Şamaxı Astrofizika Rəsədxanasında BDU və AMEA-nın birgə səyyar iclası keçirilib

Oktyabrın 3-də Şamaxı Astrofizika Rəsədxanasında Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Elmi Şurasının birgə səyyar iclası keçirilib İclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəliyi elan edib.

 

BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər” mövzusunda  məruzə  edib. Akademik A. Məhərrəmov Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamını xatırladaraq, AMEA-nın yubileylə bağlı tədbirlər planını təsdiq etdiyini və məruzəsinin yubiley ərəfəsində hesabat olduğunu bildirib.

 

Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 4-də Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan və Rumıniya universitetləri arasında nanotexnologiya istiqamətində müqavilə imzalandığını deyən  A. Məhərrəmov, dövlət başçısının göstərişinə əsasən bir il sonra BDU-da Nano Araşdırmalar Mərkəzinin, ardınca "Nanomaterialların kimyəvi fizikası" kafedrasının yaradıldığını və dünya elminin bu prioritet istiqaməti üzrə tədqiqatlara başlandığını diqqətə çatdırıb. Qeyd olunub ki, qısa müddətdən sonra bu elmin əsasları universitetin fizika, kimya, biologiya fakültələrinin bakalavr pilləsində tədris edilməyə başlayıb. Eyni zamanda, nanohissəciklərin fizikası, nanomaterialların fiziki kimyası və nanobiotexnologiya ixtisaslaşmalarında magistr hazırlığı aparılıb.

 

Akademik bildirib ki, nanotexnologiya sahəsində yeni tədris proqramları, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar hazırlanıb, hətta bəzi dərsliklər ABŞ-ın və Rusiyanın məşhur nəşriyyatlarında və universitetlərində çap edilib.

 

Nanotexnologiyanın tətbiq sahələrinin çox böyük diapazonda yerləşdiyinə diqqət çəkən akademik A. Məhərrəmov BDU-da nanotexnologiyanın texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı sahəsi və hərbi sənaye istiqamətində araşdırmalarına diqqət çəkib və bunun üçün dəyəri milyonlarla ölçülən cihaz və avadanlıq alındığını söyləyib. Qeyd olunub ki, BDU-da nanotexnologiya sahəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müştərək tətbiqi xarakterli tədqiqatlar aparılır və ABŞ, Rusiya, Yaponiya, İsveçrə, Kanada, İspaniya, İtaliyanın müvafiq universitetləri, bu sahədə olan araşdırma mərkəzləri ilə ümumi dəyəri 8,5 milyon dollar olan qrant layihələri uğurla yerinə yetirilib. Nəticə olaraq 2017-ci ildə “Web of Science” sisteminə daxil olan jurnallarda universitet alimlərinin 247 məqaləsi dərc edilib ki, bu məqalələrdən 37-si nanotədqiqatlar sahəsini əhatə edir.

 

Sonra məruzə ətrafında müzakirələr başlayıb. AMEA-nın Rəyasət Heyətinin üzvləri, akademiklər bu elmi istiqamətin dünya elminin prioritet sahələrindən biri kimi əhəmiyyətindən danışıb, respublikada bu istiqamətdə tədqiqatların məqsədəuyğunluğu və vacibliyini qeyd ediblər. Eyni zamanda, respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyən etmək məqsədilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər strukturlarla müştərək dövlət qurumlarına təqdim etmək üçün meqalayihənin hazırlanması qərara alınıb.

 



03.10.2018 | 13:34