Təhsilimizin himayədarı | |
“Heydər Əliyev və təhsil!”. Bu iki məfhum bir-birinə çox bağlı olan, ayrılmaz kəlamlardır! Güman etmirəm ki, həyatımın bilavasitə bağlı olduğu bu sahə ilə daim məşğul olduğuma görə kimsə düşünər ki, Ulu Öndərin gərgin və çoxşaxəli fəaliyyətində təhsili xüsusi qabardıram. Yox, əsla yox! Mən də hamı kimi bu fikirdəyəm ki, gənclik illərindən ömrünün son gününədək ürəkdən bağlı olduğu vətənini, xalqını səmimiyyətlə sevərək ölkəmizin tərəqqisi naminə onun sənayesindən mədəniyyətinə, siyasi mənafelərindən beynəlxalq imicinə, kənd təsərrüfatından hərbi potensialına, milli maraqlarından diaspor təşkilatlarına qədər bütün problemləri ilə hərtərəfli və ən incə məqamlarına kimi məşğul olduğuna görə o, Ümummilli Lider ola bilmiş, xalq tərəfindən bu ali statusa layiq görülmüşdür. Bununla belə təhsilə xüsusi önəm verdiyi, əldə edilən bütün uğurların təhsillə bilavasitə bağlı olduğuna əminliyi də şübhəsizdir.
Yazılan fikirləri bir daha təsdiq etmək üçün bu günlərdə çapdan çıxmış “Heydər Əliyev - xalqa həsr olunmuş ömür” kitabımdan bir məqamı oxucularla bölüşmək istəyirəm. “1929-cu ildə Azərbaycanda əlifba islahatı baş verəndən, yəni ərəb qrafikasından latın əlifbasına keçid olandan sonra, məktəb üzünə həsrət qalmış digər insanlar bir yana, mollaxanalarda təhsil almış az-çox savadlılar da birdən-birə savadsızlara çevrilmişdilər, yeni əlifbanı oxuya bilmirdilər. Maraqlıdır ki, təkamül yolu ilə həyata keçirilməli olan əlifba islahatı Sovet qaydalarına görə “inqilabi yolla” baş tutmuşdu: 1929-cu ilin sonlarında birdən-birə elan olunmuşdu ki, 1930-cu il yanvarın 1-dən latın qrafikasına keçilir. Əhali kütləvi savadsızlaşdığına görə “Savadsızlığın ləğvi” kampaniyasına start verildi və bu işə hətta məktəblərin yuxarı siniflərində oxuyan əlaçı şagirdlər də cəlb edildi. Görünüşünə, zəkasına görə yuxarı sinif şagirdlərindən seçilməyən 6-cı sinif şagirdi Heydər də 1935-ci ildə, 12 yaşından etibarən müəllimlik etməyə, yaşlı insanlara latın əlifbası ilə yazıb-oxumağı öyrətməyə başladı...”
Müəllim peşəsinə vurğunluq Heydər Əliyevi Naxçıvan şəhər Pedaqoji Məktəbinə gətirib çıxarır və 1939-cu ilin yayında keçdiyi 30 fənnin hamısından ən yüksək - “əla” qiymət almaqla oranı bitirir. Ancaq texnikuma daxil olarkən ürəyində müəllim olmaqla bağlı pöhrələnən istəkləri inkişaf edib xeyli dəyişmişdi-o, daha böyük ideallarla yaşayırdı, hazırda müəllim olmaq istəməsə də, xəbəri yox idi ki, ulu tanrı ona bir ölkənin müəllimi olmaq, xalqına yol göstərmək, dar gündə onun harayına çatmaq kimi tale yazmışdı, onun söylədiyi “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram!”- sözləri böyük bir xalqın dilində müəllimlik manifestinə çevriləcəkdir, o, Azərbaycanın ilk və yeganə “Xalq müəllimi” fəxri adına sahib olacaqdı...
