Bu gün təhsildə nə dəyişməlidir?

Son dövrlər hazırkı nəslin təlim-tərbiyəsi və davranışları ilə əlaqədar tədqiqat xarakterli çoxlu məqalələr yazılır. Müxtəlif platformalarda bu məqalələr müzakirə olunur, sosial və ənənəvi mediada bir-birinə zidd olan fikirlər söylənilir. Hazırkı nəslin təlim-tərbiyəsi və davranışları ilə əlaqadar ciddi iradlar yazılır, dəyərlərimiz və mədəniyyətimizin gözümüz önündə əridiyi, dürüst həyat tərzinə alışmış nəsillərin isə gələcəkdə məhv olacağı iddia olunur. Bu iddiaları söyləyənlərin səmimiyyətinə və milli dəyərləri qorumaq kimi saf məramlarına inanmamaq mümkün deyil. Bu irad və tənqidlərdə milli-mənəvi dəyərlərin qorunması əsas süjeti təşkil edir. Qaldırılmış əsas məsələlər günün və gələcəyin prioritetidir, lakin dəyərlərimiz və milli mədəniyyətimizin dağılması, məhv olması kimi fikirlər qəbul edilməzdir. Bəli, zaman və texnologiya, virtual kommunikasiya, sürətli dəyişikliklər, fiziki və zehni sürətin artımı düşüncə və davranışda ciddi dəyişikliklərə səbəb olur. Lakin bu, məhv yox, ancaq dəyişiklikdir. Əsl dəyərlər əsrlərin sınağından çıxıb və indiki çətin zamanın da sınağından çıxacaq. Dürüst həyat tərzi isə kifayət qədər mübahisəli mövzudur. “Hansı zaman kəsiyində kimlərin həyat tərzi daha dürüst olub?” - sualına cavab çox çətindir. Dürüstlük isə həmişə mübarizə aparıb və aparacaq da. Aparılan müşahidələr və təhlillər göstərir ki, müasir gəncliyin böyük əksəriyyəti dürüstlüyü, vətənpərvərliyi və milli maraqları qoruya biləcək dəyərlərə sahibdir. Onlar bu dəyərləri öz qəhrəmanlıqları ilə sübut etdilər. Əlbəttə ki, istisnalar da mövcuddur, lakin bu istisnaları indiki gənc nəslə bütövlüklə aid etmək olmaz. Bir məsələnidə unutmayaq ki, gəncliyə inanmaq lazımdır, onları biz yetişdirmişik və biz də qorumalıyıq.

 

Bəs bunu necə etməliyik? Nəyi dəyişməliyik?

 

Bu gün Azərbaycan cəmiyyəti, o, cümlədən təhsilimiz ciddi islahatlar dövrünü yaşayır. Bu islahatlarda valideynlərin, ailənin, cəmiyyətin və təhsilverənlərin rolu və məsuliyyəti böyükdür. Üzərimizə düşən işi, vəzifəni layiqincə yerinə yetirmək üçün, ilk növbədə, təhsilalanlarımızı yaxşı tanımalıyıq. Bu məqsədlə bu məqalədə dünyanın aparıcı universitet və tədqiqat mərkəzlərinin hazırkı gənclər/nəsil, onların təhsilə cəlb olunması, təhsilə maraqları barədə apardıqları tədqiqatların nəticələrini təhlil edərək ümumiləşdirməyə çalışmışıq.

 

İlk növbədə nəzərə alınmalıdır ki, təhsilə cəlb olunmuş hər yeni nəsil tələbələri fərqli tədris və öyrənmə strategiyası tələb edir. Təəssüf ki, dünya təhsil sistemi və o cümlədən də Azərbaycan təhsil sistemi bu gün dərs dediyimiz tələbələrin tələblərinə uyğun sürətlə dəyişə, təhsil mühitimizi onların tələblərinə uyğun hazırlaya bilmədi. Son dövrlər aparılan islahatlar isə kifayət qədər müqavimətlə qarşılandı.

