2018-ci ilin inqilabi kəşfləri | |
İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq ayrı-ayrı elm sahələrində 2018-ci il üçün Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Oktyabrın 1-də ilk olaraq fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları məlum olub. www.nobelprize.org saytının məlumatına əsasən, İsveçin Karolinsk İnstitutu tərəfindən elan edildiyi kimi fiziologiya və tibb üzrə Nobel mükafatına ABŞ-ın Texas Universitetindən Ceyms Ellison və Yaponiyanın Kioto Universitetindən Tasuku Hondzö layiq görülüblər. Nobel komitəsindən verilən məlumata görə, alimlərə elmi mükafat xərçənglə mübarizə nəzəriyyəsinin kəşfinə görə təqdim olunacaq. Komitə bu mükafatı təsis edərkən kəşflərin nəzəri dəyərindən çox praktik əhəmiyyətinə üstünlük verib. Bu mənada Nobel komitəsinin qərarı olduqca qanunauyğun hesab olunur.
Professor C.Ellison immun sisteminə tormozlayıcı təsir göstərən CTLA-4 zülalını əldə edib. C.Ellison və onun komandası bu zülaldan istifadə etməklə immun sisteminin hansı hissələrinin xərçəng hüceyrələri tərəfindən blokadaya alınmasını müəyyən edə biliblər. Bu tədqiqat sçanlar üzərində sınaqdan keçirilib və xərçəngin bir neçə növünü müalicə etmək mümkün olub. Professor T.Hondzö də faktik olaraq eyni məcrada işləyib, lakin o, digər hərəkət mexanizmə malik PD-1 zülalından istifadə edib. Digər zlalarla əlaqəyə girən PD-1 limfositlərin hücumunun qarşısını alır. Bu isə orqanizmə xərçəng hüceyrələrinin hücumunun qarşısını almağa kömək edir. .Ellison və T.Hondzö immun sisteminin zəifləməsinin qarşısını alan fərqli strategiyaların xərçəngin müalicəsində necə istifadə oluna biləcəyini bizə göstərib. Tibb sahəsində 2 laureat tərəfindən həyata keçirilmiş kəşf immun hüceyrələrini “tormoz”dan azad etməklə immun sisteminə xərçəng hüceyrələrinin hücum etmək qabiliyyətinə əsaslanıb”, - deyə Nobel komitəsinin məlumatında qeyd olunur.
Bir maraqlı faktı da qeyd edək ki, hər il Nobel mükafatına mümkün laureatların namizədliyinə dair proqnozlar verən Thomson Reuters Ellison və Hondzö barədə çox dəqiq proqnoz verib. 2016-cı ldə onların adları namizədlər syahısında olub. 2 ildən sonra bu proqnoz özünü doğruldub. Nobel komitəsinin saytına verdiyi ilk müsahibədə Ellison mükafata layiq görülməsi xəbərinə “İnana bilmirəm, mən şokdayam, bu, mənim həyatımda ən böyük arzum olub” deyib.
