Alimlər gənclərə dəstək olur | |
Bakının Binəqədi rayonundakı 246 nömrəli məktəb-liseydə kimya fənninə həsr olunan tədbir keçirilib. Tədbir AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının “Kiçik akademiya”larla əməkdaşlığı çərçivəsində reallaşıb. Müzakirələrdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Şura üzvləri iştirak ediblər. Məqsəd məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik akademiya”nın fəaliyyəti ilə ətraflı tanış olmaqla, elm və təhsilin inteqrasiyasına töhfə vermək, elmə həvəsi olan gəncləri bu istiqamətdə həvəsləndirmək olub.
Məktəbin direktoru Elmar Həşimov “Kiçik akademiya”nın fəaliyyəti ilə bağlı geniş məlumat verdikdən sonra tarix müəllimi Şücaət Qafarova istedadlı məktəblilər və onların mövzuları barədə açıqlama verib.
Sonra isə VII–VIII sinif şagirdlərinin “Turşu yağışları”, “Yod”, “Plastik qablaşdırma tullantıları”, “Su hövzələri və onların çirklənməsi” mövzularında hazırladıqları elmi məruzələr dinlənilib. Şuranın sədr müavini Nigar İbrahimova şagirdlərin məruzələrini yüksək qiymətləndirib. O, elm və təhsilin vəhdəti baxımından bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Alimlər isə öz növbələrində elmə, təhsilə hədsiz həvəs göstərən şagirdlərə həmişə dəstək olacaqlarını söyləyiblər.
Sifai SƏFƏROVA
|
|
29.04.2023 | 11:36 | |
|
|
|