Azərbaycan təhsil sisteminin inkişaf strategiyasını Heydər Əliyev yaratdı

“İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşını hazırlamaqdır, müstəqil Azərbaycanın cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Ona görə də orta təhsil sisteminə çox ciddi fikir vermək lazımdır”.

 

Heydər ƏLİYEV

 

BU günlərdə böyük bir şəxsiyyətin, azərbaycanlıların Ümummilli Liderinə çevrilmiş dahi insanın - Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edirik. 2023-cü il bütövlükdə Ulu Öndərin adı ilə bağlıdır. Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Həmin sərəncamda deyilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

 

Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrü Sərəncamda çox yığcam, amma dolğun ifadə edilib: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”. Sərəncamda qeyd edilənlər onun ölkəmizə bəxş etdiklərinin cüzi hissəsidir. Bu da o deməkdir ki, xalqın bütöv bir ili öz liderinin adı ilə bağlayıb, ona həsr etməyi səbəbsiz deyil. Bir də ki, Onun xalqına həsr etdiyi ömrün yanında bu bir il nədir ki...

 

Azərbaycanda təhsil islahatları bilavasitə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başladı

 

Ulu Öndər Heydər Əliyevin həyatı, bütün fəaliyyəti bir hədəfə yönəlib - millətinin adını, nüfuzunu yüksəltməyə, dövlətin qüdrətini artırmağa. Ona görə də onun rəhbərlik etdiyi illərdə hər sahədə artan rəqəmlər, davam edən inkişaf müşahidə olunub. “Hər  sahə” dedik. Həmin sahələrin arasında təhsil də var.

 

Ümummilli Lider  “Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır” deyirdi. Bu məqsədlərə xidmət edən təhsil islahatları bilavasitə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilməyə başladı. Ancaq bu təşəbbüsə qədər hələ gedilməli yol, atılmalı addımlar vardı. Məsələn, Heydər Əliyev elə bir dövrdə Azərbaycan rəhbərliyinə gəldi ki, ölkə kadr çatışmazlığını ən ağır şəkildə hiss edirdi. Milli kadrların çoxu 1930-cu illərdə repressiya qurbanı olmuşdu. Yeni kadrların hazırlanmasında isə ciddi maneələr vardı. Rusiyada təhsilin yalnız rus dilində olması və qəbul yerlərinin azlığı azərbaycanlı gənclərin həmin ali məktəblərə qəbul imkanlarını məhdudlaşdırırdı. SSRİ-nin tərkibində olan müttəfiq respublikalarda yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə milli ali təhsil müəssisələrinin yaradılması, hətta mövcud olan ali təhsil məktəblərində müvafiq ixtisasların açılması SSRİ rəhbərliyinin xüsusi icazəsi olmadan mümkün deyildi. Amma güclü siyasi iradəyə malik olan Heydər Əliyev vəziyyətdən çıxış yolu tapdı. Əvvəlcə SSRİ-nin nüfuzlu ali məktəblərində azərbaycanlı gənclərin təhsil almasına siyasi razılıq aldı və ölkə üçün xüsusi əhəmiyyət daşıyan ixtisaslar üzrə dövlət hesabına kadr hazırlığına başlanıldı.

 

Yeri gəlmişkən, həmin əhəmiyyətli ixtisas sahələrindən biri də hərb idi. Heydər Əliyevin səyləri nəticəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı. Bu, Azərbaycanın müstəqilliyinin qorunması uğrunda qəhrəmanlıq göstərəcək milli zabit korpusunun hazırlanması istiqamətində atılmış ən cəsarətli addım idi.

 

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-1982) sənayenin, kənd təsərrüfatının sürətli inkişafı ilə yanaşı, elm və təhsil sahəsində də ciddi hərəkətlənmə müşahidə olunurdu. Belə ki, bu dövrdə ümumi təhsil, peşə təhsili, ali və orta ixtisas təhsili müəssisələrinin şəbəkəsi xeyli genişləndirildi.  Müqayisə edib fərqə baxaq. 1970-ci ilə qədər 76 texniki peşə məktəbi fəaliyyət göstərirdisə, 1982-ci ildə bu rəqəm 184 oldu. 1970-1980-ci illərdə texniki peşə məktəblərində təhsil alanların sayı  2.3 dəfədən çox artdı. Bu illərdə 5276 yerlik texniki peşə təhsili kompleksləri, 2400 yerlik tədris binaları, 2800 yerlik laboratoriya - təcrübə kursları, ümumi sahəsi 15559 kv.m olan yataqxana binaları tikilmiş, 194 tədris-istehsalat emalatxanası, 786 tədris kabineti, 22 təlim təsərrüfatı yaradılmışdı.

