Azərbaycanda peşə təhsilinin inkişafı: tariximiz və gələcəyə baxış

Müasir dövrdə peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən əsas amillərdən biri olması danılmazdır. Keyfiyyətli peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir və onun mütəxəssis kimi formalaşmasına təkan verir. Bununla əlaqədar dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinə yerli və beynəlxalq əmək bazarında dəyişikliklərə sürətlə reaksiya vermək imkanı yaradır.

 

Peşə təhsilinin 180 illik  tarixinə nəzər salsaq, 1843-cü ildə Şəkidə “Təcrübi ipəkçilik məktəbi” ilə əsası qoyulan texniki-peşə təhsili hazırkı dövrümüzdə də təhsilimizin ayrılmaz tərkib hissəsi olaraq inkişaf edir. Azərbaycanda əsaslı peşə təhsili və təlimi islahatlarının aparılması sosial-iqtisadi inkişafın təməli, gələcək potensialdan yararlanma üçün rəqabətqabiliyyətli əmək bazarının formalaşdırılması, insan kapitalının yetişdirilməsinə yönəlmişdir. Ölkəmizdə peşə təhsili və təlimi sisteminin inkişafının tarixini dövrlərlə şərh etsək, iqtisadi canlanma və peşə təhsili siyasətinin paralel şəkildə həyata keçirildiyini müşahidə etmiş oluruq.

 

Azərbaycanın strateji geosiyasi vəziyyəti, zəngin təbii sərvətlərə malik olması və dünya ölkələrinin diqqət mərkəzində qalması tarix boyu ticarət əlaqələrinin inkişafına, sənətkarlığın yayılması və məktəblərin formalaşmasına səbəb olmuşdur. XIX əsrdə təsərrüfat formasından iri inhisarçılığa keçid, neft bumu dövrlərində xeyriyyəçilərimizin təhsilə sərmayə qoymaları, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması peşə təhsili sisteminin formalaşmasında vacib rol oynamışdır və tarixi əhəmiyyətli proseslər baş vermişdir.

 

Sovet İttifaqı dövründə peşə təhsili sisteminin ilk inkişaf mərhələsi başladıqdan sonra fabrik-zavod şagirdliyi məktəbləri açıldı ki, bu da hazırda “dual təhsil modeli” kimi tətbiq olunan prosesin ilk formalarından idi. O cümlədən 40 yaşına kimi texnik-peşə təhsilinə icbari status verən və hərbi mükəlləfiyyətdən azad edən normativ-hüquqi baza yaradılmışdır.

 

Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət hər zaman göz önündə olmuşdur. Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamı təhsil quruculuğunun inkişafının təməl məqsədi idi.

 

Respublikamızda təhsil sisteminin tərkib hissəsi olan peşə təhsilinin  yüksəlişi də  məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərə təsadüf edir.

 

Ümummilli Lider Heydər Əliyevin “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məktəblər, mənafelər əsasında qurulmalıdır... Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində - Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik...” məntiqi fikirləri təhsilin, eləcə də peşə təhsili sahəsinin əsaslı inkişaf etdirilməsi üçün baza rolunu oynadı.

 

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə texniki-peşə təhsilinin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanmış və uğurla həyata keçirilmişdir. Peşə təhsilinin inkişafının yüksəliş dövrü Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. Həmin illərdə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1.7, təhsilalanların sayı isə 2.5 dəfə artmışdı. Heydər Əliyevin təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki-peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirilmiş, həmin illərdə 54 yeni texniki-peşə təhsili müəssisəsi fəaliyyətə başlamışdı. 1970-82-ci illərdə respublikada texniki-peşə məktəblərinin sayı 76-dan 184-ə, onlarda təhsil alan şagirdlərin sayı 40,9 mindən 109 minə çatmışdı. 1978-1987-ci illərdə Azərbaycanda 5276 yerlik texniki-peşə təhsili kompleksləri, 2400 yerlik tədris binaları, 2800 yerlik təcrübə korpusları, ümumi sahəsi 15559 kv.m. olan yataqxana binaları tikilib istifadəyə verilmiş, 194 tədris istehsalat emalatxanası, 786 tədris kabineti və laboratoriyası yaradılmışdı.