Digər laureat Hondzö isə sayta açıqlamasında “pasiyentlərimin “siz mənim həyatımı xilas etdiniz” sözlərini eşitmək daha çox sevindiricidir. Bu, mənim üçün istənilən mükafatdan daha xoş hissdir” deyib. * * * Oktyabrın 2-də İsveç Kral Elmlər Akademiyası tərəfindən 2018-ci ilin fizika üzrə Nobel mükafatı laureatlarının adları elan olunub. Bu il mükafata lazer fizikası sahəsində yenilikçi ixtiralarına görə üç alim - amerikalı Artur Eşkin, fransalı Jerard Moro və kanadalı xanım Donna Strikland layiq görülüb. Nobel komitəsindən verilən məlumatda qeyd olunur ki, yüksək elmi mükafat alimlərə “lazer fizikası sahəsində inqilabi nailiyyətə görə” verilir. Nobel komitəsi Artur Eşkin tərəfindən “optik pinsetlərin kəşf edilməsini və onun bioloji sistemlərdə tətbiq olunmasını” yüksək qiymətləndirib. Kral Elmlər Akademiyası bildirib ki, A. Eşkinin əsasını qoyduğu optik pinsetlərin inkişafı orqanizmdəki viruslar kimi ən kiçicik hissəcikləri onlara zərər yetirmədən tuta bilər, bu isə “elmi fantastikanın köhnə xəyalı”nıın reallaşması deməkdir. “Optik pinset həyat mexanizminin müşahidəsi və ona nəzarət üçün tamamilə yeni imkanları yaradıb”, - deyə Kral Akademiyasının açıqlamasında bildirilir. Jerar Moro və onun kanadalı keçmiş tələbəsi Donna Strikland isə “yüksəksürətli ultraqısa optik impulsların generasiyası metodunu hazırladıqlarına görə” yüksək mükafata layiq görülüblər. Alimlər lazerlərin köməyi ilə kiçik hissəcikləri idarə etməyə imkan verən optik pinset ixtira edib. Nobel komitəsində qeyd ediblər ki, hazırda dünyada milyardlarla insan hər gün lazer printerlərindən və optik skanerlərdən istifadə edir, milyonlarla insan isə lazer cərrahiyyəsinə üz tutur. Nobel komitəsi hesab edir ki, J.Moro və D. Strikland bəşəriyyət tərəfindən yaradılmış ən qısa və intensiv lazer impulslarına yol açıblar. Maraqlıdır ki, onların inqilabi məqaləsi 1985-ci ildə dərc edilib. Bu məqalə D.Striklandın doktorluq dissertasiyasının əsası olub. Artur Eşkin mükafat fondunun (1 milyon dollar) 1/2-ni alacaq. Mükafatın qalan hissəsi Jerard Moro və Donna Strikland arasında bölüşdürüləcək. * * * İsveç Kral Elmlər Akademiyası oktyabrın 3-də 2018-ci il üzrə kimya sahəsində Nobel mükafatı laureatlarının adlarını elan edib. Yüksək elmi mükafata amerikalı alimlər, Kaliforniya Texnologiya İnstitutunun professoru xanım Fransis Arnold, Missuri Universitetindən Corc Smit, Böyük Britaniyanın Kembric Universiteti molekulyar biologiya laboratoriyasından Qreqori Uinter “fermentlərin istiqamətlənmiş təkamülü” sahəsində tədqiqatlarına görə layiq görülüblər. F.Arnold fermentlərin təkamülünün öyrənilməsi, C. Smit və Q.Uinter isə peptid və anticismlərin təsvirinə görə mükafata təqdim olunublar. Nobel komitəsi alimlərin kəşfini “təkamülün köməyi ilə inqilab” adlandırıb. F.Arnold istiqamətlənmiş təkamül sahəsində pioner hesab olunur. O, fermentlərin - kimyəvi reaksiyaları katalizləşdirən zülalların təkamülünü nəzarət altına almağa nail olub. İndi onlardan bioloji yanacağın yaradılmasından tutmuş əczaçılığa qədər bir çox sahədə istifadə etmək olar. Amerikalı C.Smit və britaniyalı Q.Uinter isə faqovativ ekran - zülalların dezoksiribinuklein turşusu (DNT), peptid və başqa zülallarla qarşılıqlı əlaqəsinin öyrənilməsinin laboratoriya metodunu işləyib hazırlayıb. O, zülalları və onları kodlaşdıran genetik informasiyaları əlaqələndirmək üçün bakteriofaqlardan (zülalları sıradan çıxaran viruslar) istifadə edib. C.Smit müəyyən edib ki, bakteriofaqlardan yeni zülalların təkamülü üçün istifadə edilə ilər. Q.Uinter isə bundan yeni dərmanların istehsalı üçün necə istifadə etməyi müəyyənləşdirib.
