Naxçıvan Dövlət Universiteti: hədəflərə doğru

Naxçıvan Dövlət Universiteti ardıcıl təhsil islahatlarının yeni keyfiyyət mərhələlərini elmi, məntiqi və səmərəlilik meyarları əsas tutulmaqla, davam etdirməkdədir. Şaxələndirilmiş və müqavimətliliyi artırılmış tədris prosesləri ali məktəbin geridə qalan illəri üzrə daha etibarlı ixtisaslaşma bazasını formalaşdırmışdır. Bu isə, öz özlüyündə, tələbələrin etibarlı təhsilalma imkanlarını artırmışdır. Təbii olaraq, bütün bunlar, mahiyyət etibarı ilə ali məktəbin ölkə təhsilinin inkişafındakı roluna işıq salmış və onun uğurlarla müşayiət olunmasına zəmin yaratmışdır. Naxçıvan Dövlət Universiteti dövlətimizin hərtərəfli qayğı və diqqətindən aldığı güclə elm və təhsil sahəsində həyata keçirdiyi uğurlu tədbirlər, reallaşdırdığı olduğu layihələr və məhsuldar ideyalar nəticəsində daha böyük nailiyyətlərə müvəffəq olmaqdadır. Bunun da nəticəsində, artıq ali məktəbimizdə:

 

  • - nəzəriyyədən təcrübəyə keçidin təkmil əsasları müəyyən olunmuş;
  • - müasir texnoloji təsisatlar əsasında tədrisin yeni mərhələsi üçün alternativ mexanizmlərdən səmərəli yararlanmaq mümkün olmuş;
  • - elmi araşdırmalar sahəsində aktual mövzular tədqiqatlara cəlb olunmuş;
  • - bütün təhsil səviyyələrində ixtisaslaşmanın etibarlı təminatına əlverişli zəmin və mühit yaradılmış;
  • - bununla da, elmə söykənmiş olan ali təhsilin güclü dayaqları yaradılmışdır.

 

Məhz bu kimi məqsədyönlü tədbirlər nəticəsində Naxçıvan Dövlət Universitetində xüsusilə də, son 3 ildə qarşıya qoyulan hədəf, məqsəd və vəzifələr uğurla reallaşmış və daha da əlçatan olmuşdur. Fikrimizi müvafiq məlumatlar əsasında ifadə edərkən aydın olur ki, təhsilin, ixtisaslaşmanın, kadr və mütəxəssis hazırlığının ən səmərəli metod və üsullarından istifadə olunmaqla, bakalavr, magistr, doktorantura və rezidentura sahələrində kadr hazırlığı prosesləri inamla davam etdirilmişdir.

 

 

NDU-nun tələbə kontingenti haqqında  hesablamalar nəticəsində aydın olur ki, 2019-2022- ci illər ərzində Naxçıvan Dövlət Universitetinin bakalavr təhsil səviyyəsində ixtisaslaşan tələbələrin sayında 1,2 dəfədən çox artım qeydə alınmışdır. Bu dinamika, magistratura təhsil səviyyəsində 1,3 dəfədən artıq olmaqla qərarlaşmışdır. Eyni müqayisəni davam etdirdiyimiz zaman aydın olur ki, universitetdə tədris prosesləri ilə yanaşı elmi araşdırmalar sahəsində də səmərəli fəaliyyət mühiti diqqətdə saxlanılmışdır. Məhz fəlsəfə və elmlər doktorluğu sahələrində dissertasiyaların yüksək elmi əsaslandırmalarla tamamlanması və nəticə etibarı ilə, doktorantların bir çoxunun uğurla müdafiə etməsi bunun bariz ifadəsinə çevrilmişdir. Müvafiq illər üzrə rezident bölməsi üzrə təhlillər göstərir ki, bu sahədə də 1,4 dəfədən çox artım mümkün olmuşdur.

 

 

Təbii olaraq, Naxçıvan Dövlət Universitetinin qarşıdakı mərhələlər üzrə də hədəfləri daha da şaxəlidir və buna doğru inamla addımlamaqdadır. Bu sahədə, uzun illərin elmi araşdırma və tədris təcrübəsinə malik olan idarəetmə əsasında ali məktəbin bütün professor-müəllim heyəti fəaliyyətini əlaqəli, motivasiya ilə və uğurla davam etdirməkdədir.

