Yeniyetmə rəssam “El bilir ki, sən mənimsən” adlı rəsm sərgisində 16 rəsm əsəri ilə iştirak edib | |
Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı rəsm sərgisi keçirilib.
Azərbaycan Rəssamlar İttifaqında təşkil olunan sərgidə gənc rəssamların Vətən məhəbbətini əks etdirən çoxsaylı əsərləri nümayiş etdirilib.
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi, gənc rəssam Nərmin Abdullayevanın və onun rəhbərlik etdiyi dərnəyin 13 üzvü - 8-16 yaş qrupuna daxil olan yetirmələrinin rəngarəng və özünəməxsus əsərlərində milli adət-ənənələrimiz, qədim, tarixi abidələr, təbiət mənzərələri, xalqımızın zəngin və çoxşaxəli folklor nümunələri, o cümlədən qədim bayramlar, rəqslər, milli oyunlar, nağıllar təsvir olunub.
Sərgidə iştirak edən kiçik rəssamlar dəfələrlə respublika və beynəlxalq sərgi müsabiqələrin qalibləri kimi, I, II, III yerlərə, qızıl, gümüş, bürünc medallara layiq görülüblər. Bu iştirakçılar arasında ölkədaxili və ölkə xaricində keçirilən rəsm müsabiqələrinin qalibi, Xətai rayonu 263 nömrəli məktəbin 9 sinif şagirdi Zivər Rzayevanın adı xüsusi vurğulanmalıdır. O, “El bilir ki, sən mənimsən” adlı rəsm sərgisində milli adət-ənənələrimizin tərənnümünə həsr olunmuş 16 rəsm əsəri ilə iştirak edib.
Qeyd edək ki, əsərlərini Zivər Rza imzası ilə tanıdan gənc rəssamın əl işləri Çex Respublikası, Rusiya Federasiyası, Mərakeş Krallığı və digər ölkələrin təşkil etdiyi müsabiqələrin qalibi kimi müxtəlif diplom və sertifikatlara layiq görülüb.
|
|
23.05.2023 | 18:17 | |
|
|
|