“Şəhidlərimiz-Qəhrəmanlarımızdır!” mövzusunda intellektual yarışma

Paytaxt məktəbliləri arasında “Şəhidlərimiz-Qəhrəmanlarımızdır!” mövzusunda intellektual yarışma keçirilib.

 

Nərimanov rayonu üzrə məktəblilər arasında keçirilən bilik yarışının əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dərsə olan marağını və dünyagörüşünü daha da artırmaq, həmçinin, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

 

İntellektual yarışmada məktəb direktorları, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər bildiriblər ki, məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycanın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, şagirdlərin sərbəst fikir, düşüncə tərzini və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək üçün bu cür intellektual bilik yarışlarının təşkil olunmasının mühüm əhəmiyyəti var.

 

Daha sonra şagirdlər 20 dəqiqə vaxt ərzində Vətən yolunda canlarından keçən şəhid və qəhrəmanlara həsr olunmuş 25 açıq sualdan ibarət tapşırığı cavablandırıblar. Fərdi qaydada keçirilən yarışın nəticələrinə əsasən, 82 nömrəli tam orta məktəbin və “Ankara məktəbi” məktəb-liseyinin şagirdləri I, 82 nömrəli tam orta məktəb və Humanitar fənlər gimnaziyasının şagirdləri II, 177 və 34 nömrəli tam orta məktəbin şagirdləri isə III yerə layiq görülüb.

 

Qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar.

 



04.10.2018 | 11:01