“Heydər Əliyev və Azərbaycan teatrı” | |
Lənkəran Dövlət Universiteti (LDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Lənkəran Dövlət Dram Teatrında tədbir keçirib.
“Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda keçirilən tədbirdə teatrın direktoru vəzifəsini icra edən İntiqam Hacılı LDU kollektivini salamlayıb və açılış üçün sözü universitetin rektoru professor Natiq İbrahimova verib.
Rektor çıxışına Ümummilli Liderin sitatı ilə başlayıb: “Teatr müqəddəs yerdir. İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır”. N.İbrahimov bu sözləri mədəniyyət və incəsənətimizin böyük hamisi olan fenomen şəxsiyyətin teatr sənətinə verdiyi yüksək qiymət kimi dəyərləndirib. Bildirib ki, Heydər Əliyev işinin çoxluğuna baxmayaraq, tamaşaların premyeralarına gedib, tamaşalar bitdikdən sonra səhnə arxasına keçərək dramaturqla, rejissorla, rəssamla, ayrı-ayrı aktyorla söhbətlər edib, fikirlərini bildirib:”Ömrünün son günlərinə qədər bu ənənəni davam etdirən Heydər Əliyev teatr sənətinin məna və mahiyyətini, onun insanların qəlbinə, hisslərinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini dərindən duyurdu; bu sənətin təcrübi və nəzəri əsaslarına yaxşı bələd idi”.
Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev “Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və milli teatr sənətinin inkşafına töhfəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə deyilib ki, Ümummilli Lider Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan incəsənətinin, o cümlədən, Azərbaycan teatrının inkişafı üçün əlindən gələni əsirgəməyib.
Seminardan sonra yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin “Prokuror” tamaşası nümayiş etdirilib. Maraqla qarşılanan tamaşa Ulu Öndərin sözləri ilə yekunlaşıb: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissorları- Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Anşlaqla bitən tamaşada əsas rolları əməkdar artist Sucəddin Mirzəyev (Səlimxan), artistlərdən Saleh Əzimzadə (prokuror Poladov), Qızılgül Quliyeva (Sona), Allahverən Babayev (Şirəhməd), Hikmət Cəfərov (Əmirxanov), Şəbnəm Hüseynova (Sənəm), Vəfa Hacızadə (Surə), Emil Tağı (Almazov), Amil İbrahimli (Qəzənfər) və Teymur Hacızadə (Polis) ifa ediblər.
|
|
20.04.2023 | 12:12 | |
|
|
|