 

Müşahidələr göstərir ki, bəzi təhsilverənlər nəzəriyyəyə o qədər bağlıdır ki, auditoriyaya daxil olanda tələbələrin ehtiyaclarını necə effektiv şəkildə qarşılayacağımızı belə bilmirlər. Tələbələrimizin ehtiyaclarını ödəmiriksə, deməli tədris üsul və metodlarımızı yenidən qiymətləndirməliyik. Nəsil dəyişikliyinə, onların tələblərinə uyğun təcrübələrimizdən istifadə edərək tələbələr üçün ən effektiv öyrənmə mühitini yaratmaq, nəyin işlədiyini və ya işləmədiyini başa düşmək vacibdir. Bunun üçün isə, ilk növbədə, tələbələrimizin/təhsil alanlarımızın kim olduğunu bilməliyik. Hazırda Z nəsli tələbələrimiz unikal problemlər toplusunu təqdim edirlər. Keçmişdə işləmiş, müvəffəqiyyət qazanmış yanaşma və metodlar indi işləməyə bilər. Hazırkı Z nəsli tələbələrimizə çatmaq (bəli, səhv deyil, çatmaq, onlar çox məsələlərdə bizi qabaqlayırlar) üçün gəlin onların kim olduğuna və nəyə ehtiyacı olduğuna nəzər salaq.

 

Z nəsli tələbələrinin xüsusiyyətləri və onların əsas ehtiyacları

 

Bu nəslin tələbələri texnologiyanın sürətli inkişafı dövründə doğulub və tərbiyə olunublar - Z nəslinin tələbələri rəqəmsal öyrənənlərdir, yəni smartfonlardan əvvəl mövcud olan dünya haqqında yaddaşları azdır və ya heç yoxdur. Əvvəlki nəsillər kompüter və internet inqilabları ilə yaşayırdılar, halbuki Z nəsli yalnız yüksək texnologiya imkanları olan bir dünya tanıyır. Tələbələrimizin texnologiya ilə əlaqəsini anlamaq çox vacibdir. Onlar texnologiyalardan necə bacarıqlı və effektiv şəkildə istifadə edəcəyini bilirlər. Bunu qeyri-adi bacarıq kimi düşünmək lazım deyil. Bu nəsildən ibarət auditoriyalarda təhsil məqsədləri üçün “texnologiyaya yiyələnmək” anlayışımız düzgün deyil. Beləliklə, biz tədris məqsədləri üçün yeni kompüter texnologiyalarını təqdim edərkən, platformadan düzgün istifadə etməyi öyrətmək üçün vaxt ayırmalıyıq. Tələbələr texniki bacarıqları ilə bizi heyrətləndirmək üçün bundan başlanğıc nöqtəsi kimi istifadə edə bilərlər. Bu nəsli effektiv şəkildə öyrətmək bir az incəlik tələb edir. Onlar texnologiya ilə tərbiyə olunub və cihazlardan, kompüterlərdən, proqramlardan və sosial mediadan rahat istifadə edirlər. Texnologiya onların beynini fərqli düşüncə tərzinə öyrədib və effektiv öyrənmə təmin etmək üçün pedaqoqlar bu yeni yola riayət etməlidirlər. Texnologiya bu nəslin nümayəndələrində vizual öyrənməni gücləndirir, daha çox iştiraka kömək edir, məhsuldarlığı artırır, lakin təəssüf ki, bununla paralel olaraq bu nəsildə sosial və emosional həssaslıq güclənir və bu, onların psixoloji durumlarına ciddi təsir göstərir. 

 

Bu nəslin psixoloji sağlamlığının qayğısına qalmalıyıq - Təəccüblü deyil ki, sosial mediada formalaşan qeyri-sağlam münasibətlər, eyni zamanda  kiber zorakılığın artması ilə intihar və depressiya hallarının artmasının əlaqəli olması - bir-birinə qarşılıqlı təsir göstərməsi artıq müzakirə mövzusu deyil. Əksər tədqiqatçıların araşdırmaları və statistik məlumatlar son on ildə yeniyetmə qızlar arasında intihar nisbətinin vəözünə zərər vurma hallarının artdığını deməyə əsas verir. Bu tədqiqatlar göstərir ki, tələbələrimiz sosial və emosional baxımdan həssasdır. Tələbələrimizin öz emosiyalarını cilovlamaq və qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmək yollarını tapmaqda onlara dəstək olmalıyıq.Tədris prosesini formalaşdırarkən sosial və emosional ehtiyaclarına uyğun yanaşma öyrənmə prosesinə böyük təkan verə bilər. Sosial və emosional cəhətdən həssas olan bu nəslin xüsusiyyətlərindən biri də onlar özlərinin vacib saydıqları məzmuna üstünlük vermələridir.

