“Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrəsidir”

Sumqayıt Dövlət Universitetində (SDU) “Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrəsidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov Ulu Öndərin həyat və fəaliyyətinin mahiyyətində azərbaycançılıq və Azərbaycan dövlətçiliyi fəlsəfəsinin dayandığını bildirib. Rektor deyib ki, Ümummilli Liderin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək, qarşıya qoyulan məqsəd və hədəflərə çatır”.

 

“Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində yeri” mövzusunda  məruzə ilə çıxış edən SDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov söyləyib ki,  intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladı, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter aldı. E. Xəlilov Azərbaycan xalqının Heydər Əliyev kimi Ümummilli Lideri olduğunu  böyük xoşbəxtlik adlandırıb.

 

Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Məftun Heydərova “Ulu Öndər Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti”, biologiya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Arzu Baxşəliyev “Heydər Əliyev-zəmanəni qabaqlayan şəxsiyyət”, Elmi hissənin müdiri dosent Samir Orucov “Heydər Əliyev-vətənpərvərlik və yüksək peşəkarlıq haqqında”, iqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Həsən Həsənov “Zərifə Əliyeva-zərif və nəzakətli, alicənab və ziyalı Azərbaycan xanımı” mövzularında çıxış ediblər. Bildiriblər ki, müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyev dövlətimizin əsasını qoyduğu zaman bütün istiqamətlərdə möhkəm və etibarlı təməl, bünövrə yaratdı. Bütün bunlarla yanaşı, gələcək inkişafımız üçün uğurlu konsepsiyalar hazırladı; Çünki, böyük lider Azərbaycanın işıqlı sabahına bütün varlığı ilə inanırdı:”...Dövlətimizin gündən-günə artan beynəlxalq nüfuzunun, möhkəmlənən iqtisadi gücünün, bütün dünyanın həsəd apardığı hərbi qüdrətinin mənbəyində Ulu Öndərimizin mükəmməl siyasəti dayanır. Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin böyük Zəfəri ilə yekunlaşdı. Bu Zəfər sayəsində 30 ilə yaxın düşmən əsarətində qalmış torpaqlarımız işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz öz şərəfli missiyasını layiqincə yerinə yetirdi və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu gün fəxrlə, qürurla yaşadığımız Qələbə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəli nəticəsidir”.

 



08.05.2023 | 11:49