ADPU-da bayram tələbələrlə birgə qeyd olunub
Qloballaşan dünyada təhsil günü-gündən həlledici faktora çevrilir.Çünki məhz  təhsilin inkişafı ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, dünyada nüfuzunun artması  ilə birbaşa bağlıdır. Bu inkişafın mərkəzində də müəllim durur. Çünki məhz müəllim ölkə üçün çox vacib olan yüksək intellektli, bilikli, müasir səriştələrə malik, əmək bazarına hazır, eyni zamanda əxlaqı, mənəvi saflığı, vətənpərvərliyi, vətənə sadiqliyi ilə ən yüksək səviyyədə duran insan kapitalı yetişdirir. Artıq 100 ilə yaxındır ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti də bu missiyanı öz üzərində şərəflə daşıyır.
 
Oktyabrın 5-də ADPU-da Beynəlxalq Müəllimlər Günü bu dəyərli peşənin indiki və gələcək sahibləri ilə birgə qeyd olunub. Təhsil Nazirliyinin məsul şəxslərinin,Səbail Rayon İcra Hakimiyyətinin təmsilçilərinin, ali məktəb rektorlarının, təhsil ekspertlərinin, məktəb direktorları və KİV əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdən əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmolq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad ediblər. 
 
 
Müəllim peşəsinin ictimai nüfuzu artır

Tədbirdə həmçinin 2018-2019-cu tədris ilində 500-dən yüksək bal toplayaraq müəllimlik ixtisasını seçən ADPU-nun, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin və Xəzər Universitetinin tələbələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ADPU-nun müəllim və tələbələrinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

 
Tədbirdə çıxış edən ADPU-nun rektoru, professr Cəfər Cəfərov bu tarixin ölkənin bütün təhsil ictimaiyyəti üçün xüsusi bir gün kimi olduğunu vurğulayıb.  Ümummilli  lider Heydər  Əliyevin  "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" sözlərini xatırladan rektor ölkəmizdə təhsil sistemində aparılan uğurlu işlərdən danışaraq, müəllim peşəsinin nüfuzunun artırılması üçün böyük işlər görüldüyünü qeyd edib.  
 
Rektor Təhsil Nazirliyi tərəfindən aparılan genişmiqyasılı islahatların məqsəd və hədəflərindən birinin məhz yüksəkixtisaslı pedaqoji kadrlar hazırlanması və cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun artırılması olduğunu bildirib.  C.Cəfərov əvvəlki illərdən fərqli olaraq builki qəbul imtahanlarında yüksək bal  toplayan abituriyentlərin müəllimlik ixtisasını seçdiklərini bildirib. Bu isə müəllimlk peşəsinin artan nüfuzundan xəbər verir. 
 
Rektor çıxışının sonunda müəllimləri, tələbələri təbrik edib. O vurğulayıb ki, yüksək bal toplayan gənclər müəllimliyi seçməklə qəbul olduqları ali məktəblərə şərəf gətiriblər.
 
 
"Müəllim peşəsini seçdiyinizə görə qürur duyacaqsınız"
 
 
Təhsl nazirinin müavini Məhəbbət Vəliyeva çıxışında bildirib ki, bu gün dünyanın bütün ölkələrində müəllim günü qeyd olunur: "Pedaqoji universitetdə belə bir günün qeyd olunması xüsusi haldır. Əslində, müəllim hazırlayan bir ali məktəbdə bayramın tələbələlə birlikdə keçirilməsi bu peşənin nə qədər nüfuzlu, şərəfli olduğundan xəbər verir".  O qeyd edib ki, son illər ölkəmizdə aparılan islahatlar müəllim peşəsinə oaln marağıdaha da artırıb. Bu gün müəllim peşəsinə olan marağı  görən gənclər gələcəkdə müəllim olmağa üstünlük veriblər. Tələbələrə üz tutan nazir müavini: "Əminəm ki, siz 4 ildən sonra müəllim peşəsini  seçdiyinizə görə qürur duyacaqsınız" deyib.
  
Nazir müavini qeyd edib ki, 500-dən artıq bal toplayan gənclərdən 2090 nəfərinin pedaqoji ixtisasları seçməsi müəllim nüfuzuna dəlalət edən yeganə faktor deyil. Belə ki, Təhsl Nazirliyi tərəfindən bu il mərkəzləşdirilmiş qaydada işəqəbul imtahanlarında iştirak edərək müəllim olmaq istəyənlərin sayı 50 min nəfərdən çox olub. Onlardan bəziləri əvvəllər müəllim işləmiş, sonradan isə məktəbdən ayrılmış insanlardır. İmtahanların nəticəsinə görə 4 min 83 nəfər daimi əsaslarla işə qəbul olunub. Təxminən 2 min müəllim müddətli müqavilə əsasında məktəblərdə işini davam etdirəcək.
 
 
M.Vəliyeva bildirib ki, son illərdə ölkəmizdə fəaliyyət göstərən 4500 məktəbin 3500-ü yenidən əsaslı təmir olunub. Yeni məktəblərdə dərs həm də təhsilin keyfiyyətini artırır: "Ancaq cəmiyyətdə təhsilin inkişafını təmin edən əsas faktor müəllimdir. Razılaşmalıyıq  ki, ölkənin inkişafını təmin edən həlledici fakor  təhsildir. Buz gün təkcə ölkəmizin  deyil, dünyanın nüfuzlu ali məktəblərinə qəbul olan tələbələrimiz var ki, onların yetişməsində fədakarlıqla çalışan müəllimlərimiz var".   
 
Nazir müavini çıxışının sonunda bayram ərəfəsində bir qrup təhsil işçisinin təltif olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını çatdırıb. Müəllimlərə isə fədakar və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. 
 
 
Oruc MUSTAFAYEV
 


05.10.2018 | 19:50