“Əsas hədəflərimizdən biri də dərsliklə işi düzgün qurmaqdır”

Oktyabrın 5-də müəllimlərin peşə bayramı beynəlxalq miqyasda qeyd olunur. Bayram ovqatlı oktyabr sevincindən Azərbaycan müəllimlərinin də ünvanına təbrik düşür. Ancaq bu bayram ərəfəsində başlayan müəyyən söz-söhbətlər bayramdan sonra da bir müddət davam edir.

 

Daha çox diqqət yönələn Bakı məktəblərində Beynəlxalq Müəllimlər Günü necə qeyd olunur? Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin rəhbəri Samirə Bektaşi  bu məsələyə, eləcə də yeni tədris ilində ilk dəfə tətbiq ediləcək yeniliklərə nəzər saldıq.

 

- Heç bir peşə ilə bağlı bayramlar müəllimlərdə olduğu qədər problem yaratmır. Halbuki cəmiyyətin əsasını qoyan, insan yetişdirən məhz müəllimdir. Həkimin də, polisin də müəllimi var. Yəni cəmiyyətdə elə peşə, elə bir sahə yoxdur ki, ora müəllim əli dəyməsin. Ona görə də müəlimlər üçün əziz olan günləri qeyd etməyi qlobal problemə çevirmək doğru deyil.

Müəllim günüdürsə, o, təbrik edilməlidir, ünvanına xoş sözlər söylənməlidir, sənəti və şagirdləri üçün çəkdiyi əziyyəti dəyərləndirilməlidir. Hər birimiz şagirdləri həvəsləndirməkdən, insanların motivasiyasından danışırıq. Bir dəstə çiçək müəllim üçün böyük bir stimul ola bilər, onu işləməyə həvəsləndirər. Bilər ki, onu dəyərləndirirlər.

Təbii ki, neqativ hallar da olur. Ancaq araşdırılmayan və əsassız faktlar da sosial şəbəkələrdə geniş müzakirəyə çevrilir. Heç kəs deyə bilməz ki, təqvimdəki xüsusi günlərdə məktəblərə böyük vəsait axmalıdır, müəllimlərə bahalı hədiyyələr alınmalıdır. Ancaq müəllimlər də, onların zəhməti də dəyərləndirilməlidir. Dövlət onsuz da bunu edir. Mütəmadi olaraq müəllimlər fəxri ad, fəxri fərman, medal, təşəkkürnamələrə layiq görülürlər. Bunlar müəllimə verilən dəyərdir. Ancaq dövlətin verdiyi bu dəyəri xalq da, cəmiyyət də verməlidir.

 

Müəllim öz peşə bayramında elə təbrik olunmalıdır ki, onun yaddaşında ömürlük qalsın. Bunu xoş sözlərlə də, isti münasibətlə də, şagirdlərin iştirakı ilə təşkil edilən hər hansı maraqlı, yaddaqalan tədbirlə də etmək olar.

 

Ancaq pul yığılması kimi faktlara qarşı mövqeyimiz qətidir. Bunun üçün əlimizdən gələni edir, direktorlarla, müəllimlərlə söhbətlər aparırıq.

 

- Tədris ilinin başlanğıcıdır. Bu tədris ilində məktəblər və müəllimlər üçün yeni olan xeyli dəyişiklik olacaq...

 

- 2018-2019-cu tədris ili üçün təhsil naziri Ceyhun Bayramovun əmri ilə təhsildə prioritet istiqamətlər müəyyən olunub. Bu il müəllimlərdən azərbaycançılıq ideologiyasının, vətənpərvərlik tərbiyəsinin aşılanması tələb olunur. Əslində, bu, hər zaman prioritet olub. Ancaq bu il həmin istiqamətlərin əmr şəklinə salınması onu tələbə çevirib. Bu da müəllimin məsuliyyətini artırmağa yönəlib. İbtidai sinif müəllimlərinin tərkibinin müəyyənləşdirilməsi, ibtidai siniflərdə dərslərə nəzarətin gücləndirilməsi, oxu və yazı texnikasının, riyazi vərdişlərin formalaşması, kiçik akademiyaların fəaliyyətinin gücləndirilməsi, şagirdlərin ayrı-ayrı fənn müsabiqələrinə, olimpiadalara, yarışlara qatılması tələb olunur. Bir məktəb bu tələbləri yerinə yetirirsə, deməli, həmin məktəb də, onun müəllimi də məsuliyyətini hiss edir. Təhsil Nazirliyi məktəbin və müəllimin bu vəzifəsini yerinə yetirə bilməsi üçün üzərinə düşəni edir.

