“Sürtkü yağlarının inkişaf tarixi və perspektivləri” mövzusunda seminar

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda “Sürtkü yağlarının inkişaf tarixi və perspektivləri” mövzusunda maarifləndirmə seminarı keçirilib.

 

Giriş nitqi ilə çıxış edən icraçı direktor kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, elmi işçi, doktorant, magistrantlar və institutda təcrübə keçən tələbələri laboratoriyalarda aktual mövzularda aparılan tədqiqatların nəticələri ilə tanış etmək nöqteyi-nəzərdən belə seminarların böyük əhəmiyyəti var. Onun sözlərinə görə, təcrübə keçən tələbələrə həm də həmin sahədə elmi tədqiqatlar aparmış Azərbaycanın tanınmış alimləri haqqında geniş məlumatlar vermək lazımdır. Yəni, gənclik görkəmli elm adamlarını yaxşı tanısınlar.

 

Sonra sürtkü kompozisiyaları laboratoriyasının müdiri texnika elmləri doktoru, professor Həqiqət Cavadova “Sürtkü yağlarının inkişaf tarixi və perspektivləri” mövzusunda geniş təqdimatla çıxış edib.

 

O, laboratoriyanın 1965-ci ildən, Aşqarlar Kimyası İnstitutu yarandığı tarixdən etibarən fəaliyyət göstərməsindən, laboratoriyaya akademik İzzət Orucovanın rəhbərlik etməsindən, onun həyat və yaradıcılığından, institutda işlənilən və sənayedə tətbiq edilən müxtəlif funksional xassələrə malik ИХП-101 aşqarının istifadəsi ilə aparılan tədqiqat işləri nəticəsində benzin və müxtəlif təyinatlı dizel daxili yanma mühərrikləri üçün mineral, sintetik və yarımsintetik mənşəli baza yağları, o cümlədən Azərbaycan neftindən alınan distillə yağlarından istismar xassələrinə görə xarici analoqlardan geri qalmayan, müasir tələblərə cavab verən B, Г, Г1, Г2, ВБ, ГБ və ДМ qrup sürtkü yağlarının yaradılması barədə geniş məlumat verib.

 

H.Cavadova onu da qeyd edib ki, rəhbərlik etdiyi laboratoriyada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətlərindən biri də müxtəlif növ texnikada istifadə olunan sürtkü yağlarının işlənmiş nümunələrinin regenerasiya texnologiyasının yaradılması və regenerasiya olunmuş yağ məhsulları əsasında müxtəlif sürtkü kompozisiyalarının yaradılmasına dair elmi tədqiqatların davam etdirilməsidir.

 

O, sonda istehsal olunan bütün motor yağları və tətbiq üçün tövsiyə edilən sürtkü kompozisiyalarının patentləşdirildiyini və son bir ildə bu mövzuda 2 monoqrafiyanın çap olunduğunu da diqqətə çatdırıb.

 



18.05.2023 | 15:37