 

Bu nəsil vacib olmayanları dinləməyəcək - Bu nəslin tələbələri digər nəsillərə nisbətən daha çox standartlaşdırılmış testlərə dözməli olublar. Onlar tədris etdiyimiz məzmunu vacib saymırlarsa və ya “sınaq üçün öyrədildiklərini” hiss edirlərsə, öyrətdiklərinizi əhəmiyyətli hesab etməyəcək və öyrənməyəcəklər. Rasionallaşdırma ehtiyacı ilə yanaşı, bu nəsil daha qısa diqqət müddətinə malikdir. Tədris prosesini təşkil edərkən qeyd edilənləri nəzərə alaraq aşağıdakıları diqqətdə saxlamalıyıq:

 

* Tələbələrin fərqliliyə ehtiyacı var, onlar məlumatları müxtəlif forma və üsullarla əldə etməyi üstün tuturlar;

* Uzun-uzadı mühazirələri, slayd təqdimatlarını və danışıqları istəmirlər. Fəal öyrənmə mühitinə, öz-özünə öyrənməyə və mühitin daimi dəyişməsinə üstünlük verirlər;

* Video materiallardan, vizual vasitələrdən istifadəyə və onların müzakirələrinə üstünlük verirlər;

* Yumşaq bacarıqları öyrənməyə daha meyillidirlər.

 

Bu xüsusiyyətlərə malik olan şəxslər isə nəzəri biliklər almaqda yox, əmək bazarında özünə yer tapmaq üçün lazım olan praktiki bacarıqların formalaşdırılmasında maraqlıdırlar.

 

Bu nəsil praktik təcrübəyə daha çox üstünlük verir - Z nəslinin əksəriyyəti özlərindən əvvəlki nəslin nümayəndələrinin məzun olduqdan sonra aylarla, bəlkə də illərlə işsiz qaldıqlarının şahidi olmuşlar. Tələbələrin bir çoxunun məzun olduqdan sonra etibarlı bir işə sahib olub-olmayacağını bilməməyi və maddi sıxıntı qorxusu tədris prosesində öyrəndikləri materialların aktuallığını onlar üçün şübhə altına alır və əldə etdiyi məlumatları gələcək karyeralarında necə tətbiq edəcəkləri onları daha çox maraqlandırır. 2018-ci ildə Harris Poll & Pearson tərəfindən aparılmış araşdırma göstərdi ki, tələbələrin yalnız 29%-i tədris prosesindəki tapşırıqların onları gələcəyə hazırlayacağına inanır. Onlar bilik yox, bacarıq əldə etməyə meyillidirlər və praktik təcrübələrə çox dəyər verirlər. Eyni zamanda tələbələrin  79%-i ali təhsil təcrübələrini işəgötürənlərin təcrübələri ilə inteqrasiya etmək istəyirlər və onlara qarşı münasibətləri dərhal bilməkdə maraqlıdırlar.

 

Bu nəsil dərhal rəy istəyir və ani cavablar gözləyir - Sosial medianın və internetə çıxışın yaratdığı ani məmnuniyyət hissi səbəbindən tələbələrin gözləməyə səbrləri çatmır. Tapşırıqla bağlı köməyə ehtiyacı olan tələbədən gecə saatlarında e-poçt almağa nə demək olar? Ertəsi gün siz yatarkən yazılmış və cavab vermədiyiniz elektron məktub səbəbi ilə işlərini bitirə bilməyən tələbəni auditoriyada görə bilərsiniz. Bu kimi halların qarşısını almaq üçün gözləntiləri ifadə etmək və baş verənləri rasionallaşdırmaq vacibdir. Bu isə onu göstərir ki, bu nəsil tələbələrlə ünsiyyət və münasibətlər ənənəvi formada deyil, daha həssas qurulmalıdır. Kommunikasiya məsələlərini düzgün qurmaq üçün aşağıdakılar təklif oluna bilər:

 

  • a) Tələbələrlə sərhədləri təyin edin, tələbələrinizə həmişə onlayn olmadığınızı və günün müəyyən saatlarında mesajlara cavab verə biləcəyinizi söyləyin;
  • b) Nə üçün qiymət verə bilmədiyinizi və ya dərhal rəy bildirə bilmədiyinizi əsaslandırın.