 

Bu bir həqiqətdir ki, təhsildə müəllim üçün də, şagird üçün də münbit şərait var. Uşaqlarmzn səsi dünyanın müxtəlif ölkələrində keçirilən ən yüksək səviyyəli yarışlardan, müsabiqələrdən gəlir. Hesab edirəm ki, bütün bunlar müəllimin əməyinin nəticəsidir. Təhsil islahatları da məhz bu əməyin nəticələrinin üzə çıxarılmasına yönəlib.

 

Həyata keçirilən bütün yeniliklərlə bağlı məktəblərdə müəllimləri məlumatlandırırıq. Sentyabrın əvvəlində keçirilən bölmə iclaslarında müxtəlif təmayül siniflər üçün, ümumi orta təhsil  sinifləri üçün tədris planlarını müəllimlərin diqqətinə çatdırdıq. Bu ildən bəzi seçilmiş məktəblərdə 7-ci sinifdən təmayüllər formalaşıb. Həmin siniflər üzrə tədris planları hazırlandı və onlar da müəllimlərə təqdim edildi.

 

- Yeniliklərin tətbiqində hər zaman problemlər ortaya çıxır. Bu gün müəllimlərin hansı çətinlikləri ortaya çıxır və bu çətinliyi aradan qaldırmaq üçün nə tədbirlər görülüb?

 

- Tətbiq edilən hər yenilik əvvəlcədən hesablanır, benəlxalq təcrübə öyrənilir. Bəlli bir müddət onun tətbiqi nəticəsində ortaya çıxa biləcək çətinliklərin araşdırılması üçün nəzərdə tutulur. Məsələn, hazırda məktəblərimizdə ehtiyat dərsliklər tətbiq edilir. Bakıda 44 məktəbdə, ölkə üzrə isə 56 məktəbdə “Azərbaycan dili” və “Riyaziyyat”dan həmin dərsliklərdən tədris aparılır. Bu məsələdə də yerli və beynəlxalq təcrübə öyrənilib, müəlliflər xüsusi müsabiqə əsasında seçilib. Düşünürəm ki, yaxşı təcrübə olacaq və yəqin ki, getdikcə genişləndiriləcək. Ümumiyyətlə, müəllimlərin mütəmadi olaraq fənn kurikulumlarının tətbiqində, dərsliklərlə işləməkdə çətinlikləri yaranır. Bəzən məsələnin mahiyyəti onlara aydın olmur. Bu çətinlikləri aradan qaldırmaq üçün həm tədris işləri üzrə direktor müavinləri, həm də müəllimlərlə öyrədici seminarlar olacaq. Yerlərdə əsas hədəflərimizdən biri də dərsliklə işi düzgün qurmaqdır. Bunun üçün artıq dərslik müəllifləri ilə müəllimlərin yerlərdə görüşünü təşkil edirik. Oktyabrın 2-dən başlanan bu görüşlər ibtidai sinif, 5-9-cu sinif, 10-11-ci sinif müəlimləri üçün ayrıca keçirilir.  İlk olaraq ibtidai sinif müəllimləri ilə “Azərbaycan dili” və “Riyaziyyat “ dərsliklərinin müəlliflərinin görüşü təşkil olunub. Məqsədimiz odur ki, müəllimlər onları maraqlandıran, mahiyyəti aydın olmayan istənilən məsələ ilə bağlı suallarını dərslik müəlliflərinə ünvanlaya bilsinlər.

 

- Bu görüşlərdən dərslik müəllifləri də nəsə qazanacaq...

 

- Əlbəttə. Müəlimlərin rəyini eşidəcəklər. Müəllif dərsliyi dövlətin qoyduğu tələb və standart əsasında hazırlayır. Onun tələbdən kənara çıxmağa ixtiyarı yoxdur. Mən də dərslik müəllifiyəm. Ola bilər ki, bizim düşündüyümüz məsələ məktəbdə nəzərdə tutduğumuz nəticəni vermir. Verilən tapşırığın praktik əhəmiyyəti çox azdır. Tutaq ki, uşaqlarda heç bir bacarıq formalaşdırmır. Verilən məlumat yalnız hafizəyə əsaslanır. Düzdür, hafizə də olmalıdır. Ancaq hafizə bilik və praktikaya çevriləndə, uşaq məktəbdə aldığı biliyi həyatda tətbiq edəndə biz dövlətin qarşımıza qoyduğu tələbi yerinə yetirmiş olarıq. Çünki tələb budur: hərtərəfli düşüncəyə, praktik biliyə, vərdişlərə malik, cəmiyyətdə özünü idarə edə biləcək, dövlətinin və millətinin təəssübünü çəkə bilən vətəndaş yetişdirmək. Əlavə vəsaitlər, iş dəftərindən istifadə ilə bağlı çoxlu sual yaranır. Müəllimlər bilməlidir ki, vacib şərt dərsliyin tələbi, məktəblərə pulsuz verilən vəsaitlər üzrə məzmunun çatdırılmasıdır. Əlavə vəsaitlər yalnız zəif şagirdin inkişafı üçün istifadə edilə bilər. Yaxud səviyyəcə yoldaşlarından üstün olan şagirdin biliyini möhkəmləndirmək üçün istifadə oluna bilər. Buna heç kim qadağa qoya bilməz.