Tədqiqatlar autoimmun xəstəliklərlə, həmçinin metastaz vermiş xərçənglə mübarizə aparmağa kömək edəcək. Bu tədqiqatlar yeni dərman vasitələrinin yaradılmasına imkan verəcək. Mükafatın (1 milyon dollar) 1/2-i F.Smitə çatacaq, qalan hissəsi digər laureatlar arasında bölüşdürüləcək.
Tibb və fiziologiya üzrə laureatlar
Ceyms P. Elison (James P.Allison) 1948-ci il avqustun 7-də ABŞ-ın Texas ştatında Elis şəhərində anadan olub. Texas Universitetinin məzunudur. 1973-cü ildə universitetin doktorluq elmi dərəcəsini alıb. 1974-1977 -ci illərdə Kaliforniyadakı Scripps Elmi-Tədqiqat Fondunda və klinikada postdoktorant olub. 1977-1984-cü illərdə Texas ştat Smitvilla Universitetinin Onkologiya mərkəzində, 1985-2004-cü illərdə Kaliforniya Berkli Universitetində, 2004-2012-ci illərdə Nyu-York ştatında Sloan Ketterinq Memorial Xərəng Mərkəzində professor-müəllim heyətində yer alıb. O, eyni zamanda 1997-2012-ci illərdə Hovard Hyuz Tibb İnstitutunda tədqiqatlar aparıb. 2012-ci ildən Texas Universitetinin Anderson Xərçəng Mərkəzində (Cancer Center) professor vəzifəsində çalışıb. Eləcə də Texas ştatındakı Hyuston Parker İmmunoterapiya Xərçəng Mərkəzi ilə əməkdaşlıq edib. Hazırda C.Ellison Texas Universiteti nəzdində xərçənglə mübarizə mərkəzində immunologiya şöbəsinə rəhbərlik edir.
Tasuku Hondzö (Tasuku Honjo) 1942-ci il yanvarın 27-də Yaponiyanın Kioto şəhərində anadan olub. Tokio Universitetinin məzunudur. 1966-cı ildə tibb elmləri doktoru elmi dərəcəsini alıb. 1971-1974-cü illərdə Vaşinqtonda Karneqi, daha sonra Merilend ştatındakı Milli Səhiyyə institutlarının elmi əməkdaşı olub. 1975-ci ildə Kioto Universitetində doktorluq elmi dərəcəsi alıb. 1974-1979-cu illərdə Tokio Universitetinin, daha sonra Osaka Universitetinin professor-müəllim tərkibinə daxil olub. 1984-cü ildən Kioto Universitetinin professorudur. 1996-2000, 2002-2004-cü illərdə tibb fakültəsinin dekanı işləyib. Hazırda Kioto Universitetində immunologiya professoru vəzifəsini tutur. ABŞ Milli Akademiyasının (2001), Yaponiya Elmlər Akademiyasının üzvü seçilib. Yaponiya və bir sıra ölkələrin nüfuzlu elmi mükafatlarına layiq görülüb.
Fizika üzrə laureatlar
Artur Eşkin (Arthur Ashkin) 1922-ci il sentyabrın 2-də ABŞ-ın Nyu-York ştatında Bruklin şəhərində anadan olub. Kolumbiya Universitetinin məzunudur. Kornell Universitetində doktorluq elmi dərəcəsi alıb. 96 yaşlı amerikalı alim, fizik, ixtiraçı optik qurğuların yaradılması sahəsində pioner hesab olunur. Bu optik qurğular atom, molekul və bioloji hüceyrələrin idarə olunmasına gətirib çıxarıb. Alim 1978-ci ildə optik pinseti icad edib. Bir müddət elmi tədqiqat mərkəzlərində (Lucent Technologies və Bell Laboratories) çalışıb. 1992-ci ildə nəzəri fizika sahəsində 40 illik uzunsürən elmi karyerasına son qoyub və təqaüdə çıxıb. A.Eşkin həm də fotorefraksiya, ikinci harmoniyanın generasiyası və qeyri-xətti optika sahəsində tədqiqatları ilə tanınır. 47 patentin və çoxsaylı tədqiqat işlərinin müəllifidir. 1996-cı ildə ABŞ Milli Elmər Akademiyasının üzvü seçilib. Onun tədqiqatlarından bəhrələnən fizik Stiven Çu 1997-ci ildə fizika sahəsində Nobel mükafatı alıb. 1987-ci ildə kvant elektronikası üzrə, 1998-ci ildə Tauns, 1993-cü ildə Rank, 2004-cü ildə Xarvi mükafatlarına, 1996-cı ildə isə Ayvs medalına layiq görülüb.
