“Azərbaycan inşaatında Heydər Əliyev İrsi”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) inşaat fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan inşaatında Heydər Əliyev İrsi”  mövzusunda  elmi-praktiki konfrans keçirilib.

 

Çıxış edən inşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev Azərbaycanın qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətlərindən, Ulu Öndərin müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyətindən danışıb. Dekan fenomen şəxsiyyət Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük  uğurların əldə olunduğunu, yeni yaşayış massivlərinin salındığını, ucqar rayonlara qaz xətlərinin çəkildiyini deyib.

 

AzMİU-nun ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru Orxan Naqdiyev Ulu Öndərin təhsil və gənclər siyasətinə diqqət çəkib. Prorektor hələ sovet dövründə Azərbaycan gənclərinin SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsini, onun təşəbbüsü və gərgin səyi ilə Cənubi Qafqazın, o cümlədən ölkəmizin memarlıq və inşaat sahəsi üzrə ilk və ən böyük ali məktəbi – İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq və İnşaat Universiteti) yaradılmasını xüsusilə qeyd edib.

 

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvi, AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb.

 

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri  Bəxtiyar Nəbiyev Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb, dahi liderin bütün həyatı boyu doğma xalqının inkişaf və tərəqqisi uğrunda çalışdığını deyib, Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı onun davamçısı  Prezident İlham Əliyevin  dünyada güclü və nüfuzlu dövlətə çevirdiyini diqqətə çatdırıb.

 

Daha sonra ictimai fənlər kafedrasının dosenti Gülnarə Abbasovanın  “Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev məktəbinin əvəzsiz rolu”, inşaat konstruksiyaları kafedrasının baş müəllimi  Masil Dəmirovun  “Heydər Əliyev – Müasir Azərbaycanın Banisi” adlı məruzələri dinlənilib.

 

Konfrans müzakirələr və məruzəçilər tərəfindən iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

 



18.04.2023 | 11:44