 

- Dərslik müəllifləri ilə görüşlər hansı çərçivədə təşkil olunur? Neçə məktəbdə və nə qədər müəllimi əhatə edəcək?

 

- 12 inzibati rayonun hamısında belə görüşlər keçiriləcək. Qarşıya məqsəd qoymuşuq ki, bu görüşlər əlavə fənn blokuna daxil olan fənləri də əhatə etsin. Çünki bütün fənlər məktəb üçün əhəmiyyətlidir. 183 nömrəli məktəbdə keçirilən tədbirlərdən birində rəssam və heykəltəraş şagirdlərlə qarşılaşdıq. Zəif oxuyan həmin şagirdlərin bu sahədə bacarığına heyran qalmamaq mümkün deyildi. Şagirdlərimiz nigaranlıqla dərslərinin zəif olmasının onlara irad tutulacağını gözləyirdi. Təbii ki, bunu etmədik. Müəllimlər də məktəbdə məhz bu mövqeni nümayiş etdirməlidirlər. Riyaziyyatı mənimsəyə bilmədiyinə görə şagirdə irad tutmaq yox, onu hər hansı başqa bacarığına görə fərqləndirmək, qiymətləndirmək lazımdır. Bu, təhsildə daha yaxşı nəticələr doğura bilər. Bu gün müəllimə heç nə lazım deyil. Sadəcə, fənn kurikulumunu mənimsəyib tətbiq edə bilsələr, onların peşəsində heç bir çətinliyi olmayacaq. Xüsusi istedadlar məktəbdə üzə çıxır. Onu da kurikulumu yaxşı mənimsəmiş istənilən müəllim bacarar. Müəllimlərin çətinlik çəkdiyi məsələlərlə bağlı müxtəlif fənlər üzrə tövsiyələr hazırlanaraq Təlimə Dəstək Mərkəzinin rəsmi səhifəsində yerləşdiriləcək.

 

- Qiymətləndirmə ilə bağlı yeniliklər təsdiqini gözləyir. Yeni yanaşma Bakı məktəblərində fərqli nəticələr doğura bilərmi? 100 ballıq şakalanın “2”, “3”, “4”, “5” qiymətləri ilə uyğunlaşdırılmasının düzgün olmadığı bildirilirdi. Ancaq indi məlum olur ki, yeni yanaşmanın tətbiqindən sonra jurnallarda hər iki qiymətləndirmə qeyd ediləcək.

 

- Mənə elə gəlir ki, yarana biləcək problemlə əlaqədar olaraq belə bir addım atılacaq. Bu problemlər də valideynlərin vərdiş etdiyi qiymətləri görmək istəməsindən qaynaqlana bilər. Səviyyələr üzrə qiymətləndirilmələr aparılanda da müəllimlərə “Bu nədir uşağa yazmısız?” şəklində müraciətlər olur. Ancaq valideynlər də bilməlidir ki, “5” qiyməti subyektiv xarakter daşıyacaq. Dünya təcrübəsində də bilik və bacarıqlar balla qiymətləndirilir.

 

- Bəs sizcə, illik və yarımillik qiymətləndirmə zamanı balların əsasında hesablanan qiymət ənənəvi  qiymətlərlə uyğun gəlməyə bilərmi? Axı, hər qiymət özündə 20 balı əhatə edir...

 

- Bu, nadir hallarda ola bilər.  Belə hal olanda şagirdin formativ qiymətləndirməsi, summativ qiymətləndirmələri meydana çıxacaq. Qiymətləndirmədə yeni yanaşmanın tətbiqi  müəyyən problemləri ortaya çıxaracaq. “Azərbaycan müəllimi” qəzetində “Qimətləndirmədə yeni yanaşma” sərlövhəli yazı geniş rezonans doğurdu. Yazı bizdə də geniş müzakirə olundu. Elə bu müzakirələr də göstərdi ki, hər bir yenilik kimi qiymətləndirmədə də problemlərin olacağı gözləniləndir. Ancaq sənəd təsdiq edildikdən sonra onun tələb və şərtləri ilə bağlı yerlərdə müzakirələr aparacağıq. Bununla bağlı müəllimlərə geniş məlumatlar verəcəyik. Hesab edirik ki, qiymətləndirmənin əsası olmalıdır. Müəllim verdiyi qiyməti əsaslandırmağı bacarmalıdır. O, ilin əvvəlində diaqnostik qiymətləndirməni düzgün aparacaqsa, strategiyasını ona uyğun düzgün müəyyənləşdirəcəksə, mövzunun tədrisi, sinifdə zəif şagirdlərin səviyyəsinin digər şagirdlərə çatdırılması üçün atacağı addımları doğru seçəcəksə, minimum bilik verib maksimum bacarıqları inkişaf etdirəcəksə, məqsədinə nail olacaq. Bunun üçün formativ qiymətləndirmə çox vacibdir. Şagirdin gündəlik izlənməsi müəllimin əlində əsasdır. Əsl müəllim qiymət yazmaqla işini bitmiş hesab etməməlidir. Bu gün dünyanın tələbləri tamam başqadır. Texniki fənlər üzrə mənimsəməsi zəif olan şagirdin humanitar fənlər üzrə xüsusi bacarığı ola bilər. Müəllim bunu düzgün müəyyənləşdirməyi bacarmalıdır. Müəllimlər, məktəb psixoloqları bunu müşahidə edib düzgün qərarlar verməli, uşaqları düzgün yönləndirməlidirlər.

