Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir | |
Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir.
Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, görkəmli yazıçı, alim, unudulmaz pedaqoq Mir Cəlal Paşayev milli ədəbiyyatımızda özünəməxsus yer tutur:”Mir Cəlalın zəngin və çoxşaxəli fəaliyyəti nəinki öz dövründə, həm də gələcək zamanlar üçün bir örnəyə çevrilib. Böyük pedaqoq və alimin qələmindən çıxan onlarla elmi məqalə, publisistik-tənqidi yazı, onun bədii təfəkkürünün məhsulu olan hekayə və irihəcmli əsərlər bu gün də öz dəyərini və aktuallığını qoruyub saxlayır. Mir Cəlalın həqiqətə və milli düşüncəyə, milli özünüdərkə söykənən hər bir yazısı əbədi yaşamaq haqqı qazanıb. Böyük vətənpərvər yazıçı elmi yaradıcılığında da millilik və azərbaycançılıq amilini həmişə uca tutub, xalqın milli dəyərlərinin unutdurulduğu bir zamanda böyük Azərbaycan şairi Füzulidən və onun ana dilində yaratdığı əsərlərinin poetik qüdrətindən bəhs edib. Yazıçı insan xarakterləri, eləcə də xalqına ləyaqətlə xidmət etməyə çalışan milli duyğulu, sədaqətli insan obrazları yaratmağa müvəffəq olub, dövrün mənzərəsini ustalıqla əks etdirib. O, yüzlərlə gəncin, tələbənin, gənc tədqiqatçının dayağı, simsarı kimi bu gün də sevgi ilə xatırlanır, yaddaşlarda işıqlı bir şəxsiyyət, bir müəllim kimi yaşayır”.
Tədbirdə Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra BDU-nun Mir Cəlal Paşayev adına məqsədli təqaüdünün qalibi elan olunub. Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə II kurs tələbəsi Nuridə İsmayılova təhsildəki uğurlarına görə bu mükafata layiq görülüb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli isə qeyd edib ki, Mir Cəlal Cəlil Məmmədquluzadədən sonra Azərbaycan klassik hekayə janrının çox böyük ustadıdır. Mir Cəlalın "Dirilən adam" romanı isə Azərbaycanda psixoloji romanın ilk böyük nümunəsidir. "Bir gəncin manifesti"ni Azərbaycan ədəbiyyatının şedevri adlandıran AMEA prezidenti vurğulayıb ki, Mir Cəlal həmişə insana, onun mənəvi aləminə sadiq yazıçı olub:”Mir Cəlal ustad müəllim kimi Azərbaycan maarifçiliyinə öz möhürünü vurub”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, BDU-nun filologiya fakültəsinin rus ədəbiyyatı tarixi kafedrasının müdiri Ədibə Paşayeva, Milli Aviasiya Akademiyasının kafedra müdiri, Xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdulla, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli və digərləri çıxışlarında Mir Cəlalın Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yerinu vurğulayıb, zəngin insani keyfiyyətlərindən söz açıblar.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.
|
|
18.04.2023 | 17:37 | |
|
|
|