 

İnformasiyanın çox asanlıqla əldə olunduğu bir dünyada böyüyən Z nəsli ani cavablar gözləyir və onlar həmişə internetdə daha yaxşı məlumat tapa biləcəklərinə inanırlar. Təəccüblü deyil ki, bir çox Z nəsli tələbələri ali təhsilin əhəmiyyətini şübhə altına alırlar. Əgər professoru darıxdırıcı və başa düşülməsi çətin olduğunu düşünürlərsə, çox güman ki, sosial mediada, müxtəlif platformlarda (YouTube-da və s) daha maraqlı və eyni məlumatları daha yaxşı qrafik ilə öyrədə bilən birini tapa bilirlər. Sosial media imkanlarından geniş şəkildə istifadə edə bilən Z nəsli həm də nəzərdən keçirilən məzmunu təhlil edə bilir və orijinallığa əhəmiyyət verir.

 

Z nəsli tələbələrinin təhsilə diqqətinin artırılması

 

Tələbələr ənənəvi təhsil mühitində müəllimlərdən və dərsliklərdən asılı idilər, lakin Z nəslində bu asılılıq azalıb və ya tamamilə yoxdur. Bugünkü rəqəmsal əsrdə məlumatın daha çox əlçatanlığı tələbələrin öyrənmə üsullarında köklü dəyişikliklərə səbəb olub. Smartfon - demək olar ki, istənilən anda Z nəslinin əlinin altındadır və geniş məlumat dünyasına çıxışı müəllimdən daha sürətli təmin edir. Bu nəsil, özündən əvvəlki nəsillərdən fərqli olaraq birgə fəaliyyətə deyil, daha çox müstəqil işləməyə və sərbəst öyrənməyə üstünlük verir. Onlar YouTube kimi vasitələrlə hər şeyi təkbaşına etmək üçün lazım olan resursları tapırlar. Onlar həmçinin auditoriyada texnologiyanın inteqrasiyası ilə bağlı daha çox yüksək gözləntilərə sahibdirlər.Tələb olunanları auditoriyada deyil, auditoriyadan kənarda əldə etməyi üstün tuturlar. Onlarda dəyişməyəcək yeganə şey daha çox rəqəmsal dünyaya doğru meyillilikdir. Əgər biz tələbələrin fəallığını saxlamaq üçün mobil öyrənmə, interaktiv öyrənmə təcrübələri və fərdi qiymətləndirmədən istifadə etsək yüksək tələbə aktivliyinin şahidi olacağıq. Aşağıda qeyd edilən metod və taktikalar yeni nəsillə ayaqlaşmaqda bizə kömək edəcək:

 

Özünüzü bilik mənbəyi deyil, öyrənənin köməkçisi kimi görün

 

Bu nəsil məlumatı pedaqoqlar tərəfindən almağa yox, özləri tapmağa öyrəşiblər. Pedaqoq məlumat mənbəyi deyil, öyrənmə prosesinə köməkçi kimi çıxış edərək tələbələrə məlumatları idarə edərkən rəhbərlik etsə və tələbələrin məlumatı düzgün şəkildə emal etmələrini və qavramasını təmin edəcək metodlardan istifadə etsə tədris prosesində daha effektiv nəticələr əldə edə bilər. Bunun üçün bu nəslin daha çox vərdiş etdiyi və məlumat mənbəyi kimi istifadə etdiyi sosial media və digər platformalarda yayılan mövzunun məzmununa uyğun olan materiallardan istifadə etmək olar.

