Elm və təhsilin inkişafı naminə

Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər elm, təhsil və tədris məsələlərini önə çəkmiş, bu sahəyə böyük diqqət və qayğı göstərmişdir. Dahi rəhbərin imzaladığı bir sıra mühüm fərman və sərəncamların bu sahənin inkişafında xüsusi rolu olmuşdur. Milli elm və təhsilin inkişafı məhz Heydər Əliyev siyasi kursunun uğurudur. Heydər Əliyev Azərbaycanın müasir elm və təhsil konsepsiyasının banisidir. Ulu Öndərin rəhbərliyi ilə həm sovet, həm də müstəqillik dövründə təhsilimizin inkişafı ilə bağlı bir sıra sanballı islahatlar həyata keçirilmişdir. Ümummilli Liderimiz bu istiqamətdə hər zaman bir şüarı əsas tutub: “Təhsil millətin gələcəyidir”. Məhz Ulu Öndər bu ülvi amal uğrunda yorulmadan çalışıb. Hələ sovet dövründə hər il onlarla, yüzlərlə gənci SSRİ-nin müxtəlif şəhərlərinə oxumağa göndərib. 1971-ci ildə Azərbaycanın gələcəkdə müstəqil olacağını böyük bir uzaqgörənliklə düşünən Ulu Öndər Cəmşid Naxçıvanksi adına hərbi liseyin əsasını qoyub. Həmin liseyin məzunları müstəqilliyimizin ilk illərində, eləcə də ondan sonrakı dövrlərdə Azərbaycan xalqının ərazi bütövlüyü və suverenliyinin təmin olunmasında ixtisaslı hərbi kadrlar kimi böyük rəşadətlər göstəriblər. Ulu Öndər Heydər Əliyev təhsil işçiləri ilə görüşlərində hər zaman vurğulayırdı ki, məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.

 

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycanın ictimai-siyasi həyatına yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular.

 

Heydər Əliyev azərbaycançılıq ideologiyasına mühüm önəm verirdi. Qədim yazılı abidə olan “Kitabi-Dədə Qorqud”da milli düşüncə, azərbaycançılıq ideologiyası geniş əksini tapdığından Ulu Öndər alimlərin dastanın araşdırılması və tədqiqinə normal şərait yaratdı. “Azərbaycan ədəbiyyatı çoxəsrlik tarixi olan “Kitabi-Dədə Qorqud” kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir”, - deyən Heydər Əliyevin təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud”un motivləri əsasında bədii film çəkildi.

 

Ulu Öndər Heydər Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə “Füzuli ensiklopediyası”nın hazırlanması və nəşr edilməsi haqqında Sərəncamı, 1999-cu il mayın 15-də isə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi haqqında Fərman imzalaması da onun elmə və mədəniyyətə verdiyi yüksək qiymətin təcəssümü idi.

 

Ümummilli Liderin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də respublikamızda təhsil sisteminin yaxşılaşdırılması ilə bağlı idi. Buna görə də Ulu Öndər təhsilin milli tərəqqinin gerçək amilinə çevrilməsi üçün geniş islahatlar proqramının hazırlanaraq reallaşdırılması vəzifəsini qarşıya qoydu. 1998-ci ilin martında “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında” Sərəncam imzalaması isə bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlirdi.

 

Çox qısa müddətdə komissiyanın hazırladığı “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” geniş müzakirələrdən sonra 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə mindi. Həmin proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrinə sadiq qalınmasını da təmin edirdi.

 

Heydər Əliyevin elm və təhsil sahəsində atdığı addımlardan biri də 15 may 2001-ci il tarixli Fərmanı oldu. Həmin fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənmişdi.

 

1997-ci il yanvarın 31-də Heydər Əliyev Elmlər Akademiyasının rəhbərliyini və aparıcı alimlər qrupunu qəbul edərək, elm sahəsində islahatların aparılmasının vacibliyini bildirdi. Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Ulu Öndərin tövsiyələrini rəhbər tutaraq akademiyada islahatların aparılmasına başlanıldı. Eyni zamanda, elmi tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın hazırlanması sahələrinə dair qərarlar qəbul edib, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını müəyyənləşdirdi və tədbirlər həyata keçirildi. “Elmin strateji inkişafı və Azərbaycanın Milli Elmlər Akademiyasında islahatlar” konsepsiyası hazırlandı. Akademiya alimləri ilə keçirdiyi həmin görüş zamanı Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanan əsaslı problemlərə toxundu. Onların aktuallığını əsaslandıraraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etdi. Bu görüşdə Ümummilli Lider Heydər Əliyev elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürdü. Humanitar elmlərin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan Ulu Öndər ədəbiyyat, mədəniyyət tarixinin yazılması zəruriliyi barədə söhbət açdı. Çoxəsrlik Azərbaycan tarixinin dərindən öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında şərhinin dövlət üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

 

