“Bu istedadlı balalar Azərbaycanın parlaq gələcəyini təmin edəcəklər” | |
“Bu gün sizə baxaraq on, on beş, iyirmi il sonrakı Azərbaycanı görürəm. Bizim nə qədər gözəl gələcəyimiz var. Azərbaycanın necə parlaq gələcəyi var, bizi nə qədər gözəl günlər gözləyir! Çünki Azərbaycanın gələcəyini təşkil edən sizin kimi istedadlı balalarımız var. Bu istedadlı balalar Azərbaycanın parlaq gələcəyini təmin edəcəklər”.
Heydər ƏLİYEV
“Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir”. Necə də dahiyanə deyilən fikirdir. Bütün dünyada sülhün bərqərar olmasını insanlıq üçün vacib amil sayan dahi Heydər Əliyev dünyanın gələcəyini gözəlləşdirməyə yalnız bugünkü uşaqların qadir ola biləcəyini əminliklə ifadə edib. Deyib ki, dünyada aparılan bütün müharibələr olduqca ağır fəsadlar törədir və bu fəsadlardan ən çox əziyyət çəkən, ən çox məhrumiyyətlərə düçar olan da elə günahsız fidan balalar olur. Bəli, bu fəlsəfə ilə Heydər Əliyev danışıqlar masası arxasında dəfələrlə qarşı tərəfləri məharətlə susdurmağa nail olub. Eyni vətənpərvərlik prinsiplərini əsas tutaraq insanlığa olan hədsiz məhəbbət hissini önə çəkən siyasi varis, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də danışıqlar masası arxasında qarşı tərəfə hər dəfə bu vacib amili anlatmış, mənfur düşməni saysız insan qırğınına səbəb ola biləcək, günahsız uşaqları ata-anasız qoya biləcək müharibə iddiasından əl çəkməyə çağırmışdı.
Ulu Öndər Heydər Əliyevi doğma xalqına sevdirən bütün amillərlə bərabər onun uşaqlara daim hədsiz məhəbbət hissi aşılaması oldu. O, vəzifə başında sərt, ciddi göründüyü qədər də uşaqlar arasında o qədər mehriban, həlim xasiyyətli, gülərüz olurdu. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Ulu Öndərin imzaladığı fərman və sərəncamlar sırasında uşaq və yeniyetmələrin firavan böyümələrini, dövlət hesabına pulsuz təhsil almalarını, hətta xarici ölkələrdə belə dövlət hesabına müxtəlif ixtisaslara yiyələnmələrinə zəmanət verən məqamlar kifayət qədər idi.
Mayın 10-da Azərbaycan xalqı öz böyük oğlunun, dünyaşöhrətli şəxsiyyətin, beynəlxalq aləmdə xilaskarlıq missiyası ilə tanınan dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini ürəkaçıqlığı ilə qeyd edir. Həmişə xalqının taleyinə yanan, dövlətinin gündən-günə möhkəmlənməsi, çiçəklənməsi yolunda əzmlə çalışan, fədakarlıq nümayiş etdirən bu müdrik və dahi insanın təvəllüd gününü balalarımız da böyük coşqu hissi ilə qarşılayırlar. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Ulu Öndər daim uşaqlara böyük sevgi ilə yanaşırdı. Onlarla keçirilən ənənəvi görüşlərdə, bayram şənliklərində uşaqlar bir növ dövlətimizin rəhbərinə öz işləri, təhsilləri, uğurları barədə hesabat verir, vətənə, xalqa, görkəmli şəxsiyyətə sonsuz məhəbbətlərini, sevgilərini söylədikləri şeirlərlə ifadə edirdilər. Bu duyğuların təzahürü olaraq Ümummilli Lider Heydər Əliyev uşaqlarla görüşlərində öyüd və nəsihətlərini, eləcə də arzu və istəklərini onlara belə söyləyirdi: “Mən çox məmnunam ki, sizinlə bir yerdəyəm, sizin aranızdayam, mən bu salonda sizinlə birlikdə, şənlikdə iştirak edərkən təsəvvür edirəm ki, bütün Azərbaycan uşaqları, bütün Azərbaycan gəncləri bizim ətrafımızdadır. Mən sizi, bütün uşaqları, gəncləri qucaqlayıram, bağrıma basıram, öpürəm. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, bizim xalqımız, Azərbaycan xalqı, millətimiz, yəni hər bir Azərbaycan övladı bütün xarici və daxili aləmi ilə çox gozəldir”.