Yeri gəlmişkən, “Xalq müəllimi” haqqında. 1998-ci il sentyabrın 25-də Azərbaycan müəllimlərinin XI qurultayı keçirilirdi. Həmin ərəfədə Heydər Əliyevə Azərbaycanın Xalq müəllimi adının verilməsi üçün ölkə müəllimlərindən qurultaya təkliflər daxil olmuşdu. Biz qərara gəlmişdik ki, qurultayda müəllimlərin bu arzusunu yerinə yetirək.
Çox çıxılmaz duruma düşmüşdüm, bir tərəfdən müəllimlərin arzusu, digər tərəfdən onun münasibətinin necə olacağını düşünmək məni çox sıxırdı. Çox tərəddüdlərdən sonra yaşlı və tanınmış müəllimlərdən biri qurultayın tribunasından çoxsaylı xahişləri və müəllim peşəsinə xüsusi münasibətini nəzərə alaraq onun “Azərbaycanın Xalq müəllimi” fəxri adı ilə təltif edilməsi barədə qərarı oxudu və mən gurultulu alqışlar altında həmin diplomu Heydər Əliyevə təqdim etdim. Güclü fəhmi olan Ulu Öndər qurultaydan sonra dedi ki, “müəllim adı mənim üçün çox müqəddəsdir, bu, “akademik”, “memar” və digər adlardan deyil ki, ona etiraz edim, bu ad mənim indiyədək aldığım bütün mükafatlardan yüksəkdir!”
Yeri gəlmişkən, qeyd edirəm ki, həmin qurultay indiki Heydər Əliyev Sarayında təşkil olunmuşdu. Fasilədə cənab Prezidenti təhsil sərgisinə baxmaq üçün foyeyə dəvət etdim. Burada izdiham toplaşmışdı, müəllimlər Heydər Əliyevi yaxından görmək, onunla şəkil çəkdirmək, söhbət etmək, fikirlərini çatdırmaq istəyirdilər.
Müəllimlər böyük sevgi və ehtiramla Ulu Öndərə yaxınlaşdılar. Onların söhbəti xeyli çəkdi, fasiləmiz uzansa da, cənab Prezidentin yüzlərlə işi olsa da, səbirlə bütün müəllimləri dinlədi, onlarla şəkil çəkdirdi, onların xahişləri ilə bağlı mənə müvafiq tapşırıqlar verdi. Bu da onun müəllimlərə bəslədiyi hörmətin, bu peşəyə olan sevgisinin daha bir təsdiqi idi.
Yaxşı xatırlayıram, mən universitetdə prorektor vəzifəsində işləyəndə Mexanika-riyaziyyat fakültəsinin müəllimi Tofiq Bəktaşi rəhmətə getmişdi. Onun vəfatını eşidən Ulu Öndər rektor Murtuz Ələsgərova zəng edib bərk-bərk tapşırmışdı ki, Tofiq Bəktaşi son mənzilə layiqincə yola salınsın. Çünki o, Naxçıvan Pedaqoji məktəbində Heydər Əliyevin müəllimi olmuşdu.