 

Ümumi təhlil göstərir ki, Ulu Öndər Heydər Əliyevin 1982-1987-ci illərdə keçmiş SSRİ kimi böyük dövlətin təhsil siyasətinə, təhsil islahatlarına rəhbərlik etməsi bütün Sovetlər birliyində, o cümlədən Azərbaycanda ümumilikdə təhsilin inkişafına, keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdı. 1984-cü ildə keçmiş SSRİ-də ümumi təhsil və peşə təhsili üzrə islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi mexanizminin işlənib hazırlanması, internat tipli müəssisələrin işinin təkmilləşdirilməsi, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin illərdə ümumi təhsilə 6 yaşdan başlanılması, onun müddətinin 11 illik olması təklifləri də Heydər Əliyev tərəfindən irəli sürülmüşdür.

 

Sovet hakimiyyətinin peşə təhsilinin inkişafında rolu və təsirinin güclü olmasına baxmayaraq, bu sistem Sovet İttifaqının dağılmasından sonra çökdü. Bir çox zavodlar fəaliyyətini dayandırdı, əlaqələr qırıldı, siyasi proseslərlə əlaqədar olaraq iqtisadi böhran vəziyyəti yarandı ki, bu da peşə təhsilində idarəetmə, məzmun və tədris bazasının zəifləməsinə gətirib çıxardı. Respublikada hökm sürən hərc-mərclik nəticəsində bir sıra texniki-peşə məktəbləri bağlandı, bir çoxunun maddi-texniki bazası dağıdıldı. Mövcud təhsil ocaqlarının yetərincə maddi-texniki bazaya malik olmaması, uzunmüddətli perspektivə hesablanmış təhsil strategiyasının bitkin şəkildə reallaşdırılmaması bu zəruri sferanın vəziyyətini bir qədər də ağırlaşdırmışdı. Lakin ölkənin bütün sahələrində olduğu kimi, təhsil sferasında da inkişaf prosesi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müşahidə olunmağa başladı.

 

Müstəqilliyin ilk illərində iflic hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunması, zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsi, qədim tarixi və zəngin mədəniyyəti olan millətimizin bütün dünyada tanıdılması istiqamətində xalqımızın böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticələri özünü göstərdi. Onun ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edirdi. Dahi rəhbər insan kapitalının yetişdirilməsinə həm xaricdə nüfuz dairəmizin genişləndirilməsi baxımından əsas siyasət, həm də yumşaq gücün artırılması vasitəsi kimi yanaşırdı. Bu, peşə təhsili siyasətində də özünü göstərirdi. Onun siyasi iradəsi ilə təhsil islahatları həyata keçirilirdi ki, bu da peşə təhsilinin inkişafı nəticəsində tələbə sayının artmasına səbəb oldu. Təhsil islahatlarının aparılmasını zəruri hesab edən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.

 

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyərək gələcəyə baxışı düzgün qiymətləndirən Ümummilli Lider iqtisadiyyatın liberallaşması, bazar iqtisadiyyatına keçidi təmin etmək məqsədilə iqtisadi islahatlar yolunu seçmiş, ölkənin potensialından istifadə edərək həm beynəlxalq əlaqələri gücləndirmiş, həm də bu istiqamətdə misilsiz işlər görmüşdür. Onun təhsil siyasəti çoxcəhətli, dəyişkən və çevik olmaqla nəinki iqtisadiyyatın, həm də sosial, siyasi və mədəni həyatımızın bütün sahələrini əhatə etmiş və burada o bizim üçün çox faydalı bir irs qoyub getmişdir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə “Qara qızılın insan kapitalına çevrilməsi”ni qarşısına missiya olaraq qoymuş ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu baxımdan peşə təhsili iqtisadiyyatın real sektoruna və əmək bazarına ən yaxın təhsil pilləsi olmaqla ixtisaslı kadrların hazırlanmasında, səriştəli işçi qüvvəsi hesabına istehsal potensialının yüksəldilməsi yolu ilə idxaldan asılılığın aradan qaldırılmasında və sahibkarların yaxından cəlb olunması ilə regionda iqtisadi qüdrətin artırılmasında müstəsna əhəmiyyətə malikdir.   