Ulu Öndər Heydər Əliyev uşaqlara, gənclərə həmişə bu fikri təkrar-təkrar xatırladırdı: “Siz müstəqil Azərbaycanın övladlarısınız. Siz müstəqil Azərbaycan vətənində doğulmusunuz, dünyaya gəlmisiniz və indi ilk addımlarınızı atırsınız. Bu, böyük bir xoşbəxtlikdir. Çünki siz bu dövlətin müstəqilliyi şəraitində dünyaya gəlmiş övladlarımız, Azərbaycanın gələcək vətəndaşlarısınız. Azərbaycanın gələcəyi, bu müstəqilliyin əsrlər boyu yaşaması sizin, gənclərin üzərinə düşür. Sizi görərək, sizin bu ağıl, zəka potensialınızı hiss edərək, sizdə xalqa, Vətənə məhəbbəti görərək, Azərbaycanın Prezidenti kimi mən bu gün tam arxayınam. Biz Azərbaycanın sükanını sizin əllərinizə verəcəyik. Siz Azərbaycanı irəliyə aparacaqsınız”. Bu müdrik sözlər Ümummilli Liderin Azərbaycan uşaqlarına, ölkə gənclərinə bir növ nəsihəti və tövsiyəsi idi.
Heydər Əliyev dədə-baba torpaqlarımızdan didərgin düşmüş, çadır şəhərciklərində yaşayan balalarımız haqqında uşaqlarla görüşlərdə həmişə iftixarla deyirdi: “Siz gənclər, uşaqlar bilməlisiniz ki, bizim torpaqlarımızın bir qismi Ermənistanın işğalı altındadır. O torpaqlardan zorla çıxarılmış soydaşlarımız çadırlarda yaşayırlar. Həmin çadırlarda 8-10 il bundan öncə doğulmuş, indi isə sizin yaşınıza gəlib çatmış övladlarımız var. Onların yaşayışı ağırdır. Biz çalışırıq ki, onların yaşayışını yüngülləşdirək. Biz ilbəil buna nail oluruq. Amma tam nail olmaq o vaxt mümkün olacaqdır ki, biz işğal altındakı torpaqlarımızı azad edək. Bunu mütləq edəcəyik. Və soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır. Biz bu çətinlikləri aradan qaldıracaq və böyük problemləri olmayan Azərbaycan yaradıb, sizə təhvil verəcəyik. Siz isə gərək onu da məharətlə idarə edəsiniz, irəliyə aparasınız”.
Ümummilli Liderin bu müdrik, ruhlandırıcı sözləri hamımıza, ilk növbədə gələcək nəslə bir tövsiyə və bir tapşırıq idi. O, həmişə deyirdi: “Əziz uşaqlar, vallah, mən sizin aranızda olanda o qədər rahat oluram ki, heç ayrılmaq istəmirəm. Siz bilirsiniz ki, mənim də nəvələrim var. Ancaq mənim üçün fərqi yoxdur, mən nəvələrimi, öz uşaqlarımı, öz övladlarımı sevdiyim kimi, sizi də sevirəm, bütün Azərbaycan uşaqlarını sevirəm”.
1994-cü il sentyabrın 27-də Birləşmiş Millətlər Təşkilatında YUNİSEF-in qəbul etdiyi sənədi imzalayanda Ulu Öndər Heydər Əliyev ölkəmizdə uşaqların hüquqlarının qorunmasının təminatçısı olduğunu dünyaya bir daha bəyan etmişdi. Elə həmin gündən hər il respublikamızda Uşaqların Beynəlxalq Televiziya və Radio Günü keçirilir. Azərbaycan uşaqları ənənə halını almış bu bayramı hər il səbirsizliklə gözləyir, ilboyu həmin şənliyə hazırlaşırlar.
Ulu Öndər Heydər Əliyevin 1999-cu ilin dekabr ayında Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə “Uşaqlar dünyanın sevincidir” devizi ilə keçirilən şənlikdə tədbir iştirakçıları qarşısında söylədiyi son dərəcə əhəmiyyətli müdrik kəlamlar gəncliyə sonsuz məhəbbət hissinin ifadəsi idi: “Əziz uşaqlar, sevimli balalar! Sizin hamınızı-Azərbaycanın uşaqlarını, gənclərini, qızlarını, oğlanlarını bu bayram münasibətilə təbrik edirəm, Sizə xoş həyat, sevinc, səadət və gözəl gələcək arzulayıram. Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir... Mənim üçün hər bir uşağın həyatı bizim ümumi cəmiyyətin həyatıdır. Ona görə də mən bu gün sevinc hissi ilə sizin görüşünüzə gəlmişəm. Hər bir insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın uşaqlarıdır. Azərbaycanın gəncləridir, Azərbaycanın gələcəyidir”.
Sifai SƏFƏROVA
|
|
10.05.2023 | 17:02 | |
|
|
|