Təhsil TV: "Rəqəmsal bacarıqlar"ın tətbiqi genişləndirilir
Yeni tədris ilində Təhsil Nazirliyinin "İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” pilot layihəsinin mərhələlər üzrə tətbiqi davam etdirilir. Layihə informasiya texnologiyaları (İT) sistemləri və proqramlaşdırmanın öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.
 
Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.
 
 
İnkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümumtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan  MDB ölkələri arasında  İT təhsil platformasını miqyaslı şəkildə ümumtəhsil sistemində tətbiqinə ilk imza atan ölkə olub.
 
2017-2018-ci tədris ilində layihə Bakı şəhərində 45 məktəb üzrə 6500 5-ci sinif şagirdini əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb üzrə 26 min 5-ci və 6-cı sinif şagirdi bu layihəyə cəlb olunub. Bakı şəhərində 65 məktəb üzrə 23500-ə yaxın, Gəncə şəhərində isə 6 məktəb üzrə 2500-ə yaxın şagird informatika fənnini yeni formatda öyrənir.
 
 
Bu fənn üzrə dərsləri tədris edən 250-dən çox müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) təşkil edilən ixtisasartırma təlimlərində iştirak edir. Fənnin yeni məzmunu üzrə təlimlər “Alqoritmika” şirkətinin, müəllimlərin İKT bacarıqlarının artırılması təlimi isə "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzinin peşəkar təlimçiləri tərəfindən keçirilir.
 
Rəqəmsal sistemin uğurlu tətbiqi üçün məktəblərdə İKT infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi işləri həyata keçirilib və Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxış təmin olunub. Belə ki, 100 yeni kompüter otağı istifadəyə verilib, həmin otaqlar 1000-ə yaxın müasir kompüterlə təchiz edilib. Ümumiyyətlə, bu günədək "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində ölkə üzrə 230 kompüter otağı və təxminən 2500 yeni kompüter isitfadəyə verilib. Bu o deməkdir ki, layihədə iştirak edən 26 000 şagirdin hər birinin dərslərdə tapşırıqları fərdi qaydada yerinə yetirmələri üçün münbit şərait yaradılıb.
 
 
Bu ildən layihədə iştirak edən bütün məktəblər yüksəksürətli internet bağlantısı ilə təmin olunub. Məktəblilər üçün ən məşhur proqramlaşdırma mühiti sayılan “Scratch 3.0” (son versiyası) Azərbaycan dilinə tərcümə olunub.
 
Bu il həmçinin, bütün ölkə ərazisində “Kod Saatı” tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Tədbirin keçirilməsində məqsəd iştirakçılarda İT ilə əlaqədar olan peşə sahələrinə marağın artırılmasıdır. “Kod Saatı”  dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edən qlobal bir təşəbbüsdür.


04.10.2018 | 17:48