 

Prezident İlham Əliyevin Azərbaycanda iqtisadi inkişafa və qeyri-neft sektorunun diversifikasiyasına yönəlmiş siyasətini əsas tutaraq qeyd etmək olar ki, son illərdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlar və iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması sahəsində peşə təhsilinin rolu artmışdır. İlk dəfə olaraq, peşə təhsilinin məzmununun fəhlə kadrları hazırlamağa deyil, sahibkar ola biləcək müasir bacarıq və səriştələrə malik mütəxəssis səviyyəsində insan kapitalı yetişdirməyə doğru təkmilləşdirilməsinə başlanıldı.

 

Təhsilin strateji sahə kimi tərəqqisi üçün hər il büdcədən artımlı maliyyə ayırmalarının verilməsi və müvafiq addımların atılması təhsilin keyfiyyətini günü-gündən yüksəldirdi. 1993-cü ildən 2003-cü ilə qədər bu sahədə ciddi irəliləyişlər baş versə də, lakin həlli zəruri olan müəyyən problemlər hələ də mövcud idi. 2003-cü ildən başlayaraq, ümumiyyətlə, Azərbaycanda başlanmış modernləşmə siyasəti təhsil sektorunun da inkişafına əlavə təkan verdi. Əsasən 2015-ci ildən etibarən, peşə təhsil sisteminin inkişaf etdirilməsi, ölkədə müasir tələblər səviyyəsində qurulmuş peşə təhsili müəssisələrində təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki, təşkilati-hüquqi və tədris metodiki şəraitin yaradılması və bu zəmində peşə təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olunması, eləcə də bu sahədə infrastruktur işlərinin başa çatdırılması və güclü maddi-hüquqi baza formalaşdırılması üçün ölkəmizdə strateji əhəmiyyətli dövlət proqramları həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin  2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaq və müasir təhsil, innovasiyalarını təşviq edən münbit şərait yaratmaq əsas şərt kimi qoyulmuşdur.

 

Hazırda təhsilimizin bu pilləsində dünyanın ən qabaqcıl ölkələrinin təcrübələri öyrənilərək onlardan bəhrələnilir və bu istiqamətdə ardıcıl işlər görülür. Artıq informasiya əsri, rəqəmsal texnologiyaların yaratdığı iqtisadiyyat platformaları, süni intellekt və “Dördüncü Sənaye İnqilabı” dövrüdür və bu çağırışın öhdəsindən gəlmək üçün işəgötürənlərlə yaxından əməkdaşlıq etmək, gələcək əmək bazarının tələblərinə uyğun müasir və qabaqcıl təhsil modelləri əsasında peşə təhsilinin məzmunu tələb olunur. Beynəlxalq tərəfdaşlar (Türkiyə, Koreya, Almaniya) ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq həyata keçirilir və pedaqoji heyətin bacarıqlarının təkmilləşdirilməsinə dəstək verilir.