 

Azərbaycan Respublikasının davamlı inkişaf istiqamətində həyata keçirdiyi, uğurla reallaşdırmaqda olduğu və uzunmüddətli prioritetlər olaraq müəyyən etdiyi tədbirlər içərisində elm və təhsilin vəhdətinin təmin olunması, onların bir-birini tamamlaması üzrə zəruri mexanizmlərin əsaslandırılması mühüm yerə malik olmaqdadır. Bu sahədə, təbii ki, yüksək elmi araşdırmaya, axtarışa, yeniliklərə açıq olan kadrların hazırlanması və onlardan səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb etməkdədir. Müasir elmi və texniki yeniliklərin, STEAM təhsilinin və ixtisaslaşmasının, nəzəriyyə ilə təcrübənin vəhdətindən ibarət olan bilik və bacarıqların sintezi bu istiqamətdəki nailiyyətlərin mühüm nəticələri olaraq çıxış etməkdədir.

 

Naxçıvan Dövlət Universitetində bu sahələr üzrə həyata keçirilən məqsədyönlü tədbirlər, dövlətin müvafiq tənzimləyici mexanizmlərinin ən gerçək nəticəsi olaraq olduqca əlamətdardır. Müvafiq sahə üzrə dövlət başçısı cənab İlham Əliyev tərəfindən 28 iyul 2022-ci il tarixində imzalanan “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman həmin proseslərin davamlılığına işıq salmaqdadır. Bu hüquqi sənədə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılmışdır. Buradan da aydın olur ki, təhsilin elmlə vəhdətinin səmərəliliyindən ibarət olan fəaliyyətin dəstəklənməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olaraq diqqətdə saxlanılacaqdır.

 

Məhz bu mənada da, Naxçıvan Dövlət Universitetində 2019-2022-ci illər ərzində həyata keçirilən tədbirlər məqsədyönlülüyü, dinamikliyi və əlaqəliliyi ilə seçilməkdədir. Universitet əməkdaşları, bütövlükdə, professor-müəllim heyəti, tələbələr bu sahədəki dövlət qayğısınıdan bəhrələnmiş və bunu, pedaqoji fəaliyyətlə yanaşı, elmi nəticələrin səmərəliliyində də göstərmişlər.

 

Universitet əməkdaşlarının 2019-2022-ci illər üzrə elmi fəaliyyətində məqalələrin yazılması və elmi tədbirlərdə iştirak etmə üzrə göstəricilər xüsusilə seçilmişdir ki, bu da, aktuallığı ilə ifadə oluna bilər. Naxçıvan Dövlət Universitetinin elmi fəaliyyətinin inkişaf dinamikası barəsində məlumatlara əsasən qeyd edə bilərik ki, əgər 2019-cu ildə universitet əməkdaşlarının 388 elmi məqaləsi çap olunmuşdursa, bu göstərici, 2022-ci ildə 1,5 dəfədən artıq olmuş və 590 məqalə təşkil etmişdir 

 

 

Eyni zamanda, əgər 2019-cu ildə çap olunan ümumi elmi məqalələrin sadəcə olaraq, 7,7 faizini beynəlxalq və nüfuzlu elmi nəşrlər təşkil edirdisə, 2020-ci ildə bu göstərici 16 faizini, 2021-ci ildə 19 faizini, 2022-ci ildə isə 31 faizini təşkil etmişdir.

 

Elmi fəaliyyətin mühüm göstəricilərindən biri də elmi və nüfuzlu elmi tədbirlərdə iştirak etməklə ifadə olunur. Təhlillər nəticəsində aydın olur ki, əgər 2019-cu ildə universitet əməkdaşları 50 elmi tədbirdə təmsil olunmuşdursa, bu göstərici, 2020-ci ildə 3,3 dəfədən artıq olmuş və 167 tədbir təşkil etmişdir. Müvafiq olaraq:

 

  • - 2021-ci ildə 8,2 dəfə artaraq 409 elmi tədbir;
  • - 2022-ci ildə isə 13 dəfə artaraq 642 elmi tədbir olaraq qərarlaşmışdır.

 

Eyni zamanda, əgər 2019-cu ildə iştirak olunan ümumi elmi tədbirlərin sadəcə olaraq 24 faizini beynəlxalq və nüfuzlu elmi tədbirlər təşkil edirdisə, 2020-ci ildə bu göstərici 45 faizini, 2021-ci ildə 58 faizini, 2022-ci ildə isə 52 faizini təşkil etmişdir.

