Xalqın etimadını qazanan GÜCLÜ LİDER

Məlum olduğu kimi, 2018-ci ilin 11 aprelində Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Bu, Prezident postuna keçirilən sayca 8-ci seçki idi.Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə reallaşan, 8 namizədin qatıldığı seçki marafonunda səsvermə hüququna malikvətəndaşların 74.3 % iştirak etdi. Şəffaf, azad, demokratik şəraitdə baş tutan seçkidə İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02%) növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. 

 

Sözsüz ki, bu seçkiləri şərtləndirən ciddi amillər var idi. Birincisi, Dağlıq Qarabağ münaqişəsi hələ həll edilməmişdi. Beynəlxalq qətnamələr kobudcasına pozulur, beynəlxalq aləmdən irad və tənqidlər eşidilmir, düşmən yeni ərazi iddialarına həvəslənir, 20 faiz ərazilərimizin geri qaytarılmasına müxtəlif əngəllər yaradılırdı. 

 

İkincisi, ölkə daxilində islahatlar başlamışdı, çevik idarəetmənin qurulması üçün,xalqın hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi.

 

Üçüncüsü, həmin vaxt mürəkkəb beynəlxalq şərait yaranmışdı, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi hökm sürürdü, bu baxımdan çevik addımların atılması labüd idi.

 

Azərbaycan xalqı belə bir şəraitdə ölkəmizin daha da güclənməsi, Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsi, Azərbaycan vətəndaşlarının daha da yaxşı yaşaması üçün İlham Əliyevə yenidən səs verdi.

 

Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşdü. Bu, xalqın iradəsini əks etdirən ədalətli bir seçki idi.

 

Seçkilərdən sonra ölkənin beynəlxalq nüfuzunun artmasına, tərəfdaş dövlətlərin sayının çoxalmasına yönəlmiş xarici siyasət kursu davam etdirildi.

 

Ümumiyyətlə, ilk dəfə Prezident seçildiyi 2003-cü və bəhs etdiyimiz 2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi, bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratdı. Azərbaycan iri nəqliyyat dəhlizlərinin reallaşmasına öz töhfəsini verdi, Avropanın enerji təhlükəsizliyində rolunu artırdı.   

 

Daxili siyasətə gəldikdə, 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil oldu.

 

Nəticələrə diqqət edək:

 

- büdcə gəlirləri 13,5 dəfə artdı;

- ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artdı;

- xarici ticarət dövriyyəsi 4,6 dəfə artdı;

- ixracın həcmi 6 dəfə artdı;

- regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər oldu;

- əhalinin nominal gəlirləri 8.6 dəfə artdı;

- minimum əməkhaqqı 12.9 dəfə artdı;

- xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə artdı;

- əhalinin banklardakı əmanəti 30 dəfə artdı;

- 1 958 400 yeni iş yeri açıldı;

- 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verildi;

- işsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə endi;

- 245 min nəfər məcburi köçkün mənzillə təmin olundu;

- sosial infrastruktur inkişaf etdi, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edildi;

- bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradıldı;

- 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verildi. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradıldı və qeyri-neft sektorunun inkişafı təmin edildi;

- Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi;

- ölkədə böyük infrastruktur layihələri reallaşdırıldı;

- ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşdı. Ümumi generasiya gücü 3900 meqavata bərabər olan 30-dan çox elektrik stansiyası tikildi.

 

Qlobal rəqabətlilik indeksinə baxaq:

 

- Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik -Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb.

- Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb.

- Ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub.

- Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib.

- İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb.

- Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etdi və ölkəmizdünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu.

 

Ən mühümü Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirdi. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar oldu.

 

2003-2018-ci illərdən danışarkən, ordu quruculuğu prosesindəki müsbət nəticələri xüsusilə qeyd etməliyik. Çünki təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil oldu. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını aydın göstərdi.

 

2003-2018-ci illərdə başqa hansı sahələrdə inkişaf tendensiyası müşahidə edildi? Təbii ki, yol və nəqliyyat infrastrukturunun sürətlə inkişaf etməsini vurğulamalıyıq. Həmin illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkildi. Yeddi aeroport tikildi, onlardan altısı beynəlxalq statusa malik oldu. Xəzər dənizində ən böyük yeni ticarət limanının inşası başlandı. Dəmir yolu infrastrukturu yeniləndi.

 

Digər vacib məsələ. Əhalinin içməli su təchizatı yaxşılaşdı. Əgər 2004-cü ildə Bakı sakinlərinin 29 faizi içməli su ilə təmin olunurdusa, 2018-ci ildə bu rəqəm 81 faizə çatdı. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, 2018-ci il üçün bu rəqəm 67 faiz oldu.

 

Bundan başqa, kənd təsərrüfatının inkişafına xidmət edən böyük meliorasiya layihələri icra olundu. Dörd böyük su anbarı tikildi.

 

2011-2021-ci illərdə ölkənin qeyri-neft/qaz iqtisadiyyatına bütövlükdə 11,1 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Xarici investisiyalar yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin inkişafına və müasir infrastrukturun yaradılmasına yönəldilib. Xarici investorların fəal cəlbini əlverişli biznes mühiti və makroiqtisadi sabitlik şərtləndirib.

 

Qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişikliklər dövlət büdcəsinin gəlirlərinə təsir etsə də, 2011-2021-ci illərdə dövlət büdcəsinin xərcləri nominal ifadədə 1,8 dəfə artıb.

 

Sevindirici haldır ki, iqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırıb. Bu dövrdə ölkədə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2,0 dəfə, pensiyaların minimum məbləği isə 2,3 dəfə artıb. Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə istifadə olunan ehtiyac meyarının məbləği son 10 ildə 2,3 dəfə artırılaraq 2011-ci ildəki 75 manatdan 2021-ci ildə 170 manata çatdırılıb.

 

Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilib. Bu dövrdə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı 22,9% artıb, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6,0% təşkil edib.

 

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. Müəllimlər arasında aparılan müsabiqələr və müəllimlərin peşəkarlığının təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər, habelə müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində təhsil keyfiyyətinə müsbət təsir göstərib.

Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb. 2003-2021-ci illərdə 3400-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. Bu, bütün məktəblərin 76%-ni təşkil edir.

 

Təbii ki, bütün bunlar böyük və uzunmüddətli fəaliyyətin qısa hesabatıdır. Bir cümlə ilə ifadə etsək, 2018-ci ildən bəri əldə olunan nailiyyətlər fundamental nailiyyətlərdir. Bu fəaliyyətin ən uğurlu zirvəsi isə 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın təntənəli qələbəsi ilə başa çatmasıdır. Qarabağ düşməndən geri alındı, ölkəmiz qalib ölkə, güclü dövlət imicini möhkəmləndirdi. 

 

“Azərbaycan müəllimi”

 



11.04.2023 | 12:00