 

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, 1973-cü ildə isə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul edildi. Bu qərarların icrası nəticəsində ümumtəhsil  məktəblərinin sayı  765-dən  2117-yə, 1982-ci ildə isə 3750-yə çatdırıldı.  Ümumtəhsil məktəblərində 1980-ci ildə 710 min şagird təhsil alırdı ki, bu da 1969-cu illə müqayisədə iki dəfə çox idi.  Həmin illər ərzində 5 yeni ali təhsil müəssisəsi yaradıldı və ali təhsil alanların sayı 70000 nəfərdən 100000 nəfərə çatdırıldı. Həmin illərdə SSRİ-nin ən nüfuzlu ali məktəblərində respublikanın inkişafı üçün zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15000 nəfər ali təhsil alırdı.

 

Azərbaycan dilində nitqlə başlayan milli oyanış

 

Heydər Əliyevin daha bir tarixi addımı və önəmli qərarı. O, 1969-cu il noyabrın 1-də Bakı Dövlət Universitetinin (o vaxtlar Azərbaycan Dövlət Universiteti adlanırdı) 50 illik yubileyində ana dilində geniş nitqlə çıxış etdi. Bundan sonra görkəmli Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının üzərinə işıq düşdü: adları geniş tədqiqat mövzusu oldu, əsərləri böyük tirajla çap edildi, müxtəlif dillərə tərcümə olundu. Bu dövrdə tarixi filmlər çəkildi, beynəlxalq konfranslar, yubiley tədbirləri təşkil edildi. Bu nitqlə başlayan proses 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi ilə nəticələndi. Bu da milli mənlik şüurunun, azərbaycançılıq məfkurəsinin təşəkkülünə güclü təkan verdi. Yeni qərar öz növbəsində milli oyanış, soykökünə yeni baxış və təhsil ocaqlarında milli ədəbiyyatımızın, ana dilimizin, tariximizin və mədəniyyətimizin tədqiqini, öyrənilməsini gücləndirdi.

 

Təsadüfi deyildi ki, azərbaycanlıların milli oyanışının qarşısını almağa yönələn 1990-cı il qanlı 20 Yanvar qırğınına aparan proses ilk növbədə Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılması ilə başladı. Mixail Qorbaçovun öz məkrli planlarını həyata keçirmək üçün atdığı bu addım - Heydər Əliyevin SSRİ rəhbərliyindən məcburən istefaya göndərilməsi xalqı sarsıtdı. Hər kəs böyük bir təhlükənin yaxınlaşdığını hiss edirdi. Çox keçmədən hiss edilənlər baş verdi. Əvvəlcə, Qarabağın Ermənistana birləşdirilməsi tələbi ortaya çıxdı, ardınca 1990-cı ilin qanlı qırğınları...

 

Heydər Əliyevi xalqdan, liderlikdən, hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri isə əks nəticə verdi. Moskvada mətbuat konfransı keçirərək qanlı qırğınları pisləyən Ulu Öndər həm xalqına, həm dünyaya həqiqətləri anlatdı. O, bu qanlı cinayəti qətiyyətlə pislədi, cinayətkarların cəzalandırılmasını tələb etdi və etiraz olaraq Kommunist partiyasından çıxdı. Bu addımla xalq onu yanında hiss etdi, dünya blokadada olan xalqın həqiqətlərini öyrəndi. Təzyiq və təqiblərə baxmayaraq, Heydər Əliyev Azərbaycana qayıtdı. 1990-cı il noyabrın 17-də Naxçıvan şəhərində Azərbaycan Demokratik Cümhuriyyətinin xalqın iradəsinin ifadəsi olan, müstəqillik, azadlıq və suverenlik rəmzinə çevrilən üçrəngli bayrağının Dövlət Bayrağı kimi qəbul edilməsi Heydər Əliyevin özünün başlatdığı milli oyanış prosesinin nəticəsinin elanı, Azərbaycan xalqının azadlıq mübarizəsində gözlənilən böyük qələbənin müjdəçisi idi.

