Ali təhsil məkanında keyfiyyət üzrə standart və təlimatlar müzakirə edilib

Aprelin 17-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA)  təşkilatçılığı ilə Azərbaycanda “Keyfiyyət təminatı agentliklərinin fəaliyyətlərinin Avropa ali təhsil məkanında keyfiyyət üzrə standart və təlimatları" adlı kollegial məşvərət iclası keçirilib.

 

Ölkənin ali təhsil sistemində ilk dəfə təşkil edilən iclasa Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyanın prezidenti Duqlas Bləkstok, Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Reyestr Təşkilatının direktoru Kolin Tük qatılıb.

 

Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova xarici keyfiyyətin təminatı istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

 

Elm və təhsil naziri Emin Əmrullayev öz çıxışında xarici keyfiyyətin təminatı üzrə beynəlxalq standart və təcrübənin öyrənilməsinin önəmini vurğulayaraq Azərbaycan təhsil məkanının Avropa ali təhsil məkanına inteqrasiyası istiqamətində əldə edilmiş nəticələri və qarşıda duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Tədbirin birinci günündə çıxışçılar ali təhsildə keyfiyyət təminatı, adıçəkilən istiqamətdə maraqlı tərəflərin iştirakı, Azərbaycanda ali təhsil və bu kimi digər məsələlərə toxunublar.

 

Qeyd edək ki, ikigünlük tədbir sabah da öz işini davam etdirəcək.

 

 



18.04.2023 | 10:08