Ulu Öndər Heydər Əliyev zaman-zaman qəbul etdiyi tarixi qərarları ilə, sözün əsl mənasında, yenilənməkdə olan müstəqil Azərbaycan dövlətinin qurucusuna çevrildi. 1994-cü il sentyabrın 20-də ölkənin tarixində son dərəcə taleyüklü bir hadisə baş verdi. Azərbaycan dövlətinin və xalqının firavan və xoşbəxt həyatının zəmanətinə çevrilmiş, sürətli inkişafa və tərəqqiyə, müstəqilliyin dönməzliyinə və təhlükəsizliyinə təminat verən, neft müqaviləsi - “Əsrin müqaviləsi” imzalandı. Məhz Ulu Öndərin qətiyyəti, iradəsi və cəsarəti sayəsində Azərbaycanın “qara qızılı” bu millətin ağ günlərinin tarixini yazmağa başladı. Bu çoxvektorlu inkişaf dinamikası özünü təhsilin inkişafında da göstərməkdə idi. Yeni-yeni təhsil ocaqları tikilərək istifadəyə verildi. Universitetlərin maddi-texniki bazaları mərhələli şəkildə zənginləşdirildi.

 

Bir faktı qeyd etmək kifayətdir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. O, öz çıxışlarında təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edirdi ki, “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Heydər Əliyev SSRİ dövründə, yəni Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində də bu məsələni daim diqqət mərkəzində saxlamış, xalqımızın dahi oğlunun rəhbərliyi ilə təhsil sistemində ciddi islahatlar həyata keçirilmişdir. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişlənmişdir. Təhsil ocaqlarının sayı 765-dən 2117-yə çatdırılmışdı.

 

Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdı.

 

Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün lazımi şərait yaradılmışdır. Son dövrlər hər il tələbələrin müxtəlif fənlər üzrə respublika olimpiadaları, konfranslar, aspirantların və gənc tədqiqatçıların respublika simpoziumları, müsabiqələr keçirilir ki, bu da elmə, elmi tədqiqatlara olan marağı daha da artırır.

 

Azərbaycan təhsil tarixində böyük dönüş yaratmış 1999-cu il təhsil islahatına aparan yol heç də hamar deyildi. Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə mənəvi institutlarda sürətlə dağılma prosesi gedirdi. Sosial xaos və anarxiya, hər şeydən əvvəl, mənəvi ehtiyatlara zərbə vursa da, onun közərtisi qalmaqda idi.  Heydər Əliyevin uzaqgörənliyi sayəsində təhsilin bütün istiqamətlərində Azərbaycan böyük irəliləyişlərə nail oldu. Müdrik rəhbərin göstərişi ilə büdcədən təhsil üçün nəzərdə tutulan vəsaitin həcmi ildən-ilə artırılırdı. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, dərsliklərin şagirdlərə pulsuz verilməsi, tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi dövlət qayğısı sayəsində əldə olunmuş ən mühüm nailiyyətlərdən oldu.

 

2002-ci ilin sentyabrında Suraxanı rayonundakı  275 nömrəli tam orta məktəbdə olarkən Heydər Əliyev bu barədə deyirdi ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi  tədbirlər haqqında öz təkliflərini irəli sürəcək. Çox keçmədi ki, həmin ilin oktyabr ayında “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncam imzalandı. Bu sərəncam məktəblərdə təlim şəraitinin və təlim mühitinin yaradılmasında ciddi dönüşə səbəb oldu.

 

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ulu Öndərin təhsil siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, hər hansı bir xalq üçün ən böyük sərvət nə yeraltı, nə də yerüstü resurslardır. Xalqın ən böyük sərvəti həm maddi, həm də mənəvi cəhətdən yaxşı yetişdirilmiş insan resursları, kadr potensialıdır.

 

Təhsil, təlim-tərbiyə sisteminin təməlinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövlət siyasətinin ən prioritet məsələlərindən biridir. Sevindirici haldır ki, ölkəmizdə təhsilin inkişafının vacibliyi, əhəmiyyəti düzgün qiymətləndirilir və bu sahədə intensiv surətdə islahatlar aparılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın hər yerində çoxlu sayda yeni məktəb binaları tikilmiş, sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, idman zalları müasir avadanlıqlarla təchiz edilərək şagirdlərin ixtiyarına verilmişdir.

 

Prezidentin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” tapşırığını təhsil işçiləri əməli fəaliyyətləri ilə həyata keçirir, dövrün tələbinə uyğun tədrisin keyfiyyətini yüksəltməklə təhsilimizin inkişafına layiqli töhfələr verirlər.

 

Ümummilli Liderimiz Heydər Əliyevin də qeyd etdiyi kimi, biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir. Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik.

 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq məfkurəsinin, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verir və verəcəkdir.

 

Şəhla ƏLİYEVA,

pedaqogika üzrə elmlər doktoru, professor, ADPU-nun pedaqoji psixologiya kafedrasının müdiri, Əməkdar müəllim

 



06.05.2023 | 11:27