 

Xaosdan sabitliyə və davamlı inkişafa

 

Beləliklə, Heydər Əliyev hakimiyyətə qayıtdı. Amma o qayıdanda vəziyyət qoyub getdiyi kimi qalmamışdı. Təhsil sistemi tənəzzülə uğramış, tədris prosesi pozulmuş, aspiranturaya, doktoranturaya qəbul prosesi, demək olar ki, dayandırılmışdı.  Nəinki təhsil, Azərbaycan elmi də xeyli zərər görmüşdü. O dövrdə baş verənlərə münasibət bildirərkən Heydər Əliyev deyirdi: “Doğrudur, müstəqillik əldə olunan zaman və onun ilk illərində Azərbaycanın təhsilində çox bərbad vəziyyət var idi. Bu bərbad vəziyyət də 1988-1989-cu illərdən Azərbaycanda yaranmış çox mənfi ictimai-siyasi, gərgin daxili siyasətin nəticəsi idi. Bütün bunlar hamısı Azərbaycanın məktəblərinə, təhsil sisteminə çox mənfi təsirini göstərmişdi”.

 

Təhsildə hərəkətlənmə 1993-cü il Prezident seçkilərində seçicilərin 90 faizdən çoxunun səsini qazanan Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yenidən başladı. Azərbaycan Prezidenti seçilən Heydər Əliyev müstəqil dövlətimizin Konstitusiyasının hazırlanması ilə bağlı təşəbbüs irəli sürdü. Beləliklə, ilk milli Konstitusiya hazırlanaraq 1995-ci il noyabrın 12-də Ümumxalq səsverməsində qəbul edildi. Həmin Konstitusiyanın 42-ci maddəsində vətəndaşların təhsil hüququ təsbit edildi. Beləliklə, təhsil sahəsində həyata keçiriləcək yeni islahatlar üçün hüquqi zəmin yaradıldı. Məhz bu zəmin üzərində yeni təhsil sistemi quruldu.

 

Təhsildə islahat dövrü başladı

 

Prezident Heydər Əliyev 1999-cu il iyunun 15-də  “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nı təsdiq etdi. Üç mərhələdən ibarət olan bu islahat proqramı miqyasına, əhatə dairəsinə və müddətinə görə ən böyük Dövlət Proqramı idi və təhsil sisteminin XXI əsrin çağırışlarına cavab verməsinə, Avropa əmək bazarına çıxışın təmin edilməsinə yönələn qərarların başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycanın təhsil sistemində keçmiş ənənələrdən, nailiyyətlərdən, böyük potensialdan istifadə edərək təhsil sistemini yeni tələblərə uyğunlaşdırmaq, islahatlar həyata keçirmək işi başlanmışdı”.

 

Öz təşəbbüsü ilə 1996-cı ildə “Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması barədə 1979-cu il 21 dekabr tarixli Konvensiyaya qoşulmaq haqqında”  və 1997-ci ildə  “Avropa regionunda ali təhsil sahəsində ixtisasların (kvalifikasiyaların) tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” qanunlar qəbul edildi. Bu, milli təhsil sisteminin ənənələrə və əldə edilmiş nailiyyətlərə söykənərək tədricən Avropa təhsil məkanına inteqrasiyasına hazırlıq idi.