 

Bu gün peşə təhsilinin prioritet istiqamətlərdən biri olan dövlət-özəl əməkdaşlığı və işəgötürənlərin peşə təhsilinin təşkilinə inteqrasiyası, eləcə də peşəyönümü işi və peşə təhsilinin imicinin yüksəldilməsidir. Peşə təhsili ilə bağlı hədəflər ölkənin ümumi iqtisadi inkişaf strategiyasının tərkibində vacib kriteriya kimi özünü göstərir. Belə ki, peşə təhsilinin əhatəsi hazırkı tələbə sayı müqabilində 11000 artırılması hədəf olaraq qoyulmuşdur. Bu, bizim üçün çağırışdır, yeni resurslar, maddi-texniki baza, mühəndis-pedaqoji heyət və həmçinin işəgötürənlər, ümumilikdə bir növ kompleks şəkildə həcmin artırılması və yeni islahatlar, innovativ baxış deməkdir.

 

Son illər əvvəllər  də mövcud olmuş, hazırda təkmil şəkildə bərpa olunan bir çox təşəbbüslər var. Belə təşəbbüslərdən biri də Almaniyanın dual təhsil modelinə əsaslanan iş yerində öyrənmənin əhatə dairəsinin artırılmasıdır. 2015-ci ildən etibarən müxtəlif işəgötürənlərin iştirakı ilə turizm, kənd təsərrüfatı, xidmət, emal, sənətkarlıq, İKT və s. sahələrdə tətbiq edilən bu modeli uğurlu hesab etmək olar. 2022-2023-cü tədris ilində isə 9 region üzrə 756 tələbə dual təhsil modelinə əsaslanan proqramda peşə təhsili alır ki, burada 60-dan çox işəgötürən tərəfdaş təcrübə keçməyə dəstək verir.

 

Hazırda ölkə rəhbərliyinin həyata keçirdiyi təhsil siyasətində peşə təhsilinin rolunun və statusunun artırılması mühüm yer tutur. Bu gün XXI əsrin dəyişən əmək bazarının tələbatına çevik uyğunlaşan, sürətlə inkişaf edən sənaye üçün yeni bilik, bacarıq və kompetensiyalara malik insan kapitalı yetişdirən peşə təhsili sistemi qurulur. Bizim təhsil müəssisələrimizdəki tədrisin beynəlxalq standartlara uyğunluğunu təmin etmək, iqtisadiyyatın prioritet sahələri üçün kadr yetişdirmək, innovativliyi və dövlət-biznes əməkdaşlığı ilə irəli getmək və əlverişli tədris şəraiti yaratmaq üçün məzmun və təhsildə keyfiyyət baxımından əsaslı tədbirlər həyata keçirilir. Yeni sosial-iqtisadi inkişaf mərhələsində peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması, müasir təminatlı və beynəlxalq təcrübə əsasında təsis edilmiş peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması məqsədilə peşə təhsilli müəssisələrinin optimallaşdırılması və rasionallaşdırılması prosesi həyata keçirilmiş, onlara publik-hüquqi şəxs statusu verilməyə başlanılmışdır. Artıq bu gün tələbələrimiz “WorldSkills International” və “Technofest” kimi beynəxalq festivallarda yarışır və iri şirkətlərdə təcrübə keçərək gələcəyin tələbinə uyğun mütəxəssis kimi formalaşırlar.

 

Prezident İlham Əliyev bu məsələyə böyük önəm verərək qeyd edir: “Əlbəttə, qarşımızda duran bütün vəzifələri gerçəkləşdirməyə nail olmaq üçün bizə ilk növbədə, peşəkarlar lazımdır. Bütün sahələrdə peşəkarlar lazımdır. Hansısa mühüm bir istiqamətə peşəkar kadr gələn kimi biz o saat müsbət dinamika görürük... Müasir dünyada ölkənin uğurunu biliklər, elm, texnologiyalar və təhsil müəyyən edir...”. Artıq bu günün reallıqları sübut edir ki, Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir və Azərbaycan dövlətini bütün dünyada layiqincə təmsil etməyə, eləcə də ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənc nəslin yetişməsinə şərait yaradır.

 

Nigar İSMAYILZADƏ,

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr  şöbəsinin müdir müavini

 

 



10.05.2023 | 16:27