 

- Pedaqoji mühazirələrin nəticələri qaneedicidirmi? Növbəti tədris ilinin mövzuları nə olacaq?

 

- Bəli, nəticələrimiz yaxşıdır. 1000-dən artıq mühazirə dinlənildi. BŞTİ-dən 12 nəfərin işini respublika mərhələsinə təqdim etmişdik. Onlardan 3 nəfəri 3-cü yerə, 3 nəfəri isə “Tərifnamə”yə layiq görülüblər. Növbəti il üçün də mövzumuz bəllidir. “Müasir dövrdə təhsilin aktual problemləri” növbəti müzakirələrin mövzusu olacaq. Aktual hesab etdiyi problemi müəllim özü qaldıracaq və müsabiqəyə təqdim edəcək.

 

- Məktəbəhazırlıq qrupunda tədris fərqlənməlidir. Bəs fərqlənirmi? Əsasən ibtidai sinif müəllimlərinin apardığı bu dərslərin fərqlənməsi üçün hansı tədbirlər görülüb və bundan sonra görülməsi planlaşdırılır?

 

- Bəli, məktəbəhazırlıq qruplarında dərsləri IV sinifdə dərs deyən ibtidai sinif müəllimlər aparırdı. Ötən il məktəbəhazırlıq qruplarında 60 məşğələ dinlədik. Qeyd edim ki, məktəbəhazırlıq qruplarının əsas məqsədi şagirdin məktəbə adaptasiyasıdır. İlkin təfəkkür, məntiq, ilkin bacarıqlar formalaşdırmaq, özünü təqdim etmə, tanıma, adlandırma, əşyaları müqayisə etmə, rəngləri ayırd etməni, hərflərin çap variantını tanımalıdırlar. Oynamağa meyilli olan bu uşaqlara yazı yazdırmaq olmaz. Onların qələm tutması oynaq sümüklərinin əyilməsinə səbəb ola bilər. Ona görə də məktəbəhazırlıq qrupunun şagirdi şəkli belə yoğun flamasterlərlə çəkməlidir. Onu da əlavə edim ki, rəsm bu uşaqları tanımaqda xüsusi rol oynayır. Özünü ağacın başında çəkən uşağın zirvədə olmaq arzusunu, yaxud özünü küncdə təsvir edən uşağın qorxularını vaxtında müəyyənləşdirmək də məktəbəhazırlıq qrupunda dərs deyən müəllimin vəzifəsidir. Ancaq hələlik bu məsələdə problemlər ortaya çıxır. Çünki məktəbəhazırlıq da bizim üçün yenidir və ildən-ilə təkmilləşəcək. Onlar üçün də metodik vəsaitlər hazırlanıb və məktəbəhazırlıq qruplarının müəllimləri ilə də seminarlar təşkil ediləcək.

 

- Bütün yeniliklər, həyata keçirilən islahatlar müəllimin nüfuzunun yüksəldilməsinə xidmət edir. Bəs, BŞTİ-də müəllimin mövqeyini möhkəmləndirmək üçün hansı tədbirlər düşünülür?

 

- Müəllim özü nüfuzunu qaldırmasa, bunu heç kim bacarmayacaq. Müəllim öz nüfuzunu əməli fəaliyyəti ilə qaldıra bilər. Qarşımızda qoyulan tələb, vəzifə və hüquqlarımız var. Hüquqlarımızdan yararlanıb vəzifələrimizi düzgün icra etsək, nüfuzumuz özü qalxacaq. Məncə, müəllimlər zirvəyə yox, zirvədən baxmağa çalışmalıdırlar. Bunun üçün də zirvəni fəth etmək lazımdır.

 

Ruhiyyə Daşsalahlı



05.10.2018 | 13:22