 

“Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”ndan irəli gələn məsələlərin həlli, o cümlədən təhsilin idarə olunmasında yeni prinsiplərin bərqərar olması, təhsilin dünya standartlarına uyğunlaşdırılması, onun məzmununda köklü keyfiyyət dəyişikliklərinin aparılması təhsil sisteminin təkmilləşdirilməsini tələb edirdi. Prezident Heydər Əliyev 2000-ci ilin iyununda “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Sənədə əsasən, məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələrinin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlanacaq, müəllimlərin əlavə təhsili, müasir tələblərə cavab verən attestasiya mexanizmi yaradılacaq, təhsil sistemində yeni şəraitə uyğun idarəetmə mexanizmi qurulacaq. Təhsil müəssisələrinin özünüidarəetmə əsasında fəaliyyətinin təşkili, təhsil müəssisələrində verilən təqaüdlərin stimullaşdırıcı rolunun artırılması da məhz bu sənədin nəzərdə tutduğu başlıca vəzifələr idi. Fərmanın icrası ilə tədris prosesinin səmərəliliyini artırmaq da planlaşdırılırdı. Nəticədə icbari ümumi orta təhsilin optimal müddətinin, müəllimlərin illik və həftəlik tədris yükünün minimum həddi müəyyənləşdirildi, təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin keyfiyyətinə nəzarət mexanizminin hazırlanması reallaşdırılırdı.

 

“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, - deyən Prezident Heydər Əliyev təhsil sahəsində islahatların daha da sürətləndirilməsi məqsədilə 2002-ci il oktyabrın 4-də “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncam imzaladı. Bununla ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsinə  zəmin yaradıldı.

 

2003-cü ilin fevralında imzalanan “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Sərəncam isə ümumtəhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsində və müasirləşdirilməsində əhəmiyyətli rol oynadı.

 

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar da təhsilin inkişafında böyük əhəmiyyətə malik idi. Tarixi, siyasi və milli əhəmiyyət kəsb edən latın qrafikasına keçidin təmin edilməsi həm müstəqilliyin möhkəmlənməsi, həm də türkdilli dövlətlərin gələcək birliyi istiqamətində həyata keçirilmiş uğurlu layihələrdən oldu.

 

Təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə ali məktəbə qəbul imtahanlarında ən yüksək nəticə göstərən 102 nəfər tələbə üçün Prezident təqaüdünün təsis edilməsi ilə bağlı fərman Ulu Öndərin gənclərin ali təhsil almalarına böyük dəstəyinin təzahürü idi. Prezident təqaüdü gənclər arasında yüksək bilik, bacarıq, səriştələr və yüksək əxlaqi dəyərlər qazanmaq uğrunda yarışa çevrildi. Bu, xalqa, müstəqil dövlətə sədaqətlə xidmət edəcək yaradıcı şəxsiyyətin formalaşdırılmasına verilən böyük töhfələrdən biri idi.

 

Heydər Əliyev irsinə üz tutarkən bir məsələni də qeyd etmək vacibdir. Müstəqilliyimizin ilkin mərhələsində ümumtəhsil məktəblərinin dərslik problemi ortaya çıxanda Ulu Öndər bütün məktəblərin dünya standartlarına cavab verən dərsliklərlə təmin edilməsi barədə qərar qəbul etdi. Təhsil sahəsində məqsədyönlü və ardıcıl dövlət siyasəti nəticəsində qısa müddətdə ümumtəhsil məktəblərinin şagirdləri üçün 152 adda yeni dərslik, 50-dək adda dərs vəsaiti hazırlandı və ümumtəhsil məktəblərində istifadə edilən 182 adda dərsliyin 83 faizi yeniləndi. Bu islahatın davamı olaraq artıq 2019-2020-ci tədris ilinə I-XI siniflər üçün 338 adda 7.2 milyon nüsxədən artıq dərslik və müəllimlər üçün metodik vəsait çap edilib məktəblərə paylandı. Bu, təhsil tarixində dərslik çapı sahəsində ən yüksək göstərici idi. 2019-2020-ci tədris ilində yeni fənn kurikulumlarının tətbiq edildiyi XI siniflər üçün yeni dərsliklər hazırlanmış, beləliklə, I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatdırıldı.