 

Video və digər interaktiv texnologiyalardan istifadə edin

 

Müəllim tələbələrə dərsdən əvvəl nəzərdən keçirmələri üçün YouTube videoları paylaşır, tələbələr də öz növbələrində dərsdə öyrəndikləri materialı izah edən videolar düzəldirlər. Nəticədə tələbələr materialı təqdim etmək üçün “yeni və innovativ yollar” tapırlar. Ənənəvi tədris prosesinə nisbətdə bu üsuldan istifadə edərkən tələbələr  daha çox fəallıq göstərirlər. Eyni zamanda video tapşırıqlar tələbələrin ünsiyyət, təqdimat və şifahi nitq bacarıqlarını inkişaf etdirir və ən önəmlisi də yaradıcı olmağı nümayiş etdirmək onları motivasiya edir. Digər aktual texnologiyalardan biri də video-müzakirə platformasında müəllimlər sual-cavab tərzində qısa videolar paylaşır, tələbələr isə buna qısa videolarla cavab verir. Müxtəlif e-learning proqram və platformaları isə tələbələrə qrup tapşırıqlarında birgə iştirak, tələbə yoldaşlarının rəy vermə imkanı verir və onları əməkdaşlığa təşviq edir. Video materiallar beş-altı dəqiqədən çox olmamaqla eyni mövzuya aid müxtəlif video materialları, fərqli tələbələrin baxmasının təmin edilməsi, nəticələrin müqayisəli təhlil edilməsi tədrisə marağı artırır. Bu, həmçinin bu nəslin əsas xüsusiyyətlərindən biri olan daimi dəyişkən və aktiv mühitin saxlanılmasına kömək edəcəkdir.

 

Sinfi aktiv saxlayın

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, standart PowerPoint təqdimatları artıq bu nəsil tələbələrə maraqlı deyil, onlar daha çox qarşılıqlı əlaqə, sorğu-sual, problem həlli və daha az mühazirə istəyir. Hətta dərs zamanı hərəkət etmək - ətrafda gəzmək - belə faydalı ola bilər. Bəzi müəlliflər tələbələrin diqqətini cəlb etmək üçün hekayələrdən istifadə etməyi, həmçinin onları cəlb etmək üçün mühazirələrə vizual materiallar və sorğu mənbələrini daxil etməyi tövsiyə edir. Tədqiqatlar göstərir ki, bu nəslin nümayəndələrinin 51%-i nümunələr və əvvəlcədən əldə etdikləri materiallar üzərində işləməklə (tapşırığı yerinə yetirərək), 38%-i dərs materiallarını oxuyaraq (görərək), cəmi 12%-i auditoriyada (qulaq asaraq) öyrənirlər. Onların yarıdan çoxu məzmunu görməyin və ya dinləməyin yeni bir mövzunu öyrənmək üçün açar rolunu oynadığını əsas hesab edir və bunun dərslik oxumaqdan və sinifdə mühazirə dinləməkdən daha vacib olduğunu bildirirlər. Başqa bir araşdırmaya görə, Z nəslinin təxminən 80%-i YouTube-dan istifadə edir və bütün sosial platformalarda hər gün orta hesabla 68 videoya baxır. Əvvəlki nəsillər üçün e-poçt və ya telefon nə ifadə edirdisə, Z nəsli üçün video o deməkdir. Həm təhsil, həm də əyləncə üçün bənzərsiz bir mənbə olan bu platformalar onların bir çox gündəlik fəaliyyətinin təməl daşını təşkil edir. Əlbəttə ki, bir çox təhsilverənlər üçün YouTube öz alqoritmləri ilə idarə olunan açıq mühitinə görə, yanlış məlumat təqdim edən və ya sadəcə olaraq tələbələri öyrənmə məqsədlərindən yayındıran, etibar edilməsi çətin hesab olunan bir  mühitdir. Buna görə də son illərdə təhsil müəssisələrinin əksəriyyəti tələbələri öz institusional akademik standartlarına cavab verən video təlim materialları ilə daha yaxşı təmin etmək üçün axtarış edilə bilən video kitabxanaların yaradılmasına sərmayə qoyublar.