 

Naxçıvan Dövlət Universitetinin qarşıdakı perspektivlərini də nəzərə alaraq, əminliklə qeyd etmək olar ki, Texnologiyalar Parkının da istifadəyə verilməsindən sonra, ali məktəbin elmi göstəriciləri daha da artacaq. Bu, hər şeydən əvvəl, istər universitetin elm və təhsil sahəsindəki proseslərinin düzgün əlaqələndirilməsinin, istər yaradıcı və araşdırmaçı vərdişlərin inkişafının, istərsə də universitet əməkdaşlarının stimullaşdırıcı fəaliyyətinin nəticəsi olaraq önəmli olacaq.

 

Elmi araşdırmalarda və tədris proseslərində texnoloji təsisatlara və innovativ idarəetməyə geniş yer verən Naxçıvan Dövlət Universitetində tədris proseslərinin davamlılığı sahəsində ardıcıl və əlaqəli işlər uğurla davam etdirilməkdədir. Tələbələrin etibarlı olaraq, ixtisaslaşmasına, onların peşəkar və təcrübəli kadr kimi formalaşmasına, bununla da, öz ixtisasları üzrə daha da təkmilləşməsinə təkan olacaq tədbirlər perspektivlidir, məntiqi ardıcıllığa söykənir və ölkəmizin elm və təhsil sahələri üzrə islahatlarına tamamilə uyğundur.

 

Bütün bunlar, 2022-2023-cü tədris ilinin ikinci yarısında tələbələrin təcrübə sessiyasının başlanması ilə bağlı həyata keçirilmiş olan tədbirlərin də davamlılığında özünü göstərməkdədir.

 

 

Cari tədris ilində, istər bakalavr, istərsə də magistratura təhsil səviyyələrində təhsil alanlar pedaqoji və istehsalat təcrübələrini uğurla davam etdirməkdədir. Həmin müddət ərzində, universitetin 1008 tələbəsi 44 müəssisə üzrə pedaqoji və istehsalat təcrübəsində olmaqdadır. Eyni zamanda, onların 790-ı, yəni ümumi təcrübədə olanların 79 faizi bakalavr, 218 -i isə yəni ümumi təcrübədə olanların 22 faizi magistratura təhsil səviyyəsinə aid olmaqla, istehsalat və pedaqoji təcrübələrini davam etdirməkdədirlər.

 

Bununla yanaşı, onu da qeyd etmək olar ki, universitet tələbələri muxtar respublikanın ümumilikdə, 17 ümumtəhsil məktəblərində və 27 dövlət orqanı üzrə istər pedaqoji, istərsə də istehsalat təcrübələrini keçməkdədirlər.

 

Bəhs olunan göstəricilər, Naxçıvan Dövlət Universitetinin çoxistiqamətli elm və tədris sahələri üzrə perspektivlərini daha da artırmış, ardıcıl təhsil islahatlarının səmərəliliyinin yüksəldilməsi müstəvisində modern təhsil imkanlarını olduqca genişləndirmişdir. Həmin potensialla universitet son üç il üzrə bir-birini əvəz edən tədris illərinə mühüm və strateji hesab olunacaq nailiyyətlərlə başlamışdır. Xüsusilə də, bunu, tədrisi ingilis dilində olan ixtisaslar üçün müvafiq olan qəbul göstəricilərinin səmərəlilik dinamikasında da görmək olar. Qeyd etmək olar ki, hazırda Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin tədrisi ingilis dilində olan “İqtisadiyyat” ixtisasının:

 

  • - birinci kursunda 1-i xarici olmaqla 16;
  • - ikinci kursunda, 15;
  • - üçüncü kursunda isə 3-ü xarici olmaqla 15 tələbə təhsil almaqdadır.

 

Artıq 2022-2023-cü tədris ilində qəbul planına əlavə olunmuş yeni ixtisaslara universitetin digər fakültələrində də qəbul keçirilmiş və burada da, ixtisaslaşma prosesləri uğurla davam etməkdədir. Təkcə bir sahənin, bir ixtisasın deyil, eyni zamanda, tədris proseslərinin beynəlxalq standartlara inteqrasiyasının da çox mühüm tərəflərinin ifadəsinə çevrilən bu tənzimləmələr ölkəmizin qarşıdakı dövrlər üzrə təhsil prioritetlərində beynəlxalq əməkdaşlıqlara da öz töhfələrini vermiş olacaq. Belə ki, ali məktəbin beynəlxalq münasibətlər və hüquq fakültəsinin bakalavr təhsil səviyyəsinin əyani şöbəsi üzrə tədrisi ingilis dilində olan “Beynəlxalq münasibətlər” ixtisasına qəbul keçirilmişdir. Artıq həmin ixtisasda 8 tələbə təhsil almaqdadır.

