MDU-da “Heydər Əliyev İli” çərçivəsində Respublika elmi konfransı keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda Respublika elmi konfransı keçirilib.

 

Konfransda Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının nümayəndələri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil sektorunun əməkdaşları, ölkənin müxtəlif ali təhsil müəssisələri və elmi tədqiqat institutlarının alimləri, MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları iştirak ediblər.

 

Əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov Ümummilli Lider Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində ölkəmizin hərtərəfli inkişafı naminə misilsiz xidmətlər və titanik fəaliyyətlər göstərərək Azərbaycanın quruculuq salnaməsində əbədi izlər qoyduğunu bildirib. Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliğinin ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu qeyd edən rektor bu baxımdan elmi konfransın önəmindən danışıb.

 

Ümummilli Liderin 100 illiyinə həsr olunan elmi tədbirə böyük maraq göstərildiyini bildirən rektor, ümumilikdə konfransa 40 ali təhsil və elmi tədqiqat müəssisəsindən 210 məqalənin daxil olduğunu diqqətə çatdırıb, konfransın təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib.

 

Ş.Bayramov konfransın plenar iclasında “Elm və təhsilin böyük himayədarı – Heydər Əliyev” mövzusunda məruzəsi ilə çıxışını davam etdirib. Məruzədə Azərbaycanda ictimai həyatın bütün sahələrinin, o cümlədən elm və təhsilin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb, uzaqgörən və zəngin idarəçilik təcrübəsinə sahib dahi şəxsiyyətin müəllimlərə, alimlərə və gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib.

 

“Heydər Əliyev-Yeni Azərbaycan Partiyasının banisidir” mövzusunda çıxış edən YAP Mingəçevir şəhər təşkilatınının sədri Bəxtiyar Mustafayev Ulu Öndərin liderliyi ilə yaranan siyasi partiyanın qısa müddət ərzində böyük etimad və nüfuz qazanaraq əsl ümumxalq partiyasına və bölgənin ən böyük siyasi qüvvəsinə çevrilməsindən danışıb.

 

 Daha sonra konfrans 10 bölmə iclası ilə işini davam etdirib. “Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik ideologiyası”, “Heydər Əliyevin dövlət və ordu quruculuğu siyasəti”, “Heydər Əliyevin xarici siyasəti”, “Heydər Əliyevin davamlı iqtisadi inkişaf strategiyası”, “Heydər Əliyevin Azərbaycan dili və ədəbiyyatının inkişafı siyasəti”, “Heydər Əliyevin elm və təhsil siyasəti”, “Heydər Əliyevin təhsil siyasəti”, “Heydər Əliyevin mədəni və milli-mənəvi inkişaf siyasəti”, “Heydər Əliyevin gənclərin inkişafı siyasəti” və “Heydər Əliyevin iqtisadiyyatın sahələri üzrə inkişaf siyasəti” adlı bölmələrdə müvafiq mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 



05.05.2023 | 11:45