İlk Prezident təqaüdçüləri

“Müstəqil Azərbaycanda bilik alan hər bir gənc gələcəkdə Azərbaycanın mənafeyi üçün çalışmağı qarşısına məqsəd kimi qoymalıdır. Ona görə, gərək o, öz ölkəsini yaxşı tanısın, öz tarixini yaxşı bilsin və seçdiyi ixtisasda sadəcə, mütəxəssis yox, ən yüksək səviyyəli mütəxəssis olmağa çalışsın... Universitetlərdə insan gənclik həyatını yaşayır. Mən sizə deyə bilərəm ki, bu, insanın həyatının ən gözəl bir hissəsidir. Mən arzu edərdim ki, bizim hər bir gənc, hər bir tələbə bu dövrü uğurla keçsin. Çünki bu dövrdə gəncin formalaşması, onun lazımi bilik alması, lazımi mənəvi dəyərləri dərk etməsi, milli dəyərləri dərk etməsi, müasir dünyanı dərk etməsi onun gələcəyinin əsasıdır, təməlidir”.

 

Heydər ƏLİYEV

 

Prezident təqaüdü təhsil sahəsində yüksək nailiyyətlər əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şəraitin yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə təsis edilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 3 sentyabr 2001-ci il tarixində “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”  Fərmanına uyğun olaraq ilk dəfə 2001-2002-ci tədris ilində qəbul imtahanlarında yüksək nəticə əldə etmiş 25 tələbəyə Prezident təqaüdünün verilməsi ilə bağlı Sərəncam imzalamışdır. Ulu Öndər Heydər Əliyev hər il ali məktəbə yüksək balla daxil olan gənclərlə Prezident Sarayında görüş keçirir, yüksək nəticələrə görə tələbələri təbrik edir və onlara təhsildə uğurlar arzulayırdı. Prezident təqaüdünün o zaman təsis edilməsi ictimaiyyət tərəfindən sevinclə qarşılandı, ən başlıcası isə ali məktəblərə hazırlaşan gənclər arasında böyük ruh yüksəkliyi və sağlam rəqabət əhvali-ruhiyyəsi yaratdı. Sonradan Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təqaüdçülərin sayı və məbləği artırıldı. Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə həyata keçirdiyi “İlk Prezident təqaüdçüləri” layihəsi maraqlı təşəbbüslərdən biridir. Bu layihə Prezident təqaüdçülərini cəmiyyətə yenidən tanıdır. Biz də həmin gənclərin bir neçəsini oxucularımıza təqdim edirik.   

 

“Prezident təqaüdünə layiq görülməyim hədsiz sevindirici oldu”

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnistitutunda elmi işçi olan Sübhan Məmmədov da ilk Prezident təqaüdçülərindəndir. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə 564 balla qəbul olmuşdur:

 

-14 yaşımdan əlilliyimi qazandığımdan, yəni,  6-cı sinifdən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində təhsil almışam. Universitetdə əyani təhsil almağı çox arzulayırdım. Mənim üçün o dövr çox çətin idi. Atam təzəlikcə rəhmətə getmişdi və ailəmizdə maddi vəziyyət yaxşı deyildi. Artıq qiyabi təhsil alacağımı qərarlaşdırmağımız mənə çox pis təsir göstərmişdi. Gözlənilmədən Prezident təqaüdünə layiq görülməyim bizim üçün sevindirici hadisə oldu. Universitet illərində bu təqaüd mənə maddi baxımından çox dəstək oldu. Elmi fəaliyyətimi hazırda da davam etdirir, Azərbaycan Milli Elmlər Akademiyasında çalışıram. Aspiranturada “Avesta”nın alman və Azərbaycan filoloji fikrində araşdırılması problemləri” mövzusunda elmi iş götürmüşəm, müdafiə mərhələsindəyəm. 2010-2017-ci illərdə “Avesta”nı tədqiq etmişəm, bir sıra məqalələr müəllifiyəm. 2017-ci ildən isə Malayziya ədəbiyyatının tədqiqi üzrə çalışıram.

 

Gənclərimizə də tövsiyə edərdim ki, çoxlu mütaliə edib özlərini maarifləndirsinlər,  təhsillərini davam etdirərək elmlə məşğul olsunlar.

 

 

“Həyəcan, xoşbəxtlik, qürur, sevinc...”

