Qazaxıstanlı tələbələr ATU-da təcrübə keçiblər | |
Azərbaycan Tibb Universiteti (ATU) və Qazaxıstanın Astana Tibb Universiteti arasında imzalanmış Əməkdaşlıq memorandumu çərçivəsində 5 qazaxıstanlı tələbə - “İctimai səhiyyə” ixtisası üzrə 4-cü kursda təhsil alan Aycan Zeynoldina, Ayım Kubriyanova, Aliya Bissaqaliyeva, Zülfiyyə Jetpisbayeva və Fariza Paraxatova ATU-nun ictimai səhiyyə fakültəsinin qidalanma və tibbi ekologiya, uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı, ictimai sağlamlıq və səhiyyənin təşkili kafedralarında “Mütəxəssis-gigiyenist” ixtisası üzrə 19 günlük təcrübə keçiblər.
Astana Tibb Universitetinin tələbələri təqvim-mövzu planına uyğun olaraq müəllimlər - professor Rafiq Çobanov, dosentlər Qalina Qəniyeva, Şəhla Balayeva, Nigar Süleymanzadə, Sədaqət Həsənova, Cəmilə Salihova, Məhərrəm Məhərrəmov, Yaqut Hacıyeva, Fərəh Baxışlı və assistent Avaxanım Vəlibəyovanın mühazirə və praktik məşğələ dərslərində iştirak ediblər. Tədris prosesi zamanı tələbələr kafedraların strukturu, tədris olunan fənlər, ölkəmizdə dövlət tərəfindən epidemioloji nəzarətin aparılması, əhalinin sanitar-epidemioloji sağlamlığı sahəsində normativ-hüquqi aktlara riayət olunmasına nəzarətin həyata keçirilməsi qaydaları ilə tanış ediliblər. Həmçinin onlar 80 saylı bağça və 132-134 saylı təhsil kompleksini epidemioloji nəzarətdən keçirib, Bakı Tikiş Evində əmək şəraiti, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin kompleks epidemioloji müayinəsi ilə tanış olublar.
Təcrübənin sonunda tələbələr ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Müşfiq Orucov və İctimai səhiyyə fakültəsinin dekanı dosent Qalina Qəniyeva tərəfindən qəbul edilib və müvafiq sertifikatlarla təltif olunublar.
|
|
25.04.2023 | 11:08 | |
|
|
|