Bu səpgili daha bir maraqlı xatirəm ondan ibarətdir ki, Murtuz müəllimin rektor olduğu dövrdə Tarix fakültəsinin Sabir Xəlilov adlı tanınmış bir müəllimi vəfat etmişdi. Biz onun dəfn mərasimində fəal iştirak etdik, hörmətlə vida mərasimi keçirdik, başqa qayğılar da göstərdik. Həmin müəllimin il mərasimi yaxınlaşan günlərdə Murtuz Ələsgərov artıq Milli Məclisin sədri, mən isə BDU-nun rektoru idim. Bir zamanlar təhsil aldığı Tarix fakültəsinə və onun müəllimlərinə xüsusi qayğı ilə yanaşan Ulu Öndərin yaxşı tanıdığı Sabir müəllim haqda universitet qəzetində məqalə çap edilməsini tapşırdım. Qəzet il mərasiminə iki gün qalmış çap olundu, qəzet çap edilən günün sabahı (vaxt tapıb bizim qəzeti oxuması da maraqlı fakt idi) Heydər Əliyev mənə zəng etdi: ”Misir müəllim, Sabir Xəlilovun vəfatını mənə niyə xəbər etməmisən?”. Cavab verdim ki, “cənab Prezident, Sabir müəllim keçən il rəhmətə gedib, onda da rektor Murtuz müəllim idi.” “Nə olsun? Sən ki, prorektor idin, deyə bilərdin...” -dedi, mən deməyə söz tapmadım. O, davam elədi: ”Sən bilirsən ki, mənim müəllimlərə, xüsusən də təhsil aldığım Tarix fakültəsinin qocaman müəllimlərinə böyük hörmətim var. Digər tərəfdən də bu adam 91-lərdəndir, mənim onlara da dərin ehtiramım var. Get Sabir müəllimin evinə, nə lazımdırsa, kömək edin. Sabahkı il mərasiminin bütün xərci də dövlət hesabına edilsin. Öyrən, gör, əgər qəbrinin üstünü götürməyiblərsə, onu da elətdirin! Sabahkı məclisdə universitet kollektivi fəal iştirak etsin! Vəssalam!”,-deyib, telefonu qoydu.
Yaxşı xatırlayıram, 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi keçirilən tədbirdə çıxış edən Ulu Öndər Naxçıvandakı orta məktəbdə və şəhər pedaqoji məktəbində ona dərs demiş 20-dən çox müəllimin adını və soyadını böyük ehtiramla və dəqiqliklə xatırladı. Hesab edirəm ki, üstündən 70 ilə yaxın vaxt ötməsinə baxmayaraq müəllimlərini unutmayan bu böyük şəxsiyyət həmin gün bizə möhtəşəm bir ustad dərsi keçdi.
Ulu Öndərin 100 illik yubileyi ərəfəsində məzunu və Fəxri doktoru olduğu Bakı Dövlət Universiteti ilə Heydər Əliyevin münasibətləri haqda düşüncələrimi də hörmətli oxucularla bölüşmək istəyirəm. BDU ölkəmizin böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirmiş ən qocaman ali təhsil ocağıdır və burada indiyədək 150 minə yaxın məzun olmuşdur. Ancaq vurğulamaq istəyirəm ki, BDU-nun ən böyük məzunu isə heç şübhəsiz, xalqına, onun mədəniyyətinə və mənəviyyatına son dərəcə bağlı olan, müstəqil Azərbaycanın xilaskarı, memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevdir.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinin məzunu olan Heydər Əliyev həyatının bütün dövrlərində Universitetlə bağlı olmuş, hər zaman bu tədris müəssisəsinə qayğı ilə yanaşmışdır. Bu, onun bitirdiyi Universitetə bağlılığı, ziyalılara olan sevgisi və doğmalığından irəli gəlirdi. Heydər Əliyev BDU ilə əlaqədar hər hansı qərarın qəbul olunmasından, onun yubileylərinin keçirilməsindən tutmuş, burada çalışanların təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə xüsusi həssaslıq göstərir, respublikanın bu ilk elm və təhsil məbədindən diqqətini əsirgəmirdi. Universitetin 50, 60, 75 və 80 illik yubileyləri Ümummilli Liderin iştirakı və rəhbərliyi ilə keçirilmişdir. Onun Moskvada çətin günlər yaşadığı 1989-cu ildə Universitetimizin 70 yaşı tamam olurdu, ancaq kiçik dairədə BDU fədailərinin ürəkağrısı ilə qeyd etdiyi tədbiri nəzərə almasaq, dövlət səviyyəsində bu hadisə heç kəsin yadına düşmədi...
Azərbaycana rəhbərliyinin ilk dövründə o, universitetin 50 illik yubiley komissiyasını yaratdı və ora rəhbərlik etdi. Onu da qeyd edək ki, Heydər Əliyev Universitetə 50 illik yubileyi münasibətilə dövrün yüksək mükafatının verilməsi haqqında SSRİ rəhbərliyi qarşısında məsələ qaldırmış, bu istiqamətdə xeyli mübarizə də aparmışdı. Ulu Öndər cəhdlərini davam etdirmiş, nəhayət, “Qırmızı Əmək bayrağı” ordeninə nail ola bilmişdi.