 

Xüsusilə vurğulamaq istərdik ki, Ulu Öndər Heydər Əliyev 2000-ci ilin sentyabrında yeni dərs ilinin başlanması münasibətilə Bakı şəhərinin Nərimanov rayonundakı 82 nömrəli tam orta məktəbin kollektivi ilə görüşü zamanı “Tarix” dərsliyi ilə maraqlandı. Bu dərsliyin Azərbaycanın gerçək tarixini əks etdirmədiyinin fərqinə vardı və bunu dərhal qeyd etdi. Bununla da kifayətlənməyib, görüşdən sonra gerçək tariximizin yazılması ilə bağlı tapşırıq verdi və yeni dərsliklərin hazırlanması məqsədilə maliyyə vəsaitinin ayrılması haqqında sərəncam imzaladı. Ulu Öndər Azərbaycanın qədim dövlətçilik tarixinin gənclərə, xalqımıza, dünyaya düzgün çatdırılmasının dövlətimizin müstəqilliyi və suverenliyi üçün necə böyük əhəmiyyətə malik olduğunu bir daha vurğuladı. Bu, böyük dövlət xadiminin dövlətçilik və vətəndaşlıq mövqeyi idi.

 

Təbii ki, torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilmiş, 1 milyondan çox vətəndaşı məcburi köçkün və qaçqın olan, müstəqillik yolunda ilk kövrək addımlarını atan bir dövlətdə bu layihələri həyata keçirmək o qədər də asan məsələ deyildi. Amma milli təhsil sisteminin yenidən qurulması layihəsini gerçəkləşdirmək mümkün oldu. Yeni təhsil sisteminin yaradılması, yeni dərsliklərin və proqramların hazırlanması çətin olsa da, müstəqil yeni nəsli formalaşdırmaq, torpaqlarını erməni işğalından azad etmək, demokratik, hüquqi dövlət qurmaq istəyən Azərbaycan üçün xüsusi əhəmiyyətə malik idi.

 

Azərbaycan dili və əlifbası

 

Milli təhsil sistemi üçün olduqca əhəmiyyətli sayılan daha bir hadisə Azərbaycan əlifbasının qəbulu və Azərbaycan dilinin inkişaf etdirilməsi oldu. Ulu Öndər ümumi təhsilin qarşısında duran vəzifələri müəyyən edərkən bu məsələyə xüsusi diqqət ayrılmasının əhəmiyyətini qeyd edirdi. Onun fikrincə, uşaqlar tədris edilən fənlərin hamısını yaxşı mənimsəməlidirlər, bilikli olmalıdırlar, “ancaq orta məktəblər üçün bizim bir neçə şərtimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”.

 

Bu şərti Ana dilinin şəxsiyyətin yaradıcı təfəkkürünün inkişafında oynadığı rolla əsaslandıran Ümummilli Lider fikrini belə ifadə edirdi: “Ancaq bir var ki, Azərbaycan dilində oxuyursan, bir də var ki, dilinin incəliklərini bilirsən, Azərbaycan dilində yüksək səviyyəli söz deyə bilirsən, fikrini ifadə edə bilirsən, nitq edə bilirsən. Bu, hələ bizdə çox çatışmayan bir sahədir”.

 

Ulu Öndərin ürək yanğısı ilə qeyd etdiyi bu çatışmazlığın aradan qaldırılması üçün böyük işlər görməsinə, Prezident İlham Əliyevin ana dilinin saflığı, inkişafı üçün fərman və sərəncamlarına baxmayaraq, dilimizlə bağlı təhsil sistemində köklü dəyişikliklər edilməsinə böyük ehtiyac var. Ulu Öndər deyirdi ki, “təhsil çox incə sahədir. Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara - mən bu sözləri işlədirəm - yer ola bilməz”.

 

Və, budur, Ulu Öndərin əhəmiyyət verdiyi məsələ onun bir qərarı ilə dövlət səviyyəsində qeyd edilir. Azərbaycan Prezidentinin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanı ilə avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi müəyyən edildi. Prezidentin 30  sentyabr 2002-ci il tarixli  Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edildi.  Latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edilməsi, yeni əlifbadan istifadə müstəqil Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisə, Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətinin təntənəsi idi.

 

Kadr çatışmazlığı problemi həll edilir

 

Hələ ötən əsrin 70-ci illərində ortaya çıxan kadr çatışmazlığı problemi təhsilin cəmiyyətin inkişafındakı rolunu aydın göstərirdi. Ulu Öndər Heydər Əliyev bu məsələyə toxunaraq, deyirdi: “Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır... Ölkəmizin, xalqımızın bütün sahələrdə yüksək ixtisasa malik, dünyada gedən elmi-texniki proseslərlə ayaqlaşan, müəyyən istiqamətlərdə bunları qabaqlamağa qadir olan kadr potensialı olmalıdır”.