 

Auditoriyanı aktiv saxlamağın bir üsulu da “tərsinə çevrilmiş auditoriya”(flipped classroom) metodudur. Bu metod ənənəvi tədris metodlarından onunla fərqlənir ki, dərs zamanı tələbələr artıq əvvəlcədən tanış olduqları materilları müzakirə edirlər və auditoriyada ev tapşırıqlarını tamamlamağa nail olurlar.

 

Bu metodla tədris alanlar tədris materiallarını onlayn şəkildə dərsdən qabaq alırlar və tədris materialları ilə dərsdən əvvəl tanış olurlar. Onlar auditoriyada artıq tanış olduqları materialları müzakirə, müəllimin köməyi və istiqamətləndirilməsi vasitəsilə tədris materiallarını daha aktiv, daha dərin anlamaq imkanı əldə edirlər. Beləliklə, auditoriya müəllim və tələbələrin iştirak etdiyi tətbiq, təhlil, qiymətləndirmə və yaradıcılığın baş verdiyi öyrənmə mərkəzinə çevrilir. Bu metoddan istifadə edən müəllimlər normalda tələbələrə üz-üzə ötürəcəyi məlumatlara sərf edəcəyi vaxtın böyük qismindən azad olur. Tələbələrin dərsdə diqqətini problemin həllinə yönəltməyə və daha dərin nümunələrə, müzakirələrə, mübahisələrə və öz fikirlərini təqdim etməyə daha çox vaxt ayırmağa imkan verir ki, bununla da onlara gələcək karyerasında kömək edəcək bacarıqları inkişaf etdirməyə dəstək olur.

 

Qeyri-formal sosial öyrənməni təşviq edin

 

Z nəsli virtual təcrübələri başqaları ilə əlaqə qurmağın bir yolu kimi görür. Onlar əvvəlki nəsillərdən daha çox kommunikativ bacarıqlara sahibdirlər və inanılmaz dərəcədə sosialdırlar. Onlayn müzakirələri və auditoriyadaxili əməkdaşlığı birləşdirən qarışıq təhsil modelləri Z nəslinin sosial təbiətinə uyğun gəlir və onları öyrənməyə cəlb etmək üçün effektiv model hesab edilir. Onlar həm onlayn, həm də oflayn şəkilində öyrənməyə yüksək dəyər verirlər. “Pearson”un araşdırmasına görə, Z nəslinin 57%-i yoldaşları ilə birgə fəaliyyətə üstünlük verir.  Aparılmış digər tədqiqat göstərir ki, onların 80%-i dostları ilə oxumağa üstünlük verir, çox vaxt virtual olaraq müxtəlif video proqramlar vasitəsilə birgə çalışır. Bu nəslin texnologiya vasitəsilə başqaları ilə əməkdaşlıq etməkdə son dərəcə rahat olduları müşahidə edilir. Video Z nəsli üçün ikinci təbiətdir və bu nəslin bir çox nümayəndəsi qalın təlimatı oxumaqdansa, telefonlarında qısa izahedici video yazmağı üstün tuturlar. Eyni şəkildə, bir çoxları tələb olunan bütün detallarla rəsmi bir sənəd yazmağa saatlarla vaxt sərf etməkdənsə, bir şeyin necə ediləcəyinə dair sürətli bir video çəkməyi üstün tuturlar. Bir sözlə, video üçün hazır deyiliksə, Z nəsli üçün keyfiyyətli təhsil verməyə hazır deyilik.

 

Xarici tədqiqatçıların gəldiyi qənaət ondan ibarətdir ki, yeni nəslə köhnə öyrənmə metodları ilə yanaşmaq, onlardan əvvəlki nəsillərin davranış qəlblərini gözləmək və belə olmadıqda onları “itirilmiş” hesab etmək kökündən səhv addımdır. Yeni nəsli yaxşı öyrənməli və onlara yönəlmiş yeni təlim texnologiyalarını inkişaf etdirməliyik.

 

Cəfər CƏFƏROV,

ADPU-nun rektoru, professor

 

İsrayıl İSGƏNDƏROV,

ADPU nəzdində ADPK-nın direktoru, dosent

 



19.05.2023 | 12:16