Həmin 70-ci illərdə Bakı Dövlət Universitetində yeni inkişaf və tərəqqiyə nail olunması, fəaliyyətinin hərtərəfli genişlənməsi və təkmilləşməsi üçün geniş imkanlar meydana çıxmışdı. Bu, ilk növbədə respublika rəhbərliyinin SSRİ tərkibində maksimum müstəqilliyə yönəlmiş səyləri və apardığı siyasəti nəticəsində mümkün olmuşdu. Məhz həmin illərdə universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, elmin inkişafı, beynəlxalq əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradılmış, informatika-hesablama mərkəzi açılmış, yeni tədris binaları, laboratoriya və kafedralar, kitabxana, yataqxana və s. istifadəyə verilmişdi.
Universitetlərə qəbul prosesinə diqqətlə yanaşan Heydər Əliyev 1970-ci illərdə ali məktəblərə keçirilən qəbul imtahanlarının obyektivliyini təmin etmək üçün həmin proseslərdə şəxsən iştirak edirdi. Özü də imtahanlara gələndə abituriyentlərlə, onların valideynləri ilə, qəbul imtahanında iştirak edən müəllimlərlə səmimi söhbət edərdi. Yaxşı xatırlayıram, 1975-ci ildə BDU-da gənc müəllim kimi qəbul imtahanlarına cəlb edilmişdim. Bir gün xəbər yayıldı ki, Heydər Əliyev universitetə gəlir. O zamanlar əsas binanın 4-cü mərtəbəsində təxminən 30 otaqda imtahan gedirdi. Biz riyaziyyatçılar da bir otaqda əyləşib abituriyentlərin yazı işlərini yoxlayırdıq. Birdən auditoriyanın qapısı açıldı və Heydər Əliyev bizim otağa daxil oldu. O, təhsil sistemində mövcud olan problemlər, ali məktəblərdəki vəziyyət, imtahanlar, aspirantura, gənc alimlər haqqında söhbət etməyə başladı. Elə incəliklərə toxundu ki, çoxumuz bu məsələlərdən xəbərsiz idik.
Qısa müddətdə onun zəkasına, hadisələrə yanaşmasına, faktları dəqiqliklə bilməsinə və maraqlı söhbətlərinə valeh olduq. Söhbətini başa vurandan sonra sualımızın olub-olmadığını soruşdu. Mən düşündüm ki, heç kəs bu ovsunun təsirindən çıxıb sual verə bilməz, görünür, bunu özü də hiss etdi və vəziyyəti yumşaltmaq üçün bir neçə səmimi söz dedi, hətta, bir zarafat da etdi, bununla da açıq dialoq üçün şərait yaratdı.Yaranmış vəziyyətdən istifadə edən gənc professor Valeri Salayev müraciət etdi: - Yoldaş Əliyev, mənim sualım var. Bizə göstəriş gəlib ki, məzunlar aspiranturaya qəbul olmamışdan əvvəl mütləq ən azı iki il iş stajına malik olmalıdırlar. Amma bu halda biz yüksək elmi potensiala malik kadrları itiririk. Oğlanlar ikiillik hərbi xidmətə gedir və təhsil estafeti qırılır. Riyaziyyatda isə ixtisasla fasiləsiz məşğul olmaq lazımdır.
Təhsil naziri, rektor və onunla birlikdə gələn digər rəhbər işçilər planlaşdırılmamış sualdan ciddi narahat oldular. Heydər Əliyev isə cavabı ilə vəziyyəti xeyli yumşaltdı: - Bu tələb, daha çox humanitar və sosial elmlər sahələrinə aiddir. Riyaziyyatçılara gəlincə, siz tamamilə haqlısınız, fundamental elm sahələrində, o cümlədən fizikada, riyaziyyatda məzunlar qarşısında gərək belə tələb qoyulmasın.