 

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk illərində başladığı quruculuq işləri yüksəkixtisaslı kadrlara ehtiyacı üzə çıxartdı. Lakin həmin kadrları respublikanın ali məktəblərində hazırlamaq mümkün deyildi, yeni texnologiyaların tətbiqini tələb edən ixtisaslı kadr hazırlığını həyata keçirə biləcək yeni ali məktəblər isə yox idi, yeniləri yaradılmalı idi. Yaradıldı da.

 

Ümummilli Lider 1997-ci ildə Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdə deyirdi: “Biz 1970-ci ildən başlayaraq Azərbaycandan gənclərin keçmiş Sovetlər İttifaqının ən böyük universitetlərinə, ali məktəblərinə oxumağa göndərilməsinə nail olduq. Onların sayı hər il artırıldı. Mənim xatirimdədir, 70-ci illərin sonunda ildə 800-900 nəfər və 80-ci illərin əvvəlində ildə 1000-1400 nəfərə qədər gənc respublikamızdan kənardakı ali məktəblərə göndərildi. Bunun böyük əhəmiyyəti var idi. İndi biz bunun müsbət nəticələrini görürük”.

 

1970-1980-ci illərdə hazırlanan həmin mütəxəssislər müstəqil Azərbaycanın iqtisadi, siyasi, mədəni inkişafında mühüm rol oynadılar, nailiyyətlərin əldə olunmasına öz töhfələrini verdilər. Məhz həmin kadrların hazırlanmasının Azərbaycanda elm və təhsilin texniki bazasının yaradılmasında və möhkəmləndirilməsində müstəsna xidmətləri oldu. Müstəqillik əldə edildikdən sonra inkişaf etmiş ölkələrə azərbaycanlı gənclərin təhsil almağa göndərilməsi dövlətin mühüm vəzifələrindən birinə çevrildi. Bu ənənə indi də davam edir və xaricdə hazırlanan kadrlar ölkəyə qayıdaraq həm də təhsil sahəsində  yeni ab-hava yaradırlar.

 

Azərbaycanda uşaq hüquqları: İstedadlı uşaqlara dövlət qayğısı

 

İstedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi ötən əsrin 70-ci illərindən diqqət mərkəzində idi. Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ilin may ayında “Uşaq hüquqları haqqında”  Qanun qəbul edildi. Bu Qanunda dövlət təhsil sistemində uşaqların, o cümlədən istedadlı və xüsusi təhsilə ehtiyacı olan uşaqların şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şəraitin yaradılması, uşaqların icbari ümumi orta təhsilə tam cəlb edilməsi müəyyən edilirdi.

 

Bu işlər sonralar da davam etdirildi və Prezident İlham Əliyevin 17 aprel 2006-cı il tarixli Sərəncamı ilə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006 -2010-cu illər)” təsdiq edildi. Dövlət Proqramının əsas məqsədi respublikanın ümumtəhsil müəssisələrində təhsilalanların yaradıcılıq potensialını vaxtında müəyyənləşdirib onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir.

 

İnklüziv təhsil inklüziv cəmiyyətə keçidi təmin edir

 

Bu gerçəklik Azərbaycan cəmiyyəti üçün xüsusilə önəmli idi. Sağlamlıq imkanı məhdud uşaqlar nəinki cəmiyyətdə, hətta ailələrində ciddi çətinliklərlə üzləşirdi.  Onları oxumağa göndərmək qalsın bir yana, oynamağa çıxarmaqdan utanan ailələrə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü cəsarət verdi. 2001-ci ildə məhz onun təşəbbüsünün qanuna çevrilməsi ilə hər kəs bu uşaqların da məktəbə gedə, həmyaşıdları ilə qaynayıb-qarışa biləcəyi həqiqətini qəbul etməli oldu. 2001-ci ildə qəbul edilən “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanun çərçivəsində pilot layihələrin həyata keçirilməsinə başlanıldı və ölkə üzrə 14 ümumtəhsil, 13 məktəbəqədər təhsil müəssisəsində inteqrasiyalı təhsil tətbiq edildi.

