İdman həyəcanı, qələbə sevinci

Mayın 3-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə turnirə yekun vurulub.

 

Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında baş tutan final qarşılaşmasında III yer uğrunda Bakı Dövlət Universiteti Gəncə Dövlət Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasını məğlub edərək çempionatın qalibi olub.

 

Oyunlardan sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal yarışlarının bağlanış mərasimi keçirilib. Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, AHİK-in, AFFA-nın rəsmi şəxsləri, veteran futbolçular, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Bağlanış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə komitəsinin üzvü Firudin Qurbanov Ümummilli Lider Heydər Əliyevin idmanın inkişafındakı müstəsna rolundan, ölkəmizdə idman səhəsinə olan dövlət qayğısından danışıb. F.Qurbanov müasir dövrdə ölkə Prezidenti cənab İlham Əliyevin idmana olan diqqəti və qayğısı sayəsində respublikamızın artıq idman ölkəsi kimi dünyada layiqli yerini tutmasını qeyd edib. Bu yarışın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliğində, perspektivli idmançıların aşkar edilməsində xüsusi rol oynadığını, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

 

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ümummilli Liderin qayğısı sayəsində idman sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb. O, gənclər və idman siyasətinin Azərbaycan dövlətinin prioritetlərindən biri olduğunu vurğulayaraq gənclərimizin fiziki cəhətdən sağlam, vətənpərvər ruhda yetişməsində idmanın, bədən tərbiyəsinin kütləviliyinin rolunu xüsusi qeyd edib. A.Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətimizi şanlı qələbəyə aparan daxili və xarici siyasəti barədə məlumat verib, torpaqlarımızın azad olunmasında gənclərin rolunu xüsusi vurğulayıb.

 

Çıxışlardan sonra I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Turnirdə fərqlənən üç tələbə futbolçu “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub.

 

Qeyd edək ki, çempionatın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin irsinin aşılanması, yerli ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir. Bununla yanaşı, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbələrin seçiminin təminatı, ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyini və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır. 500-ə yaxın tələbənin iştirak etdiyi  yarışlarda 19-u Bakı şəhəri, 13-ü regionlardan olmaqla ümumilikdə 32 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları mübarizə aparıb. Yarışlar yarımqrup oyunları, pley-off, yarımfinal və final mərhələləri üzrə təşkil edilib.

 

Fürsətdən istifadə edib qalib komandanın,  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri ilə görüşdük. Onlar sevinclərini bizimlə bölüşdü.

 

 

 

Şöhrət Yusifov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistr  tələbəsi,  komandanın kapitanı: “Mənim üçün çox xoş oldu ki, bu çempionatda iştirak etdim.  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal yarışları olduqca maraqlı keçdi. Bizlər qalib olmaya bilməzdik. Qarşımıza məqsəd qoymuşduq ki, bu çempionatın qalibi olmalıyıq.  Bu gün çox sevincliyik”.

 

 

 

 

Hüseyn Novruzov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının V kurs  tələbəsi, komandanın hücumçusu: “Çempionat çox yüksək səviyyədə təşkil olunmuşdu. Fəxr edirik ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bu yarışda biz də iştirak etdik və qalib olduq. Final oyunu əvvəlki oyunlarla müqayisədə daha da gərgin oldu. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası da  final yarışına güclü hazırlaşmışdı.  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev başda olmaqla hamını təbrik edirəm”.

 

 

 

 

Əliəkbər Şəbiyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II  kurs  tələbəsi, müdafiəçi: “Allaha çox şükür olsun ki, çempion olduq. Yarış olduqca maraqlı və gərgin keçdi. Buna baxmayaraq qalib olduğumuza görə çox sevincliyik. Ulu Öndər Heydər Əliyevi çox sevirik. Onun adı ilə bağlı olduğuna görə komanda üzvlərinin hər bir oyunçusu söz vermişdiki biz qalib olmalıyıq. Belə yarışın yüksək səviyyədə təşkil olunmasına görə əməyi olan hər kəsə təşəkkür edirik.

 

 

 

 

 

Əli Quliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsi, qapıçı: “Bu yarışda demək olar ki, məsuliyyət ən çox mənim üzərimdə idi. Çalışırdım səhv etməyəm. Çox şükür edirəm ki, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdim.  Mükafatlandırmada “Ən yaxşı qapıçı” nominasiyasına layiq görüldüm”.

 

 

 

Rəşad ZİYADOV



05.05.2023 | 12:35