Yeri gəlmişkən qeyd edim ki, o məsələ bununla da öz həllini tapdı və fundamental elm sahələrində aspirantura təhsili almaq istəyən gənclərdən sonralar iş stajı tələb olunmadı.
Heydər Əliyevin gənc professorun sualına belə səmimi və müsbət reaksiyası, deyəsən, başqalarını da ürəkləndirdi. Bu dəfə elmlər namizədi Binəli Musayev əlini qaldırdı: - Yoldaş Əliyev, mənim 32 yaşım var. Ailəliyəm, 3 övladım var. Amma hələ də mənzilim yoxdur. Kirayədə yaşayıram. Belə şəraitdə elmlə məşğul olmaq çox çətindir. Xahiş edirəm, mənzil problemimin həllində kömək göstərəsiniz.
Heydər Əliyev gülümsünüb Nyuton, Eynşteyn də daxil olmaqla bir çox böyük alimlərin adlarını çəkdi. Onların normal məişət şəraitləri olmadan elmdə əldə etdikləri yüksək nailiyyətləri yada saldı: - Siz bilirsinizmi, bu alimlərin əksəriyyəti öz elmi əsərlərini xüsusi bir şəraitləri olmadan, əsasən, kitabxanalarda yaradıblar?! Hətta döşəmədə əsərlər yazan alimlər də olub. Əlbəttə, mən həmişə çalışıram ki, hər bir vətəndaşımız normal şəraitdə yaşasın - Heydər Əliyev təbəssümlə həmin müəllimi süzdü - Sizə də imkan daxilində kömək göstəriləcəkdir (Bir müddət sonra, həqiqətən, o müəllimə mənzil verildi).
Ulu Öndərin dərin ensiklopedik biliyi, hadisələrə anındaca reaksiya vermək bacarığı, təhsil və elm sahəsinə bu qədər təfsilatı ilə bələdliyi məni ilk görüşdəcə heyrətləndirdi.
Yeri gəlmişkən, məni rektor təyin edərkən danışdığı sözlər, verdiyi tövsiyələr də mövzu ilə birbaşa bağlı olduğuna görə onları da qeyd etmək istəyirəm. O zaman məni ilk növbədə təəccübləndirən o oldu ki, bu qədər işin içində, problemlərin həlli ilə məşğul ola-ola BDU-da baş verən hadisələri, gedən prosesləri universitet əməkdaşlarından yaxşı bilirdi.
Bir-bir bütün intriqaları, siyasi fikir ayrılıqlarını, qruplaşmaları yaradanları, həmçinin böyük alim kimi tədqiqatlarına, şəxsiyyətlərinə rəğbəti olan insanları xəbər aldı, bu prosesləri tənzimləmək üçün tövsiyələr verdi. Fizika fakültəsindən Sabir Hacıyevi, tarixdən Süleyman Əliyarlını, filologiyadan Tofiq Hacıyevi, Bəxtiyar Vahabzadəni və digərlərini soruşdu, həm səhhətləri, həm də elmi fəaliyyətləri ilə maraqlandı.
Onu da yaxşı xatırlayıram ki, məni təhsil naziri vəzifəsinə təyin edərkən söhbətimiz xeyli çəkdi. Təhsilin ən ümdə problemlərindən incəliklərinə qədər xəbərdar olan bu unikal insan elə məsələlərdən danışdı ki, ömrü boyu yalnız təhsillə məşğul olmuş və onunla görüşə çox ciddi hazırlaşmış bir mütəxəssis kimi onun qarşısında çox az məlumatlı olduğumu hiss etdim.