 

Bu təməl üzərində artıq çox yol qət edilib. Belə ki, Heydər Əliyevdən sonra onun qoyduğu təməl üzərində işlər davam etdirildi. Sözügedən Qanunun icrası ilə bağlı “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)” qəbul edildi. Dövlət Proqramı çərçivəsində beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirildi, xüsusi təhsilin dövlət standartları, təhsil proqramları, dərsliklər, dərs vəsaitləri və xüsusi təhsili həyata keçirən müəllimlər hazırlandı.

 

Bununla yanaşı, yeni təhsil müəssisələri tikilərək istifadəyə verildi, mövcud olanlar əsaslı şəkildə təmir edilərək xüsusi təhsil ehtiyaclarına uyğunlaşdırıldı.

 

Ölkə Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.4-cü bəndində sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi nəzərdə tutulmuşdu.

 

Bu bəndin icrası və 2017-ci ildə əlilliyi olan şəxslərin bərabər təhsil imkanlarını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edildi. Sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün səviyyələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onların təhsili üçün maneəsiz mühit yaratmaq məqsədi daşıyan Dövlət Proqramında qeyd edilib: “Hazırda ölkə ərazisində 65482 nəfər sağlamlıq imkanları məhdud uşaq vardır. Onlardan 9355 nəfəri evdə, 2558 nəfəri uşaq xüsusi məktəblərində, 2725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunmuşlar”.

 

Əlbəttə, bu istiqamətdə görüləcək  iş çox idi. Çoxu da görüldü. Nəticədə 2021-ci ilin sonunadək psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında sağlamlıq imkanları məhdud sayılan uşaqlar üçün yaradılan 7 sanator tipli məktəbəqədər təhsil müəssisəsində 781 nəfər, 7 xüsusi məktəb və 9 xüsusi internat məktəbdə 6654 nəfər xüsusi təhsilə cəlb edildi.

 

Heydər Əliyevin təhsil strategiyası yeni mərhələdə

 

Təhsilə münasibətdə Heydər Əliyev ənənəsi ondan sonrakı dövrdə də davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni dövrdə yeni təhsil sistemi, o cümlədən yeni ali təhsil sisteminin yaradılması məqsədilə insan kapitalının yaradılması konsepsiyasını irəli sürdü. Təhsilin inkişaf etdirilməsi ilə bağlı yeni dövlət proqramları təsdiq edildi. Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşuldu. Bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların istiqaməti müəyyən edildi.

 

Son 20 il ərzində təhsilin inkişafı üçün çox sayda dövlət proqramları hazırlanıb həyata keçirildi. Təhsilin və elmin inkişafına dövlət büdcəsindən ayrılan vəsait ildən-ilə artırıldı. Elə 2023-cü ilin dövlət büdcəsində də müəllimlərin əməkhaqqının, dövlət hesabına ali təhsil müəssisələrinə qəbulun, tələbələrin təqaüdlərinin və təqaüd yerlərinin artırılması nəzərdə tutulur. Ali təhsilin əlçatanlığını təmin etmək məqsədilə Təhsil Tələbə Krediti Fondunun vəsaiti 110 milyon manat təşkil edir.

 

Eyni zamanda,  elmi tədqiqatları sürətləndirmək və nəticəyönümlülüyünü təmin etmək, gənc alimlərin fəaliyyətini dəstəkləmək məqsədilə 228.5 milyon manat, o cümlədən Elm Fonduna 8.7 milyon manat vəsait ayrılıb.

 

Azərbaycan dövlətinin təhsil siyasəti bu gün də Heydər Əliyevin yaratdığı ənənə ilə uğurla davam edir. Təhsil sahəsi dövlət siyasətinin prioritet istiqaməti olaraq qalır. Yeni təhsil müəssisələrinin istifadəyə verilməsi, xüsusilə də onların açılışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsən iştirakı təhsilə göstərilən qayğının bariz nümunəsidir.