 

Eyni zamanda, məhz bu sahədəki proseslərin düzgün istiqamətləndirilməsinin nəticəsidir ki, Naxçıvan Dövlət Universitetinin magistratura təhsil səviyyəsində də tədrisi ingilis dilində olan ixtisaslara qəbulun keçirilməsi proseslərinə də uğurla davam olunaraq, 2021-2022-ci tədris ilində 1, 2022-2023-cü tədris ilində isə 2 magistr tədrisi ingilis dilində olan iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə qəbul olmuş və təhsilini davam etdirməkdədir.

 

Naxçıvan Dövlət Universitetinin artan dinamikada təşəkkül tapan elm və tədris prosesləri ilə yanaşı, mühüm göstəricilərindən birini də publisistik göstəricilər sahəsində reallaşdırmış olduğu tədbirlər təşkil etməkdədir. Ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əldə olunan genişmiqyaslı uğurlar, yeniliklər və təhlil nəticələri ilə bağlı olan məqalələrin çap olunmasında və yayımlanmasında kütləvi informasiya vasitələrindəki çıxışlar da böyük əhəmiyyətə malikdir. Bu sahədə, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatələnən universitet əməkdaşlarının fəaliyyəti keçdiyimiz illər üzrə yüksək nəticələrlə ifadə olunmaqdadır. Bunu, xüsusilə, son üç ildə daha səmərəli əməkdaşlıqlar müstəvisində görmək olar.

 

 

2020-2022-ci illər ərzində televiziyada olan çıxışlar üzrə göstəricilər 3 dəfə artmışdır. Bu dinamika, qəzet məqalələri üzrə 2,3 dəfədən artıq, onlayn media üzrə isə 4 dəfə təşkil etmişdir.

 

 

Naxçıvan Dövlət Universiteti istər elm, istərsə də tədris sahəsində islahat və yeniliklərini inamla davam etdirir. Bütün tədris illərinin yekunları üzrə etibarlılıq, alternativlilik və perspektivlilik əsas tutulmaqla, müəyyən olunan hədəflərini daha da əlçatan edən ali məktəbimiz, 2022-2023-cü tədris ilində də yoluna əhatəli uğurlarla davam etməkdədir. Belə ki, Beynəlxalq Unirank reytinq agentliyi tərəfindən 2023-cü il üzrə Azərbaycan universitetlərinin reytinq sıralaması dərc olunmuşdur. Həmin ardıcıllıqda Naxçıvan Dövlət Universiteti VI yerdə qərarlaşmışdır.

 

Reytinq cədvəlinin ölçü meyarlarına diqqət etdikdə, aydın olur ki, burada:

 

  • - Elm və Təhsil Nazirliyi tərəfindən nizamnamə, lisenziya və ya akkreditasiyaya malik olmaq;
  • - Ən azı 4 illik bakalavr və ya aspirantura dərəcələrinin (magistr və ya doktorluq dərəcələri) təklif olunması;
  • - Tədrisin əsasən ənənəvi, üz-üzə, distant olmayan təhsil formatında aparılması kimi meyarlar əsas götürülmüşdür.

 

Ali məktəbin yeni inkişaf mərhələsində Texnopark quruculuğuna, STEAM təhsilinə, ikili diplom layihələrinə və bunlar kimi digər perspektivlərinə diqqət etdikdə, qarşıdakı dövrlərdə daha mühüm mövqelərdə təmsil olunacağını deməyə əsaslarımız olur.

 

Beləliklə, universitetimiz tədris ili üzrə tədbirlərini müvafiq əmrlərə, hüquqi tənzimləmə vasitələrinə və digər qanunvericilik aktlarına müvafiq qaydada olmaqla, mərhələ-mərhələ davam etdirməkdədir. Məhz bu isə, ölkəmizin daha işıqlı gələcəyi və ali məktəbimizin növbəti tədris illəri üçün etibarlı baza olacaqdır.

 

Cavadxan QASIMOV,

Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru

 



14.04.2023 | 12:22