Heydər Əliyev Azərbaycanın çağdaş inkişafının məhz ali təhsil ocaqlarının nailiyyətləri əsasında mümkünlüyünü qeyd edirdi. Azərbaycanın tarixini, mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə müasir Azərbaycan cəmiyyətini ali təhsil müəssisələrindən ayrı təsəvvür etmirdi. Azərbaycanın gələcəyini universitetlərdə görür, yeni nəslin yetişdirilməsinə hər cür şəraitin yaradılması üçün əlindən gələni edir, inanırdı ki, vətənimizin inkişafı yüksək təhsil görmüş gənclərin köməyi ilə baş verə bilər. Ulu Öndər bu məsələyə dövlət siyasətinin prioritet istiqaməti kimi yanaşırdı.
Bununla belə, təəssüf ki, onun Moskvada keçirdiyi çətin günlərdə Azərbaycan ali təhsilinə ciddi zərbələr vuruldu. Belə ki, 1987-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində təşkil edilmiş daxili çəkişmələr rəhbər orqanlar səviyyəsində qarşıdurmaya və müxtəlif mənfi maraqların toqquşmasına gətirib çıxarmışdı. Nəticədə məsələ SSRİ Xalq Nəzarəti və Partiya Nəzarəti Komitələri səviyyəsinə qaldırılmışdı. Öz şəxsi maraqlarını və hədsiz ambisiyalarını güdən, habelə Moskva tərəfindən öyrədilmiş bəzi adamlar ümumilikdə Azərbaycan xalqına və şəxsən Heydər Əliyevə qarşı düşmənçilik siyasəti aparan Mixail Qorbaçovun əlinə onun çoxdan axtardığı bir fürsət vermişdi. Beləliklə, indiki UNEC SSRİ ali məktəb tarixində görünməyən bir faktla qarşılaşmışdı. İnstitutun müstəqil fəaliyyəti dayandırılmış və o, Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı kimi fəaliyyət göstərməyə məcbur olmuşdu. Leninqradın təhsil dairələrində o qədər də yüksək nüfuza malik olmayan bu institut Bakıya öz emissarını göndərmiş və ölkənin bu qədim tədris ocağı uzun müddət ərzində özünü, bir növ, ikinci dərəcəli ali məktəb kimi hiss etməyə vadar edilmişdi.
Ulu Öndər 2002-ci il iyunun 13-də İqtisad Universitetinin 70 illik yubileyindəki çıxışında həmin məsələni xatırlayaraq demişdi: “1980-ci illərdə artıq bu institut yüksək səviyyəyə qalxmışdı. Ancaq sonra yenə həm institutun daxilində, həm də onun ətrafında bəzi mafiyoz qüvvələr öz şəxsi məqsədlərinə nail olmaq üçün intriqalar, çəkişmələr yaratdılar və Moskvaya dalbadal ərizələr, anonim məktublar, bir-birindən şikayətlər yazmağa, bir-birini günahlandırmağa başladılar - dəhşətli bir vəziyyət idi”.
Doğrudur, 3 il sonra bu qara ləkə təhsil tariximizdən silindi, ali məktəb yenidən bərpa olundu. Yenidən öz yerini və mövqeyini müəyyən etmək müəllimləri və tələbələri pərən-pərən düşmüş bir universitet üçün müşkül məsələ idi. Yalnız Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra bütün digər problemlər kimi bu müşkül də öz həllini tapdı.
Belə hesab edirəm ki, təhsillə bağlı ən böyük nailiyyətlərdən biri də 1970-ci illərdə keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə xüsusi ixtisaslar üzrə oxumağa göndərilən Azərbaycanlı gənclərlə bağlı olmuşdur. O dövrdə Bakı Dövlət Universitetində bilavasitə həmin sahə üzrə Məsul katib vəzifəsində çalışdığımdan əldə edilən nailiyyətlər yaxşı yadımdadır. Təsəvvür edin ki, bir neçə il ərzində bu yolla on beş minə yaxın azərbaycanlı gənc sovetlər ittifaqının nüfuzlu universitetlərində nadir ixtisaslar üzrə ali təhsil almışdılar. Bundan əlavə, Ulu Öndərin gələcəyə yönəlmiş müdrik siyasəti nəticəsində hər il 400-500 azərbaycanlı gənc keçmiş SSRİ-nin ali hərbi məktəblərində təhsil almağa göndərilirdi.
