Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev İli”nə həsr edilən elmi-praktik konfrans

Naxçıvan Dövlət Universiteti xarici dillər fakültəsinin ingilis dili və metodika kafedrasının təşkilatçılığı ilə “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

        

Konfransda ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev ölkəmizdə  görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən konfransların davamlı xarakter aldığını vurğulayıb. Bildirib ki, qloballaşan dünyada Azərbaycan təhsilinin dünya təhsil və elm məkanına inteqrasiyası, elmi əməkdaşlıq xarici dillərin öyrənilməsini daha da aktuallaşdırıb. Rektor ali təhsil ocağının bir sıra xarici universitetlərlə həyata keçirilən proqram və layihələrindən bəhs edib, ingilis dili müəllimlərinin son illərdə beynəlxalq konfranslarda, layihələrdə iştirak edərək sertifikatlar qazandığını vurğulayıb.

        

Konfransda fakültənin dekanı dosent Şirməmməd Qulubəyli, ingilis dili və metodika kafedrasının müdiri Cavid Babayev, tədbirə onlayn qoşulan Azərbaycan Dillər Universitetinin alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Ulduz Aslanova, NDU-nun ingilis dili və tərcümə kafedrasının müəllimi, dissertant Elçin Mirzəyev və “Sinxron tərcümə” ixtisası üzrə I kurs magistrant Leyla İsmayılovanın çıxışları dinlənilib.

 

Çıxışlarda bildirilib ki, xarici dilin tədrisi qarşısında daimi olaraq nəyi necə öyrətmək qaydaları ən önəmli məsələlərdəndir.

 

Tədbirdə xarici dillərin tədrisində müasir metodlardan istifadənin məqsədi, xarici dillərin tədrisinin aktual problemləri və.s kimi mövzular barədə ətraflı söhbət açılıb.

        

Daha sonra konfrans ənənəvi və onlayn olmaqla, bölmə iclasları ilə davam edib.

 

 



26.04.2023 | 17:22