Aprelin 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Elmdə qadınlar” adlı konfrans keçirilib.
Konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyulub və Heydər Əliyev Muzeyi ziyarət edilib.
Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və digər şəxslər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda ulu öndər Heydər Əliyev, akademik Zərifə xanım Əliyeva və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb. Fuad Nəcəfli ölkə Prezidenti cənab İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə görkəmli elm xadiminin yubileyinin geniş şəkildə qeyd olunduğunu bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında akademik Zərifə xanım Əliyevanın keçdiyi mənalı ömür yolundan söz açıb, oftalmologiya elmində müstəsna xidmətlərinin olduğunu qeyd edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Zərifə xanımın oftalmologiya elminin inkişafına dəyərli töhfələr verdiyini, bu sahə üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük əmək sərf etdiyini, bir-birindən dəyərli 150-dən çox elmi əsər, 12 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olduğunu diqqətə çatdırıb. Nazir müavini Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəslinin yetişdiyini və alimin özündən sonra dəyərli məktəb qoyduğunu vurğulayıb.
Nazir müavini qeyd edib ki, Zərifə xanım Əliyeva müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olmaqla yanaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Firudin Qurbanov əlavə edib ki, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə - dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Tədbirdə daha sonra çıxış edən digər qonaqlar akademikin tibb elmi üçün əvəzsiz irsindən, mənalı ömür yolu və yazdığı tədqiqat əsərlərindən bəhs ediblər.
Daha sonra “Azərbaycan qadını, anası, həkimi, akademik Zərifə xanım Əliyeva” esse müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub. Eyni zamanda, Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə yüksək balla qəbul olunan bir qrup tələbəyə hədiyyələr verilib.
Konfrans bədii hissə ilə davam edib. Naxçıvan şəhəri 11 nömrəli körpələr evi – uşaq bağçasının uşaqlarının ifasında kompozisiya nümayiş olunub, həmçinin Naxçıvan Dövlət Universitetinin simfonik orkestri mahnı nömrələri səsləndiriblər.
|