Bakıda “Simurq” uşaq musiqi festivalı keçirilir

Bakı Media Mərkəzinin dəstəyi ilə paytaxtda “Simurq” uşaq musiqi festivalı keçirilir. Festivalın başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini üzə çıxarmaq, onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar aşılamaqdır.

 

Layihənın müəllifi Səidə Tağızadə tanınmış pianoçu,  beynəlxalq müsabiqələrin laureatıdır. Gələcəkdə festivalın bütün musiqi alətlərini əhatə etməsi nəzərdə tutulur. Hələlik isə layihədə yalnız 7-18 yaş arası pianoçular iştirak edir. Festivalın hazırkı mərhələsində 10 nəfər iştirakçı seçilib. Layihə çərçivəsində iştirakçılar Azərbaycan, Rusiya və başqa ölkələrdən olan tanınmış pedaqoqların, musiqiçilərin ustad dərslərində iştirak edəcək, gənc ifaçılara səhnədə düzgün və peşəkar davranışa dair təlimlər keçiriləcək.

 

Qeyd edək ki, gənc istedadlar artıq P.İ.Çaykovski adına Moskva Konservatoriyası nəzdində olan Mərkəzi Musiqi Məktəbinin xüsusi fortepiano şöbəsinin müdiri Mira Marçenkonun ustad dərslərində iştirak edib və onun verdiyi tapşırıqları yerinə yetiriblər. Oktyabrın 19-da isə “Simurq” musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində məşhur rusiyalı pianoçu Daniil Sayamovun solo konserti keçiriləcək. Digər tanınmış pedaqoq və musiqiçilərin də festival iştirakçıları üçün ustad dərsləri mərhələli şəkildə təşkil olunacaq.



04.10.2018 | 18:13