Azərbaycan coğrafiyasının mayakı

Azərbaycan xalqının dahi övladı, Ümummilli Lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə coğrafiya elminin inkişafına, onun tətbiqi rolunun artmasına, əsas istiqamətlər üzrə tədqiqatların daha effektli aparılmasına, müasir dövrün çağırışlarına cavab verən elmi işlərin genişləndirilməsinə önəm verirdi. Coğrafiyaçı alimlərimiz məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində elmi işlərin səmərəliliyini artırqmaqla, ən yeni istiqamətləri üzrə uğurlar qazanmışlar. Azərbaycanda bir çox sahələrlə yanaşı, elmin və təhsilin tərəqqisi də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusilə də dahi rəhbərin coğrafiya elminə göstərdiyi qayğı bu sahənin qonşu ölkələrlə müqayisədə yüksəlməsinə, ixtisaslı kadrların hesabına faydalı işlərin görülməsinə zəmin yaratdı. Məhz elmin inkişafı ilə əksər sahələrdə ciddi uğurlar qazanan alimlərimizi dünya miqyasında tanımağa başladılar. Təkcə bir faktı diqqətə çatdıraq: 1975-ci ildə Coğrafiya İnstitutunun alimləri 8 elmi problem üzərində işə başladılar. Bunlar fiziki coğrafiya, iqtisadi coğrafiya, su ehtiyatları, konstruktiv coğrafiya, atmosferin və okeanın fizikasına və suya aid problemlər idi.

 

Heydər Əliyev coğrafi tədqiqatların genişləndirilməsi üçün bu ixtisas üzrə ali təhsilli milli kadrların yetişdirilməsinə böyük önəm verirdi. Bu istiqamətdə, xüsusilə ali təhsil ocaqlarında görülən işlər coğrafiya elminin sürətlə inkişafına, imkanlarının dərinləşməsinə real şərait yaratdı. Şübhəsiz, sonrakı illərdə həmin ali məktəblərin potensialından bəhrələnən kadrlar ölkədə coğrafiya elminin yeni inkişaf mərhələsinə daşımaqda əvəzsiz və fundamental işlər gördülər. Yazılan yeni monoqrafiyaların, tərtib olunan atlasların, elmi məqalələrin hamısı bu sektorda fəaliyyət göstərən alimlərin danılmaz elmi uğurları olmaqla yanaşı, həm də Ümummilli Liderin onlara göstərdiyi etimadın bəhrəsi idi.

 

Coğrafiya İnstitutunda elmi-tədqiqat işlərinin aparılması üçün hər cür şərait yaradılıb. Elmi mövzular, yazılan elmi işlər ilbəil təkmilləşdirilir, onların akademik məzmunu yüksəlir, coğrafiyanın nəzəri problemləri ilə yanaşı, istehsalat və təsərrüfat tətbiqinə də ciddi diqqət yetirilir. Bütün bunların nəticəsində institutun əməkdaşları ciddi uğurlar əldə ediblər. Azərbaycanın landşaftına, geomorfologiyasına, iqliminə, torpağına, sosial-iqtisadi coğrafiyasına dair müxtəlif mövzularda əsərlər nəşr olunaraq oxucuların ixtiyarına verilib.

 

Azərbaycanın iqtisadi potensialı həmişə güclü olub. Sadəcə, əsas məsələ bu potensialdan bacarıqla və uzaqgörənliklə istifadə etməkdir. Bu üstün keyfiyyətlər Ulu Öndərin simasında cəmləşdiyi üçün Azərbaycan xalqı bu gün tarixi inkişafının ən işıqlı dövrünə qədəm qoyub. Bundan ruhlanan coğrafiyaçılarımız aparılan islahatlar sayəsində uğurlu nəticələr əldə ediblər.

 

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə coğrafiya elmində əldə olunan nailiyyətlərə qısa nəzər salaq:

 

- 1971-ci ildə “Azərbaycanın iqlimi” monoqrafiyasına görə Ə.A.Mədətzadə, Ə.M.Şıxlinski, Ə.C.Əyyubov elm sahəsində ilk dəfə Dövlət Mükafatına layiq görülüblər.

- 1976- cı ildə  B.Ə.Budaqov Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

- 1978-ci ildə Azərbaycanın təbii ehtiyatları xəritələrinə görə H.Ə.Əliyev, Ə.V.Məmmədov, N.Ş.Şirinov Azərbaycan Dövlət mükafatına layiq görülüblər.

