Dünyaşöhrətli azərbaycanlı alim tələbələrə vebinar keçib | |
Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntər Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələrinə vebinar keçib.
Tədbiri giriş sözü ilə açan universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, tanınmış alim Xəlil Kələntər demək olar, hər il Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri üçün vebinar keçir. Professor haqqında məlumat verən prorektor bildirib ki, X.Kələntər 1981-ci ildən etibarən Yaponiyada yaşayır və elmi fəaliyyətini orada davam etdirir; Həm Naqoya, həm də Tohoku Universitetlərində doktorluq dərəcəsi alib. Diqqətə çatdırılıb ki, professor yalnız Yaponiyada deyil, Amerika, Asiya va Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır və LCD texnologiyası üzrə yapon dilində 6 kitabın, 130-dan artıq elmi məqalənin, 100-ə yaxın patentin müəllifidir.
Tədbirə onlayn qatılan Toyohaşi və Tohoku Texnologiya universitetlərinin mühəndislik üzrə professoru Xəlil Kələntər “Əyri OLED işıq mənbələrinin performans xarakteristikası” mövzusunda çıxış edib. Bildirib ki, arxa işıqlandırmaya ehtiyac olmadan işıq yarada bilən bu tip displeylər "özünü buraxan" displeylər kimi tanınır. Alim vurğulayıb ki, OLED-lər televizor ekranları, kompyüter monitorları, smartfonlar, ağıllı saatlar ekranında rəqəmsal displeylər yaratmaq üçün istifadə olunur; LED-dən fərqli olaraq, OLED arxa işıq tələb etmir, bu da onun enerjiyə qənaət etməsinə səbəb olur. OLED displeylər daha parlaq, daha kəskin və daha canlı rənglər təklif edərək, onları televizorlar və smartfonlar kimi istehlakçı elektronikası üçün ideal hala gətirir.
Professor OLED texnologiyasının tətbiq sahələri, bu sahədə özünün qazandığı patentlər barədə məlumat verib. Bildirib ki, OLED lövhələrdə xüsusi materiallar yerləşdirməklə bu zaman əldə edilən işıqlarda fərqli rənglər əmələ gəlməsini müşahidə etmək olur.
Sonda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Səbinə Elxanqızı, NDU-nun “ Jurnalistika” ixtisası üzrə I kurs tələbəsi
|
|
19.04.2023 | 12:28 | |
|
|
|