Jerar Moro (Grard Albert Mourou) 22 iyun 1944-cü ildə Fransanın Albertvil şəhərində anadan olub. Fransa və Amerika fizikidir. 1967-ci ildə Qrenobl Universitetini fizika ixtisası üzrə bitirib. Bundan sonra Politexnik Məktəbində işləyib. 1970-ci ildə Paris Universitetinin doktoranturasına daxil olub. Eyni zamanda bir müddət Kanadanın Lavalya Universitetində çalışıb. 1973-cü ildə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Sonra bir il San-Dieqo, Kaliforniya Universitetində işləyib. Daha sonra Paris Milli Qabaqcıl Texnologiyalar Məktəbinin tətbiqi optik laboratoriyasında və Politexnik Məktəbində yüksəksürətli proseslərlə məşğul olan elmi qrup təşkil edib.
1977-ci ildə ABŞ-ın Roçesters Universitetində işləməyə başlayıb. Optika İnstitutunda böyük elmi işçi vəzifəsinə təyin olunub. 1988-ci ildə Miçiqan Universitetində professor vəzifəsini alıb, burada yüksəksürətli optika mərkəzinin əsasını qoyub və uzun müddət ona rəhbərlik edib. Rusiya Elmlər Akademiyasının (2008-ci ildən) xarici üzvüdür. 1985-ci ildə Donn Striklandla birlikdə çox güclü lazer impulslarının alınması üzrə yeni texnikanı təklif edib. Elmi fəaliyyətinin əsas istiqamətləri lazerlər fizikası və qeyri-xətti optikadır.
Donna Strikland (Donna Strickland) 1959-cu ildə Kanadanın Ontario vilayətində Quelf şəhərində anadan olub. Elektrotexnika və lazerlər sahəsində ixtisaslaşıb. O, lazer impulslarının gücləndirilməsi metodunu ixtira edib. 1981-ci ildə Makmastera Universitetini, 1989-cu ildə Roçesters Universitetini bitirib və optika sahəsində fəlsəfə doktoru elmi dərəcəsini alıb. Onun elmi rəhbəri Jerar Moro olub. D.Strikland 1988-ci ildən 1991-ci ilə qədər Kanadanın Milli Tədqiqatlar Şurasının elmi əməkdaşı olub. Hazırda Vaterloo Universitetinin fizika və astronomiya kafedrasında işləyir. O, lazerlərin öyrənilməsi ilə məşğul olan qrupa başçılıq edir. Bu qrup qeyri-xətti optikanın tədqiqatları üçün yüksək intensivlikli lazer sistemlərinin hazırlanması sahəsində fəaliyyət göstərir. O, son 55 ildə fizika üzrə bu yüksək ada layiq görülmüş ilk qadın, həm də Vaterloo Universitetinin ilk Nobel laureatıdır. Vaterloo Universitetinin saytına verdiyi ilk müsahibəsində D.Strikland “məndə özümə qarşı nəhəng əminlik var... Mən sadəcə irəliləyir və istədiyimi edirəm” deyib.