- 1978-ci ildə B.Ə.Budaqov “Cənub-şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası” monoqrafiyasına görə SSRİ Coğrafiya Cəmiyyətinin N.M.Prjevalski adına qızıl medalı ilə təltif edilib.

- 1979-cu ildə “Azərbaycan SSR iqliminin bonitirovkası” əsərinə görə Ə.C.Əyyubov SSRİ Coğrafiya Cəmiyyətinin P.F.Litke adına qızıl medalını alıb.

- 1978-ci ildə “Azərbaycan SSR-in istilik balansı Atlası”na görə Ə.M.Şıxlinski, Q.Ə.Hacıyev və b. SSRİ XTNS-nin gümüş və bürünc medallarını qazanıblar. 

- 1982-ci ildə Akademik B.Ə.Budaqov SSRİ XTNS-də “Azərbaycan təbiəti” fotoalbomuna görə bürünc medalla təltif edilib. 

 

Azərbaycanda elmin digər sahələri ilə yanaşı, MEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna da Ulu Öndərin diqqət və qayğısı bu elm ocağının inkişafına müsbət təsir göstərib. Burada ardıcıl şəkildə yeni şöbələr yaradılıb, aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinə, elmi mövzuların təkimləşdirilməsinə, məzmununun yüksəldilməsinə ciddi diqqət yetiriib.

 

1973-cü ilin sonunda institutda davamlı toponimik araşdırmalarla məşğul olacaq “Coğrafi adlar” şöbəsi fəaliyyətə başlayıb. Sovetlər İttifaqında ilk dəfə Azərbaycanda yaradılan, respublikanın toponimiyası üzrə vahid sistemlə iş aparan bu elm ocağının qazandığı uğurların əsas təməlçisi  Heydər Əliyev olub. Uzaqgörən dövlət başçısı öz çıxışlarında coğrafi adlarımızın doğru, düzgün tədqiqinin vacibliyini dəfələrlə araşdırmaçı-alimlərin diqqətinə çatdırırdı. O, bu istiqamətdə aparılan elmi araşdırmalara xüsusi önəm verirdi.

 

1974-1976-cı illərdə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən,  1977-1978-ci illərdə Şərqi Qobustan və Abşeron yarımadası (Bakı soveti, Abşeron rayonu, Sumqayıt şəhər soveti) üzrə elmi tədqiqat işləri aparılıb. 1979-1980-ci illərdə Mil-Qarabağ zonası, 1979-cu ildə Ağdam, Ağcabədi, Füzuli, 1980-ci ildə isə Bərdə, Tərtər, Beyləqan, İmişli rayonları toponimlərinin tədqiqatı başa çatdırılıb.  

 

Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi illərdə coğrafiyaçı alimlərimizin xidmətləri layiqincə qiymətləndirilib.  

 

- 1993-cü ildə “Azərbaycan Respublikasının aqroiqlim Atlası”na görə Ə.C.Əyyubov, X.Ş.Rəhimov Respublika Təhsil Cəmiyyətinin təbiət elmləri üzrə birinci mükafatını qazanıblar.

- Nazirlər Kabinetinin 01.02.1994-cü il tarixli, 30 saylı qərarı ilə AMEA-nın Coğrafiya İnstitutuna akademik Həsən Əliyevin adı verilib.

- 1995-ci ildə akademik B.Ə.Budaqov milli elmimizin tərəqqisi, onun dünya şöhrəti qazanması sahəsində göstərdiyi xidmətlərinə görə “Bilik” Maarifçilik Cəmiyyətinin Y.Məmmədəliyev adma medalı ilə təltif edilib.

- 2001-ci ildə İnstitut əməkdaşlarından R.M.Məmmədov və Ş.B.Xəlilov AMEA-nın müxbir üzvü seçiliblər.

- 2003-cü ildə akademik B.Ə.Budaqov Prezidentin sərəncamı ilə Azərbaycan coğrafiya elminin inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.    

 

Heydər Əliyevin elm adamlarına göstərdiyi diqqət, verdiyi qiymət onların daha böyük uğurlar qazanmasına stimul verib. Məhz Ulu Öndərin qayğısı sayəsində Azərbaycan coğrafiyasında  sistemli şəkildə aparılan işlər öz bəhrəsini verməyə başlayıb.

 

İndi Azərbaycan coğrafiyaçılarının əsas məqsədi Ümummilli Liderimizin qayğı və dəstəyi ilə yaradılmış möhkəm təməl üzərində beynəlxalq miqyasda tutduqları mövqeyi daha da inkişaf etdirməkdir.

 

Natiq BABAYEV,

ETN Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru

 



10.05.2023 | 16:43