YTP-nin inkubator-rezidenti “Biznesdə qadınların gücü” layihəsində 1-ci yerin qalibi olub

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) inkubator-rezidenti olan “SmFreshOil” brendinin sahibi, “ABAD”çı Maya Səbzəliyeva qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması və onlara dəstək məqsədilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsində mükafata layiq görülüb.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Rabitəbank” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Marsol Group”un tərəfdaşlığı ilə keçirilən müsabiqədə M.Səbzəliyeva 1-ci yerin qalibi olaraq 5000 manat pul mükafatına layiq görülüb. M.Səbzəliyevaya mükafat “SmFreshOil” brendinin inkişaf etdirilməsi üçün təqdim edilib.

 

Tədbir çərçivəsində qadın sahibkarların məhsullarından ibarət kiçik sərgi də təşkil olunub.

 

Qeyd edək ki, 2022-ci ilin noyabr ayından start götürmüş layihədə iştirak etmək üçün 134 qadın sahibkar müraciət edib. Onların arasından müvafiq meyarlara uyğun olan, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 23 iştirakçı seçilib. Layihə müddətində qadın sahibkarlar biznes biliklərinin artırılması üçün 10-dək müxtəlif təlimlərə cəlb edilib, onlara məsləhət xidməti və mentor dəstəyi göstərilib. 

 

 



04.05.2023 | 10:13