Məni təhsil naziri vəzifəsinə təyin edəndə vaxtiylə SSRİ-nin ali məktəblərinə təhsil almağa göndərdiyi gənclərlə maraqlandı. Mənə tapşırdı ki, dərs ilinin əvvəlində onlarla görüş təşkil edim. 1998-ci ilin avqustun 31-də indi Ulu Öndərin adını daşıyan sarayda bu tarixi görüş baş tutdu. Həmin görüş də, Heydər Əliyevin dərin məzmunlu çıxışı da indiyədək yaxşı yadımdadır. Çıxışında həmin illəri xatırlayaraq dedi:
- “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimizi düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm”.
Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk növbədə dövlət düşdüyü ağır siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən xilas edildi, süni qiyamlar yatırıldı, Azərbaycanın müstəqilliyi, bütövlüyü təmin olundu. Heydər Əliyev həyata keçirilən dövlət quruculuğu prosesinin ən zəruri tərkib hissələrindən biri kimi hələ 70-80-ci illərdə respublikada formalaşdırdığı zəngin elmi-intellektual potensiala istinad edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürdü, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini diqqət mərkəzində saxladı.
Görkəmli dövlət adamı Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırdı. Elm və təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla həyata keçirdi. Təhsil sahəsində həyata keçirilən strateji xətt, bütün sistemdə olduğu kimi: ali təhsil şəbəkəsində də əsaslı islahatların aparılmasına şərait yaratdı, universitetlərin gələcək inkişafını təmin etdi. 1993-cü ildən tədris prosesində, elmi-tədqiqat işlərində ciddi irəliləyiş hiss olundu, “beyin axını” dayandı, maddi-texniki bazanı möhkəmləndirmək üçün müxtəlif tədbirlər həyata keçirilməyə başladı.
Müstəqil Azərbaycanın təhsil sistemində, xüsusilə də ümumi təhsil sistemində islahatların qaçılmaz olduğunu diqqətə çatdıran Ulu Öndər, eyni zamanda təhsil işçilərini islahat prosesinə həssas və ehtiyatla yanaşmağa çağırırdı. Onun “Təhsil sahəsi cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”, “Əgər iqtisadiyyat sahəsində islahatları keçirmək bir il, iki il yox, bir neçə il və ondan da çox vaxt tələb edirsə, təhsil sahəsində islahatlar bundan daha çox vaxt tələb edir. Ona görə də deyirəm ki, burada inqilabi dəyişikliklər ola bilməz” müddəaları bu gün də islahatlarla məşğul olan mütəxəssislərin fəaliyyətinə istiqamət verən dəyərli ideyalardır. Onu da qeyd etməyi lazım bilirəm ki, islahatlar prosesinə başlarkən Ümummilli Liderin həmin nitqində irəli sürdüyü “Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində - Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik” fikrini əsas tutaraq xarici və yerli mütəxəssislərin iştirakı ilə xeyli tədqiqatlar və müqayisəli təhlillər aparılmış, bir çox inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilərək yeri gəldikcə onlara istinad edilmişdir.
Ulu Öndərin respublikanın təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə 1999-cu ilin 31 avqustunda keçirilmiş görüşdəki nitqindən: “Mənim sizə tövsiyəm ondan ibarətdir ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə, konyunkturaya yol verməyəsiniz. Azərbaycanın milli ənənələrinin üzərindən keçməyəsiniz”, “Çalışmaq lazımdır ki, islahat islahat naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısın”.
Bütün qeyd edilənlər və zaman məhdudluğundan yaza bilmədiklərim məqalənin əvvəlində olan “Heydər Əliyev və təhsil!” məfhumlarının bir-birindən ayrı təsəvvür edilmədiyini bir daha təsdiqləyir.
Misir MƏRDANOV, AMEA-nın müxbir üzvü |
|
10.05.2023 | 11:44 | |
|
|
|