 

Aytəkin Hüseynova “ADA” Universitetində tələbə qəbulu üzrə mütəxəssisdir. O, 2002-ci ildə 649 balla Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olaraq Prezident təqaüdünə layiq görülüb. Onun fikirləri ilə tanış olaq:

 

- Prezident təqaüdçüləri sırasına daxil olmağın mahiyyətini həmin gün dərk etmirdim. Yaşadığım hissi sözlə ifadə etmək qeyri-mümkün idi. Çünki həmin an bir neçə hissi eyni zamanda keçirdim: Həyəcan, xoşbəxtlik, qürur, sevinc. Prezident Aparatının akt zalında dahi şəxsiyyət Heydər Əliyevlə görüş anı gəldi və bu zaman anladım ki, insan tutduğu vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər kəsə bərabər yanaşmalı və hörmət etməlidir. Görüş zamanı dövlət başçısı hər bir təqaüdçü ilə ayrı-ayrılıqda danışdı, təbrik etdi, təhsillərində uğurlar dilədi...

 

Universitetin bakalavr pilləsini bitirdikdən sonra magistratura təhsilimi də BDU-nun beynəlxalq münasibətlər fakültəsində aldım. Daha sonra Niderland Krallığının Maastrixt Universitetində menecment ixtisası üzrə təhsilimi davam etdirdim. Sonra isə Prezident yanında Dövlət  İdarəçilik Akademiyasında siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görüldüm. Hazırda “ADA” Universitetində tələbə qəbulu üzrə menecer vəzifəsində çalışıram. Hər il bu universitetə ən yaxşı tələbələri qəbul edirəm. Bütün abituriyentlərə tövsiyəm odur ki, öz vaxtlarını düzgün dəyərləndirsinlər. Çox çalışmaq və zamanı səmərəli bölmək, dəyərləndirmək uğurlu gələcəyin təminatıdır.

 

“Biz xalqımıza layiqli xidmət etmək üçün çalışmalıyıq”

 

Süni intellekt üzrə mütəxəssis Rauf Fətullayev də ilk Prezident təqaüdçülərindəndir. 672 balla Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olan Rauf Fətullayev Ulu Öndərlə Prezident sarayındakı görüşünü belə xatırlayır:

 

- Gözlənilmədən evə zəng gəldi ki, Prezident Sarayında dövlət başçısı ilə görüşə dəvətliyəm. Sevincimin hədd-hüdudu yox idi. Bu zaman bizə Prezident təqaüdünə layiq görüldüyümüzü söyləməmişdilər. Görüş zamanı Prezident təqaüdünün veriləcəyini eşitdiyimiz an isə bizim üçün iki qat sevindirici oldu...

 

Ulu Öndərin çıxışından sonra başa düşdüm ki, biz sadəcə öz mənafeyimiz üçün deyil, öz ölkəsinə, millətinə layiqli xidmət etməyi, daha çox uğur qazanacağımızı qarşımıza məqsəd qoymalı və bunun üçün çalışmalıyıq. Heydər Əliyev istər sovet dönəmində, istər müstəqillik dövründə gördüyü quruculuq işlərində, ölkəmizi dağıntılardan qoruyub inkişaf yoluna yönləndirən, öz ölkəsi üçün xidmətlər göstərən  bir şəxs kimi buna bariz  nümunə idi. Universiteti bitirdikdən sonra təhsilimi magistratura pilləsində davam etdirdim,  süni intellekt sahəsi üzrə namizədlik dissertasiyasını müdafiə etdim. Hazırda Azərbaycan dili üçün süni intellekt sistemlərinin hazırlanması ilə məşğulam.

 

“Dövlət rəhbəri tərəfindən xüsusi təqaüdə layiq görülmək çox gözəl an idi

 

Filoloq Murad Seyidov 2001-ci ildə 554 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olaraq Prezident təqaüdünə layiq görülüb:

 

- Universitet illərində maddi çətinlikləri qarşılamaqda ailəmin vəziyyəti qənaətbəxş deyildi. Dövlət başçısının məni Prezident təqaüdünə layiq görməsi bu baxımdan  bizim ailə üçün çox sevindirici xəbər oldu. Universitet illərində ədəbiyyatçı olmağı düşünürdüm, amma dilçiliyə olan marağıma görə müəllimlər məni bu yöndə istiqamətləndirdilər. Elmi karyeramda Buludxan Xəlilovun çox böyük zəhməti oldu. O, “Azərbaycan dilində asemantikləşmiş söz kökləri” mövzusunda elmi işimə rəhbərlik etdi. Azərbaycan dilçiliyi üçün hər zaman aktual olan  bu mövzu  üzrə elmi işimi müdafiə edərək alimlik dərəcəsi aldım. Hazırda filologiya üzrə fəlsəfə doktoruyam. Asemantikləşmiş söz kökləri mənasını itirmiş söz kökləri deməkdir. Elmi işimdə kökləri çox dərin qatlara gedib çıxan iki sintretik söz kökündən 1450 söz kökünə aydınlıq gətirmişəm. Dilimizdə kökləri itmiş, hazırda isə mövcud olan sözləri müəyyən etmişəm...

 

 

 

Nəzrin SEYİDƏLİYEVA

 



10.05.2023 | 10:32