 

Heydər Əliyev Fondu və təhsil

 

Ulu Öndərin müəyyənləşdirdiyi təhsil siyasətini bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da uğurla davam etdirir. Heydər Əliyev Fondu ölkəmizdə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyan bir sıra layihələri uğurla gerçəkləşdirir.

 

İnteqrasiyalı təhsil, inklüziv təhsil sahəsində Heydər Əliyev Fondunun fəaliyyəti nəinki təqdirəlayiqdir, həm də ən yaxşı nümunə və örnəkdir.

 

Bir sözlə, Fond təhsil sahəsində gördüyü işlərlə Heydər Əliyev siyasətini davam etdirərək bu adı uşaqların, gənclərin dilindən düşməyə qoymur.

 

Heydər Əliyevin MƏKTƏBİ

 

Ulu Öndər Heydər Əliyev təhsilin əhəmiyyətindən danışarkən deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşını hazırlamaqdır, müstəqil Azərbaycanın cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Ona görə də orta təhsil sisteminə çox ciddi fikir vermək lazımdır”.

 

Heydər Əliyev Azərbaycan təhsilinin məqsəd və vəzifələrini müəyyən edərkən, müəllimlərdən tələb edilən keyfiyyətlərə də diqqət çəkir: “Keçmişdən fərqli olaraq indi müstəqil Azərbaycanın gələcəyini formalaşdırırıq, müstəqil Azərbaycanın gələcək fəaliyyətini formalaşdırırq, müstəqil Azərbaycanın vətəndaşlarını formalaşdırırq və məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək fəal vətəndaşı gərək, birincisi, mənəviyyatca saf olsun. Ona görə də gərək mənəvi saflıq ali məktəblərdə, orta məktəblərdə hökm sürsün. Gərək o, vətənpərvərlik hissi yaşasın, vətənpərvərlik hissi ilə tərbiyə olunsun. Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər”.

 

Azərbaycan təhsilinin qarşısındakı bu vəzifənin uğurlu nəticəsinin yaxın vaxtlarda şahidi olduq. Vətənpərvərlik ruhunda tərbiyə edilən, formalaşan Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandalığı altında 44 günlük Vətən müharibəsində öz sözünü dedi, tərbiyəsini nümayiş etdirdi, Azərbaycanın Zəfər tarixini yazdılar.

 

Azərbaycan təhsili yeni yüksəliş dövründə

 

Hazırda Azərbaycanda 100 faiz savadlılığı təmin edən milli təhsilimiz özünün yeni yüksəliş dövrünü yaşayır. Bəs, gələcək? Onu da bu gün yetişdirdiyimiz ağıllı, savadlı, dünyagörüşlü, peşəkar kadrlar təmin edəcək. Həmin kadrları da indi məktəblərimizə yollanan, müasir təhsilin tələblərini, yeni çağırışları məktəblərdə tətbiq edən müəllimlər yetişdirəcək. Keçdiyimiz yol göstərdi ki, bu prosesdə müəllimlərin hazırlıqlı olması nə qədər ciddi əhəmiyyətə malikdir. Təhsildə işlərin nəticəsi, keyfiyyət məhz onlardan başlayır. Ulu Öndər Heydər Əliyev müəllimin məsuliyyətini də, həyatımızdakı önəmini də qeyd edib: “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Ali məktəb müəllimi, professor cəmiyyətdə ən hörmətli insan olmalıdır və insandır”.

 

Bu, Heydər Əliyevin görmək istədiyi müəllim idi. Hər kəsin hörmət etdiyi müəllim ən şərəfli insandır. Kim sevgidə bu mərtəbəyə yüksəlməyi bacarıbsa, deməli o, Ulu Öndərin təşəkkürünə layiqdir: “Bizim hamımız Azərbaycanda ilbəil artan və genişlənən məktəblərin, ali məktəblərin məzunlarıyıq. Biz bunlara görə müəllimlərimizə təşəkkürümüzü bildirməliyik, onlara minnətdar olmalıyıq. Biz buna görə Azərbaycan məktəbinə minnətdar olmalıyıq”.

 

Bəxtiyar ƏLİYEV, 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri

 



10.05.2023 | 11:13