gələcəyə hazırlamağı məktəbə, müəllimə tövsiyə edirdi. Respublika təhsil işçiləri ilə görüşündəki niqtində (31 avqust 1999-cu il) o müəllimlərə müraciətlə deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşalara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır. Gərək hər bir insan eyni zamanda həm də vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Ona görə də orta təhsil sisteminə çox ciddi fikir vermək lazımdır”.
Ulu Öndər uşaq və gənclərin düzgün tərbiyəsi üçün, vətənpərvərlər kimi formalaşması üçün məktəbdə mənəvi saflıq, düzlük, ədalət mühiti yaratmağı, müəllimlərin, tərbiyəçilərin əsl vətənpərvərlik nümunəsi göstərmələrini vacib hesab edirdi: “Biz müstəqil Azərbaycanın gələcəyini formalaşdırırıq. Bu gənc gərək mənəviyyatca saf olsun. Ona görə də gərək mənəvi saflıq orta məktəblərdə və ali məktəblərdə hökm sürsün. Gərək o, vətənpərvərlik hissi ilə yaşasın, vətənpərvərlik hissi ilə tərbiyə olunsun. Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər. Onlar gərək Azərbaycan dövlətinə, Azərbaycanın gələcəyinə sadiq vətəndaşlar olsunlar. Bunların hamısı məktəblərdə, universitetlərdə formalaşmalıdır”.
Ümummilli Liderimiz Heydər Əliyevin milli dövlətçilik, milli müstəqillik ideyaları, milli tərbiyə, milli vətənpərvərlik konsepsiyası, zəngin nəzəri irsi, şəxsi nümunəsi və dövlətçilik fəaliyyəti gənc nəslin vətənpərvərlik, azərbaycançılıq ruhunda, milli və ümumbəşəri dəyərlər zəminində tərbiyəsi baxımından qiymətli mənbədir. Müstəqil Azərbaycan gənclərinin vətəndaşlıq, şəxsiyyət bütövlüyü və kamillik örnəyi olan bu zəngin mənbəni dərindən öyrənmək, gənc nəslin vətənpərvərlik, azərbaycançılıq və Heydər Əliyev nümunəsində tərbiyəsi işində geniş istifadə etmək lazımdır.
Məcid İSMİXANOV, BDU-nun pedaqogika kafedrasının professoru
|
|
27.05.2023 | 10:22 | |
|
|
|