“Biz coğrafiyanı sevirik” | |
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda elmi işçilərlə Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdlərinin görüşü keçirilib.
Məktəblilər institutun kitabxanasında, eləcə də Xəritəçilik və coğrafi informasiya şöbəsində olub, GİS üzrə mütəxəssis Nazim Gəraylının şöbənin gördüyü işlər, müasir texnologiyalar vasitəsilə rəqəmsal xəritə və atlasların tərtibi, çap prosesi haqqında məlumatını dinləyiblər.
Sonra institutun akt zalında “Biz coğrafiyanı sevirik” mövzusunda seminar- məşğələ keçirilib. İnstitut Həmkarlar Təşkilatının sədri dosent Habil Haqverdiyev coğrafiyanın əhəmiyyəti, bu elmin inkişafında böyük rol oynamış alimlər və müxtəlif vaxtlarda instituta rəhbərlik etmiş coğrafiyaçıların fəaliyyəti haqqında danışıb.
Məktəblilər mövzu ilə bağlı hazırladıqları kompozisiyanı nümayiş etdiriblər.
İnstitutun icraçı direktoru dosent Zaur İmrani coğrafiyanın müasir problemləri haqqında məktəblilərə qısa məlumat verib, “Azərbaycanın qorunan əraziləri - Milli parklar” mövzusunda təqdimatla çıxış edib.
Seminar-məşğələdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, Ana Vətən Partiyası (AVP) rayon təşkilatının sədri Elçin Quliyev, AVP Abşeron rayon təşkilatı Məclisinin sədri Arzu Fərəcova, məktəbin direktor müavini Sevinc Namazova, sinif rəhbəri Günel Abbasova və məktəbin coğrafiya müəllimi Əminə Tağıyeva çıxış edərək Coğrafiya İnstitutunun rəhbərliyinə, eləcə də əməkdaşı Aida Aslanovaya tədbirin təşkilində yaxından iştirakına və balaca coğrafiyaçılara göstərdikləri qayğıya görə minnətdarlıqlarını bildiriblər.
|
|
12.04.2023 | 13:04 | |
|
|
|