kimya üzrə laureatlar
Frensis Arnold (Frances Hamilton Arnold). 25 iyul 1956-cı il tarixində Nyu-York ştatı Olbani şəhərində anadan olub. Bakalavr və magistratura təhsilini ABŞ-ın Prinston və Berkli Kaliforniya universitetlərində alıb. Berkli Kaliforniya Universitetində fəlsəfə doktoru elmi dərəcəsini (PhD) alıb. Hazırda Kaliforniya Texnologiya İnstitutunda işləyir. Amerikalı alim və mühəndis istiqamətlənmiş təkamülün pioneri hesab olunur. ABŞ Milli Elmlər (2008), Mühəndislik (2000) və ABŞ Tibb akademiyalarının (2004), həmçinin Amerika Fəlsəfə Cəmiyyətinin (2018) üzvü seçilib. Çarlz Stark Dreyper mükafatına (2011), texnologiyalar və innovasiyalar sahəsində ABŞ-ın milli medalına (2013), “Minilliyin texnologiyası” mükafatına (2016) layiq görülüb. Onun adı ABŞ Milli İxtiraçıları Şöhrət Zalına daxil edilib. Stokholm, Çikaqo universitetlərinin, Sürix Texnologiya İnstitutunun fəxri doktorudur.
Qreq Uinter (Gregory Paul Winter) 14 aprel 1951-ci il tarixində Böyük Britaniyanın Lester şəhərində anadan olub. 1973-cü ildə Kembric Triniti-Kollecini bitirib. Britaniya biokimyaçısı və biotexnoloq, zülal mühəndisliyi üzrə mütəxəssisdir. Kembric Universitetinin professoru, London Kral Cəmiyyətinin (1990) və Böyük Britaniya Tibb Elmləri Akademiyasının (2006) üzvüdür. 2004-cü ildən cəngavər-bakalavr, 2012-ci ildən Kembric Triniti-Kollecinin başçısıdır. 1976-cı ildə Kembricdə fəlsəfə doktoru elmi dərəcəsini alıb. London İmperial Kolleci və Kembric Genetika İnstitutunun postdoktorantı olub. Onun tədqiqatçılıq karyerası əsasən Molekulyar Biologiya Laboratoriyası (Laboratory of Molecular Biology) və Protein Mühəndisliyi Mərkəzi (Centre for Protein Engineering) ilə bağlıdır. “Protein Engineering, Design and Selection” jurnalının baş redaktoru, “European Journal of Immunology” jurnalı redaksiya heyətinin üzvüdür.
Corc Smit (George P.Smith) 10 mart 1941-ci ildə ABŞ-ın Konnektikut ştatının Nopuolk şəhərində anadan olub. Amerika kimyaçısıdır. Kolumbiya Missuru Universitetinin fəxri professorudur. Bakalavr təhsilini Xaverford Kollecində biologiya üzrə alıb. Bir müddət orta məktəbdə biologiya müəllimi və laborant işləyib. Sonra Harvard Universitetində bakteriologiya və immuologiya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1975-ci ildə Viskonsin Universitetinin posdoktorantı olub. 1983-1984-cü tədris ilində Dyuk Universitetində Nobel mükafatı laureatı Robert Uebster ilə işləyib. Maraqlıdır ki, R.Uebsterə Nobel qazandıran tədqiqat işinin böyük hissəsi C.Smitə məxsusdur.
Qeyd edək ki, laureatların mükafatlandırılması mərasimi ənənəyə uyğun olaraq 2018-ci il dekabrın 10-da İsveç sahibkarı və ixtiraçı, Nobel mükafatının təsisçisi Alfred Nobelin anım günündə keçiriləcək. 2018-ci ildə Nobel mükafatının məbləğı 9 milyon İsveç kronu (təxminən 1 milyon ABŞ dolları) təşkil edir.
Oruc MUSTAFAYEV |
|
05.10.2018 | 11:43 | |
|
|
|