Məktəblilərin xeyriyyə tamaşası | |
Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdlərinin hazırladığı “Nağıllar aləminə səyahət” adlı xeyriyyə tamaşası nümayiş olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdirilən tamaşa Azərbaycan xalq nağılları və dünya ədəbiyyatı nümunələri əsasında səhnələşdirilib.
Xeyriyyə tamaşasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, millət vəkilləri, paytaxtın Rayon İcra Hakimiyyəti başçısı müavinləri, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, şəhid ailələrinin üzvləri və digər qonaqlar izləyiblər.
Humanizm və ümumbəşəri dəyərlərin təbliğ olunduğu tamaşanın əsas məqsədi nağıl qəhrəmanlarının dili ilə dünya uşaqlarının sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyini, dostluğa və sülhə çağırış mesajlarını çatdırmaqdan ibarətdir.
Xeyriyyə tamaşasının nümayişindən əvvəl sözügedən təhsil müəssisəsinin ansamblı üzvlərinin canlı ifaları dinlənilib, məktəb-liseydə təhsil alan 1 nömrəli uşaq evinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
Qeyd edək ki, inklüziv sinif şagirdlərinin də iştirak etdiyi tamaşadan əldə olunan vəsait “YAŞAT” Fonduna köçürülüb.
|
|
12.04.2023 | 10:31 | |
|
|
|